Azedu.az

Tələbə dərsə hər gün getməməlidir - Universitetləri tam dəyişdirəcək təklif

Elm və təhsil

28 Sentyabr 2026, 09:15
Tələbə dərsə hər gün getməməlidir - Universitetləri tam dəyişdirəcək təklif

Son günlərdə ali təhsil müəssisələrində dərslərin 3 günlük distant formaya keçirilməsi yollardakı tıxac və sıxlığı əhəmiyyətli dərəcədə azaltdı. Hər il Bakıya yeni tələbə axını ilə şəhərdəki nəqliyyat problemi daha da qəlizləşir. Bu mənzərəni görən bir çox tələbə də təhsilin ümumiyyətlə distant olmasını təklif edir.

Əlbəttə, I və II kurslar üçün bunu tətbiq etmək o qədər də real görünmür  çünki onların universitet mühitinə uyğunlaşması və əyani təhsil alması vacibdir. Lakin eyni modeli III və IV kurs tələbələrinə tətbiq etmək olarmı?

Son kurs tələbələri ixtisasları ilə bağlı  baza biliklərini mənimsədikləri üçün  distant təhsildən yararlanmaqda o qədər də çətinlik çəkməyəcəklər. Belə olduğu halda bu tədris formasının tətbiqi  həm onların işini asanlaşdırar, həm də şəhərdəki sıxlığı azaldar.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, İlqar Orucov qeyd edib ki, universitet mühitinə uyğunlaşma mərhələsində olan I və II kurslardan fərqli olaraq, artıq ixtisas bazasını mənimsəmiş yuxarı kurs tələbələri üçün bu keçid həm onların əmək bazarına inteqrasiyasını asanlaşdıra, həm də paytaxt yollarındakı gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər:

İlqar Orucov: Yaxşı müəllim olmaq istəyən üçün şəhər və ya kəndin fərqi yoxdur

"Bakı şəhərinin nəqliyyat ekosisteminin sağlamlaşdırılması ilə ali təhsilin akademik standartlarının qorunması arasında balansın tapılması rəsmi qurumların, universitetlərin və şəhərsalma mütəxəssislərinin koordinasiyalı fəaliyyətini mütləq edir.

Son günlərdə paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə dərslərin müvəqqəti olaraq distant formaya keçirilməsi və yollarda qeydə alınan müsbət dəyişikliklər göstərir ki, təhsil sektoru şəhər mobilliyinin idarə olunmasında strateji rola malikdir. Xüsusilə hər il Bakıya yeni tələbə axını ilə böyüyən nəqliyyat probleminin həlli üçün III və IV kurs tələbələrinin təhsil qrafikinə yenidən baxılması zəruridir.

Universitet mühitinə uyğunlaşma mərhələsində olan I və II kurslardan fərqli olaraq, artıq ixtisas bazasını mənimsəmiş yuxarı kurs tələbələri üçün bu keçid həm onların əmək bazarına inteqrasiyasını asanlaşdıra, həm də paytaxt yollarındakı gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər.

Bununla belə, hibrid təhsil formatının universitet təhsilində keyfiyyətsizliyə gətirib çıxaracağı təqdirdə bu addımın atılması əlbəttə ki, yolverilməzdir. Təhsilin keyfiyyətinin hər hansı bir inzibati və ya infrastruktur dəyişikliyinə qurban verilməməsi üçün alternativlər seçilərkən dünya ölkələrinin və universitetlərinin təcrübəsi mütləq öyrənilməli, Bakı mühitinə tam uyğun model hazırlanmalıdır.

Paris, London, Nyu-York və İstanbul kimi böyük meqapolislərin təcrübəsi göstərir ki, bu kimi şəhərlərdə nəqliyyat yükünü tənzimləmək və tələbə mobilliyini idarə etmək üçün təhsil tam distant formaya keçirilmir, əvəzində daha çevik sistemlər tətbiq olunur. Bu metodlar arasında dərslərin başlama saatlarının fərqləndirilməsi və nəzəri mühazirələrin onlayn platformalara keçirilməsini nəzərdə tutan modellər geniş yer tutur. Məsələn, ABŞ və Böyük Britaniya ali təhsil müəssisələrinə nəzər saldıqda yuxarı kurslar üçün "çevrilmiş sinif" sisteminin geniş yayıldığını görürük".

