Ümumtəhsil məktəblərində siniflərdə şagird sayının normadan artıq olması tez-tez müzakirəyə çıxarılır.
Xüsusilə böyük şəhərlərdə müşahidə olunan sıxlıq tədrisin keyfiyyətinə təsir göstərir və bu istiqamətdə yeni yanaşmaların tətbiqini zəruri edir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ümumtəhsil məktəblərində aktual problemlərdən biri də siniflərdə şagird sayının normadan artıq olmasıdır:
“Bu məsələ ilə bağlı həm valideynlər, həm şagirdlər, həm də müəllimlər ciddi narazılıqlarını ifadə edirlər. Xüsusilə sıx əhalinin yaşadığı Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə bu problem daha qabarıq şəkildə özünü göstərir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, orta ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sayı 20-30 nəfər arasında olmalıdır.
Yalnız bəzi fors-major hallarda bu həddin artırılmasına icazə verilir. Beynəlxalq təcrübəyə nəzər saldıqda isə standart sinif ölçüsünün adətən 22-28 şagird arasında dəyişdiyi, 16-20 nəfərlik siniflərin isə daha optimal və ideal hesab edildiyi görünür. 28-dən, xüsusilə 30-dan artıq şagird sayı isə artıq sıx və arzuolunmaz hesab edilir.
Mövcud vəziyyəti nəzərə alaraq, Bakı, Sumqayıt və Gəncə şəhərlərində şagird sıxlığının yüksək olduğu siniflərdə əlavə tədbirlərin görülməsi zərurəti yaranır. Təklif olunur ki, şagird sayı 30-dan çox olan siniflərdə müəllimlə yanaşı, müəllim köməkçiləri də fəaliyyət göstərsin”.
R. Nurəliyev qeyd edib ki, müəllim köməkçiləri dərs zamanı tapşırıqların yoxlanılması, mövzuların möhkəmləndirilməsi, test və açıq sualların izahı kimi proseslərdə müəllimə dəstək ola bilərlər:
“Bu yanaşma müəllimin iş yükünü azaltmaqla yanaşı, dərsin keyfiyyətinə də müsbət təsir göstərə bilər. Eyni zamanda, şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə və ümumi tədris mühitinin yaxşılaşmasına şərait yaradar.
Hazırda bəzi siniflərdə şagird sayı 36-38 nəfərə çatır ki, bu da müəllimlər üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən müəllim köməkçilərinin cəlb edilməsi məqsədilə pedaqoji ixtisas üzrə bakalavr təhsilini başa vurmuş və hazırda magistratura pilləsində təhsil alan tələbələrin müddətli müqavilə əsasında məktəblərdə fəaliyyətə cəlb olunması məqsədəuyğun hesab edilir.
Bu addımın atılması həm müəllimlərin işini yüngülləşdirə, həm şagirdlərin təhsil keyfiyyətini artıra, həm də valideynlərin məmnunluğunu təmin edə bilər”, - deyə ekspert əlavə edib.