"PISA heç bir mənada reytinq və yarış kimi başa düşülməməlidir. Yəni burada məqsəd neçənci yerdə olmağımız deyil".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.
"Amma bizim bir göstəricimiz var ki, bu, sonda müəllimlərimizin, məktəblərimizin və təhsil siyasətində atılan addımların nəticələrini ölçür. Bu birmənalıdır.
Bunu necə edirik? Məsələn, bir slaydı paylaşmaq istərdim. PISA 2025 hələ məktəbəqədər təhsildəki islahatın nəticələrini ölçə bilmir. Niyə? Çünki məktəbəqədər təhsildəki islahat təxminən 2016-cı ildə - 4-5 yaşı olan uşaqlarla başlayıb. Bu PISA dövriyyəsindəki 15 yaşlı qrup, yəni bu nəsil məktəbəqədər təhsilə getdiyi dövrdə Azərbaycanda məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi 14-15% olub. Yəni biz hazırda 14-15%-lik məktəbəqədər təhsilin nəticəsini görürük. Növbəti illərdə bu göstərici qalxaraq 70%-ə çatıb. İndi uşaqların heç olmasa 70-80-90%-i bizdə bir il məktəbəqədər təhsilə gedir.
Məktəbəqədər təhsilə gedən uşaqlar, yəni 5 yaşından heç olmasa bir il gedən uşaq 443 bal toplayır. İki il gedən uşaq 470 bal toplayır. Heç getməyən uşaqların nəticəsi isə 405 baldır. Buradakı əksəriyyət də demək olar ki, vaxtilə bir il də olsa getməyən uşaqlardır. Ona görə də bizim növbəti PISA-da gözləntilərimiz, həqiqətən də, sırf bal yox, məhz irəli getmək ola bilər.
Həqiqətən də, burada neçənci olmağımızdan daha çox özümüzün bal olaraq irəli getməyimiz mənə görə daha vacibdir. Eyni zamanda təhsil sistemimizin cilalanması və düzgün təhsil siyasəti ilə bağlı - istər müəllimlərimizlə, istər məzmunla, istərsə də qiymətləndirmə və ümumi idarəetmə məsələləri ilə bağlı düzgün addımların atılmasıdır".