Həm ənənəvi əyani variantın, həm də təklif olunan hibrid modelin özünəməxsus fundamental üstünlükləri və riskləri mövcuddu:

"Tələbələr nəzəriyyəni müstəqil şəkildə rəqəmsal resurslardan öyrənir, ali məktəbə isə yalnız həftədə bir və ya iki dəfə praktiki seminarlar, laboratoriyalar və qrup layihələri üçün gəlirlər. Həmçinin dərslər semestr boyu hər günə yayılmaq əvəzinə, intensivləşdirilmiş bloklar şəklində keçirilir. Belə olduqda, tələbə universitetə hər gün 2 saatlıq dərs üçün deyil, konkret günlər gələrək 6-8 saatlıq praktiki modulu tamamlayır və bununla da həftəlik gediş-gəliş sayını 5 gündən 2 günə endirir.

Məsələyə obyektiv yanaşdıqda, həm ənənəvi əyani variantın, həm də təklif olunan hibrid modelin özünəməxsus fundamental üstünlükləri və riskləri mövcuddur. Ənənəvi variant akademik keyfiyyəti, tələbə nizam-intizamını, sosiallaşmanı və canlı şəbəkələşməni maksimum səviyyədə qorusa da, tələbələrin zaman və maliyyə itkisinə, həmçinin şəhər infrastrukturunun həddindən artıq yüklənməsinə səbəb olur.

Digər tərəfdən, hibrid model tələbənin nəqliyyat xərclərini minimuma endirir və karyera imkanlarını kəskin şəkildə artırır, lakin zəif infrastruktur şəraitində sosial izolyasiya və təhsil keyfiyyətinin aşağı düşməsi riskini yaradır. Keyfiyyətsizliyin qarşısını almaq üçün bütün ixtisaslara dair vahid bir distant şablon tətbiq edilə bilməz. Fikrimcə, bu yanaşma tibb, mühəndislik və memarlıq kimi laboratoriya asılılığı yüksək olan sahələrə deyil, əsas iş aləti kompüter və mətn olan humanitar, iqtisadi və İT ixtisaslarına şamil edilməlidir".

Prosesin yekun uğuru isə birbaşa universitetlərin texnoloji infrastrukturundan və müəllim heyətinin rəqəmsal pedaqogika sahəsindəki hazırlığından asılıdır:

"Yaranmış vəziyyətdə ən doğru və rasional qərar ənənəvi variantı tamamilə saxlamaq və ya tam distant formaya keçmək deyil, hər iki modelin müsbət tərəflərini birləşdirən qızıl orta, yəni balanslaşdırılmış hibrid sistemidir. Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ali təhsil müəssisələri birgə koordinasiyalı fəaliyyət göstərərək yuxarı kurs tələbələrini universitet mühitindən tam uzaqlaşdırmayacaq bir mexanizm qurmalıdırlar.

Hesab edirəm ki, həftənin 2 və ya 3 günü kampus daxilində intensiv, tətbiqi, interaktiv seminarların keçirilməsi, qalan günlərdə isə nəzəri mühazirələrin təkmilləşdirilmiş rəqəmsal platformalar vasitəsilə ötürülməsi prosesdə ən optimal həlldir. Belə bir koordinasiyalı yanaşma həm ali təhsilin akademik keyfiyyətini və rəqabətədavamlılığını yüksək seviyyədə saxlayar, həm də paytaxtın nəqliyyat sıxlığında tələbələrin payını minimuma endirə bilər. Bu, təhsildə keyfiyyəti aşağı salmaq deyil, əksinə, tələbəni XXI əsrin rəqəmsal iş mühitmə hazırlayan akademik transformasiyadır".

Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox