Ayın yaranması ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin hazırladığı kompüter simulyasiyalarına əsasən, Yerin təbii peyki milyonlarla il ərzində deyil, cəmi bir neçə saat ərzində formalaşmış ola bilər.
Elm dünyasında Ayın təxminən 4,5 milyard il əvvəl Yer ilə Mars böyüklüyündə Theia adlı protoplanetin toqquşması nəticəsində yarandığı hesab edilir. Əvvəlki modellərə görə, toqquşmadan sonra kosmosa yayılan maddələr uzun müddət ərzində birləşərək Ayı əmələ gətirib.
Southwest Tədqiqat İnstitutunun alimlərinin hazırladığı yüksək dəqiqlikli simulyasiyalarda isə toqquşan göy cisimlərinin daxili temperaturu və materiallarının möhkəmliyi də nəzərə alınıb.
Nəticələr göstərib ki, Theia toqquşma zamanı hələ çox isti olubsa, onun Yerə çırpılması nəticəsində yaranan qalıqlar sürətlə birləşərək Ayı formalaşdıra bilər. Bu ssenariyə əsasən, proses təxminən 5 saat ərzində başa çatıb.
Alimlər hesab edirlər ki, yeni nəticələr Ayın fiziki və kimyəvi quruluşunu, eləcə də onun Yer mantiyası ilə oxşar və fərqli xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edə bilər.