Süni intellektin təhsil proseslərinə inteqrasiyası müəllimlərin gündəlik fəaliyyətindən tutmuş qiymətləndirmə mexanizmlərinə qədər bir sıra sahələrdə yeni imkanlar yaradır. Xüsusilə peşə təhsilində rəqəmsal həllərin tətbiqi həm tədris prosesinin, həm də qiymətləndirmənin daha çevik və şəffaf qurulmasına şərait yaradır.
Bu istiqamətdə çalışan mütəxəssislərdən biri də informasiya texnologiyaları və sistem-şəbəkə mühəndisliyi üzrə mütəxəssis, Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin müəllimi Elnur Axundovdur.
O, peşə təhsilində müəllim fəaliyyəti ilə yanaşı, süni intellekt və kibertəhlükəsizlik istiqamətində araşdırmalar aparır, rəqəmsal qiymətləndirmə sistemləri hazırlayır. Elnur Axundov tərəfindən hazırlanan süni intellekt əsaslı imtahan qiymətləndirmə sistemi tələbələrin cavablarının avtomatik təhlilinə imkan verir. Sistemin əsas məqsədlərindən biri qiymətləndirmədə subyektivliyin azaldılması və müəllimin iş yükünün yüngülləşdirilməsidir.
AzEdu.az-a müsahibəsində Elnur Axundov süni intellekt əsaslı qiymətləndirmə sisteminin hazırlanma səbəblərindən, peşə təhsilində rəqəmsallaşmadan, kibertəhlükəsizlik sahəsində təcrübəsindən, Türkiyədə keçdiyi təlimdən, çatbotlarla bağlı araşdırmasından və süni intellekt dövründə müəllimin dəyişən rolundan danışıb.
Müsahibəni təqdim edirik:
-Elnur müəllim, sizi İKT, sistem-şəbəkə mühəndisliyi, peşə təhsili və hazırda süni intellekt araşdırmaları bir araya gətirib. Bu istiqamətlərin hər biri sizin peşəkar yolunuzda necə formalaşdı?

-Texnologiya sürətlə inkişaf etdikcə informasiya-kommunikasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik həyatımızda böyük əhəmiyyət kəsb edir. Mən də öz təcrübələrimdən istifadə edərək istər İKT, istər kibertəhlükəsizlik, istərsə də STEAM sahəsində tələbələrə həm nəzəri, həm də praktiki biliklər verirəm.
Düşünürəm ki, bunlar dövrümüzün ən vacib ixtisasları sırasındadır. Məsələn, kibertəhlükəsizliyi götürək: hazırda informasiya texnologiyaları o qədər inkişaf edib ki, artıq məlumatlarımızın qorunmasına xüsusi ehtiyac var. Öz fayllarımızı və məlumatlarımızı qorumaq üçün daha dolğun biliklərə sahib olmalı, texnologiyanı daha dərindən bilməliyik.
-Peşə təhsilində müəllim kimi işləyərkən hansı texniki və idarəetmə problemləri ilə qarşılaşdınız ki, sonradan onları özünüz hazırladığınız rəqəmsal sistemlərlə həll etməyə başladınız?
-Əvvəllər imtahanların keçirilməsi zamanı xeyli kağızdan, xüsusilə A4 vərəqlərdən istifadə olunurdu. Bununla yanaşı, vaxt itkisi də yaranırdı. Tələbə imtahan zamanı səhv edə bilərdi və ya müəllim cavabları yoxlayarkən yorğunluq səbəbindən texniki səhvlərə yol verə bilərdi. Bu da qiymətləndirmədə müəyyən problemlərə səbəb olurdu.
Hazırda isə bütün proses elektronlaşdırıldığı üçün bu problemlərin böyük hissəsi aradan qalxıb. Sistem tələbənin yazdığı cavaba uyğun olaraq qiymətləndirmə aparır. Eyni zamanda sistem tələbəyönümlü şəkildə qurulub. Məsələn, tələbə bir neçə cümlə yazıbsa və cavab tam düzgün olmasa belə, sistem onun suala nə dərəcədə yaxın cavab verdiyini nəzərə alır və buna uyğun bal müəyyənləşdirir. Yəni tələbəyə avtomatik olaraq sıfır verilmir.
