Peşə təhsilində nəzəri biliklərlə yanaşı, real istehsalat təcrübəsinin əhəmiyyəti getdikcə artır. Xüsusilə sənaye sahəsi üzrə kadr hazırlığında müəllimin həm pedaqoji, həm də praktiki təcrübəyə malik olması tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına imkan verir.
Bu baxımdan AzEdu.az Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən metodist-təlimçi, ixtisas fənn müəllimi, WorldSkills beynəlxalq yarışlarında qaynaq eksperti kimi Azərbaycanı təmsil edən Ramil Abdullayevlə peşə təhsilinin imkanları, real istehsalat təcrübəsinin rolu, beynəlxalq yarışlar və gənclərin sənaye sahəsinə marağı barədə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Ramil müəllim, artıq 20 ildən artıq əmək təcrübəniz var. Sənayedə qazandığınız hansı təcrübə sizi müəllim kimi formalaşdırdı və bu gün dərslərinizdə ən çox istifadə etdiyiniz istehsalat vərdişi hansıdır?
- İstehsalat sahəsində qazandığım təcrübəni bu gün peşə təhsilində tətbiq edirəm. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərslər Koreya kurikulumu əsasında keçirilir. Burada tədrisin 30 faizi nəzəri, 70 faizi isə praktiki məşğələlərə ayrılır. Buna görə də emalatxanalarda praktiki dərslərə üstünlük veririk.
Tələbələrin avadanlıqlarla işləməsi, təlim prosesinin təşkili və metodik yanaşmalar burada əsas istiqamətlərdəndir. Çalışırıq ki, istehsalat təcrübəsində qazandığımız bilik və bacarıqları tələbələrə ötürək. Bundan əlavə, WorldSkills fəaliyyəti ilə də məşğulam. WorldSkills Dünya Bacarıqlar Yarışmasıdır. Orada qazandığım təcrübəni tələbələrimizlə bölüşürəm ki, onlar da müasir beynəlxalq platformalarda öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etsinlər.
- WorldSkills ekspertliyi müəllim kimi yanaşmanızı necə dəyişib? Beynəlxalq yarışlarda gördüyünüz hansı yanaşmanı Azərbaycandakı dərslərinizə gətirmisiniz?

- Koreya kurikulumunda WorldSkills proqramları da tətbiq olunur. Hər dəfə yarışlarda müəyyən təcrübə mübadiləsi aparılır. Biz özümüz də orada yeni şeylər öyrənirik və öyrəndiklərimizi burada tələbələrə çatdırmağa çalışırıq.
Mən həmin yarışlara qaynaq eksperti kimi iştirak edirəm və Azərbaycanı təmsil edirəm. WorldSkills peşə bacarıqlarının inkişafı, gənclərin peşəkarlığını nümayiş etdirməsi və beynəlxalq təcrübə mübadiləsinin təşkili baxımından böyük platformadır. Burada 60-dan çox ölkədən iştirakçılar və ekspertlər bir araya gəlir. Bu baxımdan, WorldSkills peşə təhsilinin inkişafına mühüm töhfə verir.
Sentyabr ayında keçirilən yarışda biz 7 ixtisas üzrə iştirak etdik. Ümumilikdə 8 iştirakçımız var idi. İki Medal of Excellence, bir National Medal qazandıq. Bundan əlavə, texniki nümayəndəmiz də gördüyü işlərə görə medalla təltif olundu.
- Sənaye müəssisəsində real istehsalat mühiti ilə emalatxanadakı tədris mühitini müqayisə etsək, tələbələrin ən çox hansı çətinliklərlə üzləşdiyini müşahidə etmisiniz?

- Bizim mərkəzin maddi-texniki bazası güclüdür. Emalatxanalarda müxtəlif avadanlıqlar var və yeniləri də gətirilir. Çünki beynəlxalq yarışlarda yeni avadanlıqları görürük və çalışırıq ki, müəssisəmizdə də həmin texniki imkanları tətbiq edək.
Tələbələr üçün əsas çətinlik ilk mərhələdə yaranır. Gənclər mərkəzə gəldikdə birbaşa emalatxanalara daxil olurlar və həmin avadanlıqlarla əvvəllər işləmədikləri üçün müəyyən çətinlik yaşayırlar. Sənaye müəssisəsinə gələn şəxs isə adətən müəyyən təcrübə əldə etdikdən sonra işə başlayır.
Biz ilk növbədə tələbələrə təhlükəsizlik qaydalarını izah edirik. Sənaye sahəsi ilə bağlı olduğumuz üçün burada əl alətləri, qaynaq avadanlıqları, qaz balonları və digər vasitələrdən istifadə olunur. Təhlükəsizlik qaydalarına riayət edilməməsi ciddi fəsadlara səbəb ola bilər.
Kurikuluma uyğun olaraq avadanlıqlarla işləməyi də öyrədirik. Mərkəzdə olmayan avadanlıqlarla bağlı isə internet resurslarından, o cümlədən YouTube-dan istifadə edirik ki, tələbələr heç olmasa həmin avadanlıqlar haqqında təsəvvür əldə etsinlər.
Bu gün bizim mərkəzi bitirən tələbələr Avropada, eləcə də yerli və özəl şirkətlərdə çalışırlar. Müdafiə Sənayesi Nazirliyində, STP-də, SOCAR-da və digər müəssisələrdə işləyən məzunlarımız var.
- Sizcə, yaxşı peşə müəllimini yalnız nəzəri biliklərlə fərqləndirmək mümkündürmü, yoxsa real istehsalat təcrübəsi də mütləq olmalıdır?
- Düşünürəm ki, peşə təhsili müəssisəsində çalışan ixtisas fənn müəlliminin mütləq praktiki bazası olmalıdır. Çünki praktikanı görmədən yalnız nəzəri formada məlumat vermək düzgün deyil. Nəzəriyyə nə qədər izah edilsə də, praktika tamamilə fərqlidir.Tələbəyə səhərdən axşama qədər nəzəri məlumat vermək real iş mühitində qarşılaşacağı vəziyyəti tam əks etdirmir. Ona görə müəllimin praktiki təcrübəsinin olması çox vacibdir.
- Heç olubmu ki, dərsdə tələbəyə “Bunu belə et” deməkdənsə, ona səhv etmək və həmin səhvdən nəticə çıxarmaq imkanı verirsiniz?

- Təbii ki, tələbələrin səhvləri olur və onlar həmin səhvlər üzərində işləyirlər. Xüsusilə WorldSkills yarışlarına hazırlaşarkən tələbələr müəyyən səhvlərə yol verirlər. Yarış zamanı isə həyəcan da buna təsir edir.Heç bir insan səhv etməməkdən sığortalanmayıb. Tələbələr hələ gəncdirlər. Biz çalışırıq ki, burada etdikləri səhvləri düzəltsinlər və sonradan müəssisələrə getdikdə həmin səhvləri təkrarlamasınlar.
- Siz Lion, Əbu-Dabi, Aktau kimi müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmisiniz. Azərbaycanlı tələbələrin peşə bacarıqları baxımından xarici ölkələrdəki həmyaşıdlarından əsas fərqi nədir?
- Mənim müşahidəmə görə, bizim tələbələr verilən tapşırıqları daha tez qavrayırlar. Onlar tapşırıqları daha səlis, aydın və yaxşı mənimsəyərək yerinə yetirirlər. Sadəcə, bunun üçün daha çox çalışmaq lazımdır. Biz WorldSkills yarışlarına yeni qoşulmuşuq və artıq ikinci dəfə iştirak edirik. Buna baxmayaraq, tələbələrimizin qavrama qabiliyyətinin kifayət qədər güclü olduğunu düşünürəm.
- Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən tələbənin müəllimi olmaq hansı məsuliyyəti yaradır? Yarışa hazırlıq zamanı müəllim-tələbə münasibəti necə dəyişir?

- Müəllim-tələbə münasibətini qoruyuruq. Amma eyni zamanda çalışırıq ki, tələbələrə daha yaxın olaq və onların həyəcanını azaltmağa kömək edək. Çünki başqa mühitə düşürlər və qarşılarında müxtəlif ölkələrdən iştirakçılar olur. Məsələn, bu il qaynaq üzrə yarışda 40-a yaxın ölkə iştirak edirdi.
Tələbənin belə bir mühitdə həyəcanlanması təbiidir. Buna görə onları müxtəlif təlim-məşq toplanışlarına aparırıq. Digər ölkələrdə keçirilən yerli yarışlarda iştirak etmələrinə şərait yaradırıq ki, özlərini daha sərbəst hiss etsinlər və əsas yarışlara daha hazırlıqlı getsinlər.
- Siz həm müəllim, həm də sənayedə formalaşmış mütəxəssissiniz. Tələbələrə yalnız peşəni öyrədirsiniz, yoxsa onları real iş həyatına da hazırlayırsınız?
- Tələbələrə həm ixtisasla bağlı bilik və bacarıqlar, həm də real həyatla bağlı müəyyən yanaşmalar aşılayırıq. Sənaye sahəsinə qızların da marağının artdığını müşahidə edirik. Bu il 4 qız tələbəmiz var.
Çalışırıq ki, tələbələr həm peşəkar, həm də cəmiyyət üçün məsuliyyətli insanlar kimi formalaşsınlar.
- Bu gün sənaye müəssisələrinin məzunlardan gözləntisi ilə peşə təhsilində verilən bilik və bacarıqlar arasında hansı fərqlər var?
- Sənaye müəssisələri özlərinə ixtisaslı kadrlar istəyirlər. Biz də çalışırıq ki, rəqabətqabiliyyətli tələbələr yetişdirək. Buna görə peşə təhsili müəssisələrinin maddi-texniki bazası yenilənir, tələbələrin sayı artır. Mərkəzimizin karyera şöbəsi də işəgötürənlərlə mütəmadi əlaqə saxlayır.
Onların gözləntiləri nəzərə alınır. Kurikulumların hazırlanmasında da işəgötürənlərin fikirləri öyrənilir. Çalışırıq ki, işəgötürənlərlə birgə fəaliyyət göstərək və tələbələri əmək bazarının tələblərinə uyğun hazırlayaq.
- Məzunlarınızdan sizə “Müəllim, burada öyrətdiyiniz bu bacarıq mənə işdə çox kömək oldu” deyə geri dönüşlər olurmu?
- Əlbəttə. Tələbələr gedirlər, bizi unutmurlar. Müəllimlər Günündə də yazıb təbrik edirlər. “AzərGold”da çalışan tələbələrimiz var, mütəmadi olaraq bizimlə əlaqə saxlayırlar. Subbakalavrlarımız da var ki, hazırda ali məktəblərdə təhsil alırlar. Peşə təhsilinin gənclərin gələcəyinə böyük töhfə verdiyini düşünürəm. Tələbələrimizin bizi unutmaması və öz minnətdarlıqlarını bildirməsi bizim üçün də xoşdur.
– Peşə təhsilinə gələn gənclərin bir qismi bu sahəni universitetə alternativ kimi görür. Sizcə, bu yanaşmanın dəyişməsi üçün ən vacib amil nədir?
- Hər şey tələbənin özündən asılıdır. 9-cu sinifdən peşə təhsilinə gələn və subbakalavr təhsili alan tələbələr müəyyən göstəricilər əsasında universitetlərə də keçid edə bilərlər. Yaxşı oxuyan, davamiyyəti yüksək olan və özünü göstərən tələbənin imkanları daha çox olur. Məsələn, yüksək texniki peşə təhsili alan tələbələrimizdən biri 2024-cü ildə Lionda yarışda iştirak edib. Hazırda Azərbaycan Texniki Universitetində təhsil alır və müxtəlif proqramlarda iştirak edir.
- Sənaye sahəsində işləmək istəyən gəncə ilk gündən hansı üç əsas bacarığı qazandırmaq lazımdır?
- Birincisi, təhlükəsizlikdir. İkincisi, məsuliyyət hissi olmalıdır. Üçüncüsü isə insan mütləq öz üzərində çalışmalıdır.
- Gələcəkdə özünüzü daha çox müəllim, yoxsa sənaye üzrə ekspert kimi görürsünüz? Yoxsa bu iki istiqamətin bir arada olması sizin əsas üstünlüyünüzdür?
- Mən artıq özümü təhsil sahəsinə həsr etmişəm və gələcəkdə də özümü burada görürəm. Sənaye sferasında indiyə qədər qazandığım təcrübəni təhsil sahəsində tətbiq edirəm. Bundan sonra da fəaliyyətimi əsasən təhsil istiqamətində davam etdirmək istəyirəm.