"Bizim təhsil sistemimizdə hələ də ali təhsil almaq arzusu digər bütün məqsəd və vəzifələri üstələyir".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.
Nazir bu ildən tam orta təhsil səviyyəsində təmayül modelinin tətbiqinin genişləndiriləcəyini qeyd edib.
E.Əmrullayev bildirib ki, təmayül modelinin nəticələrini qiymətləndirmək üçün müəyyən zaman tələb olunur. Onun sözlərinə görə, bu model əsasən cəmiyyətin ali təhsilə yönəlmiş tələbi və sosial sifarişlə əlaqədardır.
Nazir vurğulayıb ki, hazırda təhsil sistemində ali məktəbə qəbul olmaq istəyi digər təhsil məqsədlərini müəyyən qədər üstələyir.
“Bizim təhsil sistemimizdə hələ də ali təhsil almaq arzusu digər bütün məqsəd və vəzifələri üstələyir. Halbuki təhsilin bundan başqa da vəzifələri var”, - deyə E.Əmrullayev bildirib.
Onun sözlərinə görə, ali təhsilə qəbul üçün mövcud rəqabət də şagirdlər və valideynlər üzərində ciddi təzyiq yaradır. Nazir qeyd edib ki, hazırda 60 minə yaxın qəbul yeri olduğu halda, 90 min nəfər ali təhsil uğrunda mübarizə aparır.
E.Əmrullayev bildirib ki, təmayül modelinin əsas məqsədlərindən biri ali təhsil almaq istəyən şagirdlər üçün daha bərabər imkanlar yaratmaqdır. O qeyd edib ki, repetitor yanına getmək imkanı olmayan şagirdlərin məktəblərdə daha keyfiyyətli hazırlıq əldə etməsi nəzərdə tutulur.
Nazir əlavə edib ki, problemin əsas səbəbi imtahanların çətinliyi deyil, cəmiyyətdə ali təhsilə olan yüksək tələbatdır:
“90 min adam yalnız 60 min yeri istəyirsə, həmişə 30 min adam istəyinə çatmayacaq. Bu, sadə riyaziyyatdır”.
E.Əmrullayev bildirib ki, təmayül və tam orta məktəb modeli vasitəsilə ali təhsil almaq istəyən şagirdlərə dövlət hesabına daha keyfiyyətli hazırlıq mühiti yaradılması hədəflənir.