Əsas məqsədlərdən biri qərəzli qiymətləndirmənin qarşısını almaq, şəffaflığı təmin etmək və vaxt itkisini azaltmaqdır. Əvvəllər müəllimin bir imtahanı yoxlaması günlərlə vaxt aparırdı. Bir neçə qrup olduqda bu müddət daha da uzanırdı. İndi isə cavablar bir-iki gün ərzində hazır olur və tələbələr də nəticələrini daha operativ şəkildə öyrənirlər.
-Hazırladığınız süni intellekt əsaslı imtahan qiymətləndirmə sisteminin yaranmasına konkret olaraq hansı ehtiyac səbəb oldu? İlk dəfə bu ideya necə formalaşdı?
-Bu, əsasən magistr dissertasiya mövzumla bağlı idi. Dissertasiya işimi müdafiə edərkən rektorun, kafedra müdirinin və dekanın qarşısında çıxış etməli idim və bilirdim ki, məndən soruşa bilərlər: “Süni intellekti harada tətbiq etmisən?” Bu baxımdan həm özüm üçün maraqlı idi, həm də məktəbdə mövcud prosesləri nəzərə alaraq sistemi tətbiq etmək istədim.
Nəticədə, Bərdə Dövlət Peşə Təhsili Mərkəzində, mənim bildiyim qədər, ilk dəfə süni intellekt əsaslı imtahan sistemi qurdum. Məqsəd əsasən şəffaflığı təmin etmək və müəllimlərin vaxt itkisini azaltmaq idi.
Əvvəllər tələbə bileti götürür, suallara baxır, cavablarını yazırdı. Daha sonra müəllim həmin cavabları yoxlayırdı və bu proses xeyli vaxt aparırdı.
Artıq isə bütün prosesi elektronlaşdırmışıq. Tələbə QR kod vasitəsilə qeydiyyatdan keçir, sistem ona avtomatik olaraq bilet təyin edir və tələbə həmin bilet üzrə sualları cavablandırır. İmtahan başa çatdıqdan sonra süni intellekt cavabları yoxlayır və qiymətləndirir. Təbii ki, burada süni intellekt müəllimə köməkçi vasitə kimi xidmət edir. Yekun qərar müəllimdə qalır. Bununla yanaşı, sistem subyektiv yanaşmaların qarşısını almağa, şəffaflığı artırmağa və vaxt itkisini azaltmağa kömək edir.
Sistemi əvvəlcə demo versiya kimi bir qrupda sınaqdan keçirdim. Tələbələrin yazdığı cavabları əvvəl müəllim yoxladı, sonra həmin qiymətləndirməni süni intellektlə müqayisə etdim. Nəticələr arasında ciddi fərq olmadığını gördüm. Məsələn, müəllim 30 bal verirdisə, süni intellekt 28 və ya 32 bal müəyyənləşdirə bilirdi. Yəni ciddi fərq yaranmırdı.
Bəzi hallarda müəllim daha yüksək qiymət verə bilirdi, lakin süni intellekt qiymətləndirməni əsaslandırırdı. Məsələn, tələbə mövzunu düzgün yazıb, amma tam əsaslandırmayıbsa, düsturu düzgün göstərməyibsə və ya sualı boş buraxıbsa, sistem bunu nəzərə alır və qiymətləndirməsini əsaslandırır.Burada belə bir sual yarana bilər: süni intellekt nəyə əsasən işləyir? Müəllimin dərs zamanı istifadə etdiyi materiallar sistemə yüklənir və süni intellekt tələbənin imtahan cavablarını həmin materiallara əsasən yoxlayır.
