İtaliya hökuməti məktəblərdə xarici şagirdlərin sayını məhdudlaşdıran və üz örtüklərindən istifadəyə qadağa qoyan yeni qaydaları təsdiqləyib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Corca Meloninin rəhbərlik etdiyi hökumətin qərarına əsasən, ibtidai məktəblərin birinci siniflərində İtaliya vətəndaşı olmayan, ölkədə doğulmayan və ya ən azı iki il məktəbəqədər təhsil almayan şagirdlərin sayı sinifdəki ümumi şagird sayının 30 faizindən çox ola bilməz.
Orta məktəb və liseylərin birinci siniflərində də 30 faizlik limit tətbiq olunacaq. Bu məhdudiyyət İtaliyanın təhsil sistemində ən azı üç tədris ilini başa vurmayan xarici şagirdlərə şamil ediləcək.
Yeni qaydalarla xüsusi tibbi və ya təhlükəsizlik səbəbi olmadıqda burqa, niqab və üzü tam örtən digər vasitələrdən istifadə də qadağan edilir. Qaydanı pozan şəxslər 1000 avroya qədər cərimələnə bilər.
Təhsil naziri Cüzeppe Valditara bildirib ki, tədbirlər xarici şagirdlərin italyan dilini öyrənməsini və cəmiyyətə inteqrasiyasını gücləndirmək məqsədi daşıyır. O, italyan dilini öyrənməyən valideynlər üçün də 200-1000 avro arasında cərimə tətbiq edilə biləcəyini açıqlayıb.
Baş nazir Meloni isə yeni qaydaların ayrı-seçkiliyə deyil, inteqrasiyaya xidmət etdiyini və bütün şagirdlər üçün bərabər imkan yaratmağa yönəldiyini bildirib.
Müxalifət partiyaları isə qərarı tənqid edib. Demokrat Partiyasının lideri Elli Şleyn hökuməti məktəblərin əsas problemlərini həll etmək əvəzinə ideoloji məsələlərə fokuslanmaqda ittiham edib.
Qeyd edək ki, yeni qaydaların qüvvəyə minməsi üçün İtaliya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməsi tələb olunur.