Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, sentyabrın 7-dən 12-dək keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunan tədbirdə ali təhsil müəssisələrinin rektorları, təhsil sahəsində digər rəhbər şəxslər və tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər. Çıxışlarda “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, tələbələrin inkişafı və asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən layihələr, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə məlumat verilib. Gələcəkdə tələbə düşərgələrinin ixtisasyönümlü təşkil olunacağı və daha innovativ layihələrin həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev düşərgədə iştirak edən BMU tələbələri ilə görüşüb. Görüş zamanı tələbələrin düşərgə ilə bağlı təəssüratları ilə maraqlanan rektor onlara uğurlar arzulayıb. Yaqub Piriyev bu cür layihələrdə fəal iştirakın tələbələrin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sonra tədbir iştirakçıları “Təhsil” İstirahət Mərkəzində tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar, futbol, voleybol və şahmat turnirləri, foto və film müsabiqələri, eləcə də müxtəlif mədəni və sosial proqramların keçirilməsi nəzərdə tutulub.