Əgər hər hansı kitab və ya material yoxdursa, süni intellekt təsdiqlənmiş rəsmi mənbələrə müraciət edir. Məsələn, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsdiq etdiyi dərsliklər, rəsmi materiallar və Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi mənbələrdən istifadə olunur.
Google-dan təsadüfi məlumat götürülmür. Çünki internetdəki hər bir məlumat düzgün olmaya bilər. Sistem yalnız müəyyən edilmiş və təsdiqlənmiş mənbələrə əsaslanaraq qiymətləndirmə aparır və yekunda buna uyğun nəticə çıxarır.
-Süni intellektə “yazığı gəlmə” prinsipi ilə bal artırmamaq tələbi qoymusunuz. Bəs real həyatda müəllimlərin qiymətləndirməsində ən çox hansı subyektiv amillər rol oynayır?
-Mən sistemi tətbiq etməmişdən əvvəl onu test, yəni demo versiya kimi bir qrupda sınaqdan keçirdim. Tələbələrin yazdığı cavabları müəllim də yoxladı. Daha sonra müəllimin verdiyi qiymətləri süni intellektin qiymətləndirməsi ilə müqayisə etdim.
Məsələn, müəllim yekunda 30 bal verirdisə, süni intellekt 28 və ya 32 bal verə bilirdi. Yəni ciddi fərq yaranmırdı. Bəzi hallarda müəllim daha yüksək qiymət verirdi, amma süni intellekt bunu əsaslandırırdı.Sistem hər sualı ayrıca təhlil edir. Məsələn, tələbə müəyyən mövzunu düzgün yazıb, amma cavabı tam əsaslandırmayıbsa, düsturu düzgün göstərməyibsə və ya suala uyğun mövzunu yazmayıbsa, bunların hamısını nəzərə alır və qiymətləndirməni əsaslandırır.
-“Köçürmənin 100 faiz qarşısının alınması” texniki baxımdan nə dərəcədə realdır? Belə sistemlərin qarşısında tələbələrin texnoloji yollarla yarada biləcəyi yeni risklər varmı?
-Köçürmə əvvəllər də mümkün idi. Tələbələr bir-birinə kömək edir, müxtəlif yollarla bir-birindən cavab almağa çalışırdılar. Amma indi bütün tələbələrə eyni sual verilmir. Suallar və biletlər fərqli olur. Hər tələbənin beş sualı olur və onlar bir-birindən fərqlənir. Bundan əlavə, imtahan zamanı nəzarətçilər də olur və köçürmə hallarının, yaxud digər problemlərin qarşısını almağa nəzarət edirlər.
-İnternetin kəsilməsi zamanı imtahanın davam etməsi üçün oflayn rejim hazırlamısınız. Azərbaycanda, xüsusilə regionlarda təhsilin rəqəmsallaşdırılması baxımından bu xüsusiyyət nə qədər vacibdir?
-Müasir dövrdə, xüsusilə XXI əsrdə informasiya texnologiyaları çox inkişaf edib. Bunun regionlarda da tətbiqini yavaş-yavaş görürük.
Bəzən internet kəsilə bilər. Sistem isə elə qurulub ki, internet olmasa belə, oflayn rejimdə işləyə bilir. Tələbə bunu hiss etmir. Yazdığı bütün məlumatlar kompüterin yaddaşında saxlanılır və internet bərpa olunduqdan sonra avtomatik şəkildə serverə göndərilir. Bununla da məlumat itkisinin qarşısı alınır.
Çünki işıq sönə və ya internet kəsilə bilər. Bu zaman tələbənin çəkdiyi zəhmətin itməsi böyük problem yarada bilər və bütün işləri yenidən görmək lazım gələr. Oflayn rejimi də məhz bunu nəzərə alaraq yaratmışam ki, heç bir məlumat itkisi olmasın.
-Siz həm müəllimsiniz, həm sistem hazırlayırsınız. Sistem hazırlayarkən müəllim kimi gördüyünüz hansı problemi proqramçı kimi həll edə bilmisiniz?
