ABŞ-də aparılan yeni araşdırma 12 yaşdan kiçik uşaqlara arıqlama məqsədilə istifadə olunan GLP-1 qrupuna aid dərmanların təyin olunma hallarının son illərdə kəskin artdığını ortaya qoyub.
AzEdu.az xəbər verir ki, “Pediatrics” jurnalında dərc olunan araşdırma çərçivəsində piylənmə diaqnozu qoyulmuş, lakin şəkərli diabet xəstəsi olmayan 8-11 yaşlı 3,5 milyondan çox uşağın məlumatları təhlil edilib.
Araşdırmanın nəticələrinə görə, GLP-1 qrupuna aid dərmanların reseptlə təyin olunma göstəricisi 2019-cu ildə 0,03 faiz olduğu halda, bu ilin iyun ayına qədər 9,3 faizə yüksəlib.
Məlumata əsasən, araşdırma dövründə 20 min 282 uşağa həmin dərmanlar təyin edilib. Bu uşaqların 94 faizində ağır piylənmə, təxminən 65 faizində isə yüksək xolesterin, yüksək qan təzyiqi və ya yuxu apnesi kimi əlavə sağlamlıq problemləri qeydə alınıb.
Araşdırmanın rəhbəri, NYU Langone Health-in mütəxəssisi Babak Orandi bildirib ki, bu dərmanlardan istifadə edən uşaqların ümumi sayı hələ də aşağı olsa da, istifadə sürətlə artır. O, dərmanların uzunmüddətli təhlükəsizliyi və effektivliyinin diqqətlə izlənilməsinin vacib olduğunu vurğulayıb.
Araşdırmada həmçinin yüksək gəlirli bölgələrdə yaşayan uşaqların bu dərmanları alma ehtimalının digər uşaqlara nisbətən 55 faiz daha yüksək olduğu qeyd olunub. Mütəxəssislər bunu müalicəyə çıxış imkanlarında bərabərsizliyin göstəricisi kimi qiymətləndirirlər.