Məktəbəqədər təhsil uşaqların erkən yaşlarından sosiallaşması, ünsiyyət bacarıqlarının formalaşması və məktəbə hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu gün heç də bütün uşaqlar məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmur.
Bağçaların əlçatanlığının artırılması və daha çox uşağın bu imkanlardan yararlanması üçün hansı əlavə həll yollarından istifadə etmək olar?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri qeyd edib ki, dünya təcrübəsində bağça yaşlı 5-6 uşağın yaşadığı ən ucqar kəndlərdə belə səyyar bağçaların yaradılması nümunəsi var bu örnəyin bizdə də tətbiqi arzuolunandır:

"Bağçalarla bağlı ən çox səsləndirilən problemlərdən biri də onların say azlığı və azyaşlı kontingentin tələbatını ödəməməsidir. Həmçinin, məhz say azlığı səbəbindən bir neçə törəmə problem də yaranır: uşaq sıxlığı, elektron yerləşdirmə zamanı ciddi narazılıq və s.
Bağça sayının azlığı bir çox problemlərə yol açdığı üçün alternativ variantlardan yararlanmalı - icma əsaslı bağçalar, o cümlədən Türkiyə, Qazaxıstan kimi ölkələrdə təcrübədən uğurla keçmiş səyyar bağçalar fəaliyyətə başlamalıdır. Qeyd edək ki, səyyar bağçalar ən ucqar ərazilər üçün nəzərdə tutulur. Bağça yaşlı 5-6 uşağın olduğu kəndlərdə belə bu tipli müəssisələrin qurulması arzuolunandır".
Özəl bağçaların fəaliyyətinin stimullaşdırılması və təhsil haqlarının tənzimlənməsi həm sahibkarlar, həm də valideynlər üçün mühüm dəstək ola bilər:
"Bağça sayının çoxaldılması məqsədilə özəl məktəbəqədər tədris müəssisələrinin fəaliyyəti istiqamətində stimullaşdırıcı addımların atılması çox vacibdir. Vergi və digər məsələlərdə ediləcək güzəştlər bu işə başlamaq istəyən sahibkarlar üçün stimul olacaq və nəhayətdə bağça problemi yaşayan valideynlər üçün də ikiqat dəstək rolunu oynayacaq. Belə ki, onlar stimullaşdırıcı addımlar səbəbindən özəl bağçaların əvvəlki kimi yüksək ödəniş tələbindən də xilas olacaqlar.
Özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi məqsədilə ciddi addımların atılması həddindən artıq mütərrəqqi addımdır. Məhz bu addımın sayəsində bir çox özəl məktəbəqədər müəssisələr az qala, iflas olmaqdan qurtuldular. Qrant layihəsinə ildən-ilə cəlb olunan özəl bağçaların sayının artması da çox sevindiricidir. Həqiqətən də özəl bağçalarla bağlı qrant layihəsi bu seqmentin ayaqda saxlanılmasına və valideynə dəstəkdə örnək nümunədir və həddindən artıq uğurlu layihə hesab edilməlidir.
Həmçinin, dünyada tətbiq olunan daha bir nümunə - xüsusi bağça tipi də hər hansı şəxsin öz istəyi ilə yaşadığı evdə kiçik bağça açması, orada 10-15 civarında uşağın tədrisi ilə məşğul ola bilməsidir. Ölkəmizdə də bu bağça tiplərinin fəaliyyəti üçün stimullaşdırıcı addımların atılması çox məqsədəuyğundur. Kiçik sahibkarlıqla məşğul olmaq istəyənlər də bunu məmnuniyyətlə qəbul edə biləcəklər".