-Əvvəllər təlim nəticələrinin və səriştələrin qiymətləndirilməsi zamanı xeyli kağızdan istifadə olunurdu. Sualların hazırlanması, çap edilməsi, A4 vərəqlərin təmin olunması və printerdən istifadə müəyyən vaxt və resurs tələb edirdi.İndi isə sualları elektron şəkildə sistemə daxil edirəm. Bu həm rahatlıq yaradır, həm də vaxt və resurs itkisini azaldır. Əvvəllər bir tələbə qrupunun qiymətləndirilməsi bir gün çəkirdisə, artıq belə deyil.
Tələbə imtahanı və ya qiymətləndirməni başa vurur və nəticəsini daha operativ şəkildə əldə edir. Test formatındadırsa, nəticəni dərhal, yazılıdırsa, uzağı bir-iki gün ərzində bilə bilir. Bununla da böyük vaxt itkisinin və çoxlu resurs istifadəsinin qarşısını almaq mümkün olur.
-Magistr dissertasiyanız “Çatbotların istifadəçi məmnuniyyəti” ilə bağlıdır. Sizi məhz çatbotların istifadəçi məmnuniyyəti mövzusuna gətirən nə oldu?
-Çatbotların özü də nəticə etibarilə süni intellektə əsaslanır. Məsələn, banklarda və ya mobil operatorlarda hər hansı sualımız olduqda bizə avtomatik cavab verən süni intellekt əsaslı sistemlərdən istifadə olunur. Bunlar çatbotlardır.Məndə də belə bir fikir yarandı ki, çatbot əsaslı bir sistem qurum. Bu həm işimizi asanlaşdıra bilərdi, həm magistr dissertasiyamla bağlı praktik nümunə yarada bilərdi, həm də məktəbimizə fayda verə bilərdi.
-Sizcə, gələcəkdə şagird və tələbələr müəllimdən daha çox süni intellektlə ünsiyyətdə olacaq? Əgər belədirsə, müəllimin rolu necə dəyişəcək?
-Deməzdim ki, süni intellekt müəllimi tam əvəz edə bilər. Çünki süni intellekt müəyyən bir istiqamət üzrə qurulmuş sistemdir. Məsələn, riyaziyyat və ya informatikanın müəyyən mövzusu ilə bağlı sual verildikdə, süni intellekt həmin istiqamət üzrə məlumat təqdim edir.
Müəllim isə daha geniş yanaşır. Mövzunu həyatla əlaqələndirir, müxtəlif nümunələr gətirir, fərqli dərs vəsaitlərindən və həyati biliklərdən istifadə edir, tələbəni motivasiya edir və dərsi daha maraqlı qurur. Ona görə də müəllimin süni intellekt tərəfindən əvəz olunmasını və ya üstələnməsini real hesab etmirəm. Mənim üçün müəllim daim öndə olur.
-Türkiyədə keçdiyiniz kibertəhlükəsizlik təlimində sizi ən çox təəccübləndirən və Azərbaycandakı peşə təhsilinə tətbiq etmək istədiyiniz yanaşma nə oldu?
-Mən ümumiyyətlə hər hansı təlimə gedəndə orada faydalı nə varsa, qeyd edirəm və öz müəssisəmdə tətbiq etməyə çalışıram. Türkiyədəki təlim zamanı diqqətimi çəkən məsələlərdən biri Linux əməliyyat sistemindən geniş istifadə olunması idi.
Azərbaycanda, xüsusilə regionlarda Linux-dan istifadə edənlərin sayı nisbətən azdır və əsasən Windows əməliyyat sistemindən istifadə olunur. Türkiyədə isə kibertəhlükəsizlik təlimində, xüsusilə Texnoparkda Linux-dan geniş istifadə edildiyini gördüm.Oradakı professor və müəllimlərdən bunun səbəbini soruşdum. Bildirdilər ki, Windows daha qapalı sistemdir, Linux isə açıq sistem olduğu üçün müəyyən proqramlaşdırma, şəbəkə və kibertəhlükəsizlik məsələlərində daha geniş imkanlar yaradır.
Bu məndə böyük maraq yaratdı. Hazırda mən kibertəhlükəsizlik üzrə ixtisas fənn müəllimi və qrup rəhbəriyəm. Təlimdə öyrəndiklərimi də öz kibertəhlükəsizlik qrupumda tətbiq etməyə çalışıram. Tələbələrə Linux-dan istifadə etməyi və bu əməliyyat sistemini öyrənməyi tövsiyə edirəm. Düşünürəm ki, bu, onların gələcək fəaliyyəti üçün lazım olacaq.
-Bu gün peşə təhsili alan gəncə yalnız kompüterdən istifadə etməyi öyrətmək kifayətdirmi? İşəgötürənin qarşısına çıxan məzunda hansı rəqəmsal bacarıqları görmək istəyərdiniz?

-Kompüteri bilmək məncə kifayət deyil. Müasir əmək bazarında peşə təhsili alan tələbənin sadəcə kompüterdən istifadə etməyi bilməsi üstünlük deyil, artıq baza tələbidir. Məsələn, Teams platformasından istifadə etməyi, onlayn görüş təşkil etməyi, sənədləşmə proseslərini və ofis proqramlarını bilməlidir. Word və Excel kimi proqramlar hazırda geniş istifadə olunur və bunları bilmək vacibdir.
Bundan əlavə, bulud texnologiyalarından istifadə bacarığı da əhəmiyyətlidir. Məsələn, Google Drive kimi platformaları bilməlidir. Çünki artıq məlumatların və dataların saxlanılmasında bulud texnologiyalarından geniş istifadə olunur. Əvvəllər əsasən sərt disklərdən və fleş kartlardan istifadə edilirdisə, indi bulud texnologiyaları getdikcə daha geniş yayılır.
Ən vacib bacarıqlardan biri də süni intellektlə işləməyi bacarmaqdır. Gələcəkdə hər hansı problem yarandıqda süni intellektdən düzgün şəkildə istifadə edərək problemin həllinə dəstək almaq mümkündür.
Yəni “Mən kompüteri bilirəm, hər şeyi bilirəm” yanaşması doğru deyil. Kompüter bilikləri əsasdır, amma hər şey deyil. XXI əsrdə İKT bilik və bacarıqlarına sahib olmaq vacibdir. Çünki artıq elektron sistemlər həyatımızın demək olar ki, bütün sahələrinə daxil olur.
Məsələn, dövlət xidmətlərini götürək. Hazırda bir çox xidmətlər elektronlaşdırılıb, müxtəlif sistemlər vahid rəqəmsal platformalarda birləşdirilir. ASAN xidmət, myGov və digər elektron xidmətlər bunun nümunəsidir.
Bu proses cəmiyyətin də rəqəmsal bacarıqlarının inkişafını zəruri edir. Məqsəd xidmətlərin daha əlçatan və operativ olması, proseslərin şəffaflığının artırılması və müəyyən problemlərin qarşısının alınmasıdır.
-Sizcə, süni intellekt dövründə müəllimin əsas üstünlüyü nə olacaq: biliyi, insanla ünsiyyəti, yoxsa texnologiyanı düzgün idarə edə bilməsi?
-Süni intellekt müəyyən sahə üzrə çox geniş məlumat verə bilər. Amma müəllimin fərqi ondan ibarətdir ki, o, yalnız bir sahə ilə məhdudlaşmır. Müxtəlif istiqamətlərdən nümunələr gətirə, mövzuları əlaqələndirə və dərsi daha yaxşı izah edə bilər. Müəllim həyatdan nümunələr çəkir, tələbəni motivasiya edir və dərsi daha maraqlı edir. Buna görə də müəllimin həm biliyi, həm insanlarla ünsiyyəti, həm də texnologiyadan düzgün istifadə etmək bacarığı vacibdir.