"Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 35 saylı peşə məktəbinin sökülərək yerində yaşayış binasının tikilməsi ilə bağlı sosial şəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır".
Bunu AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildiriblər.
Qeyd edilib ki, müvafiq ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmur:
"Ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən, müasir infrastrukturlu yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır. İctimaiyyəti məsələyə dair yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatlara istinad etməyə çağırırıq".
Xatırladaq ki, peşə təhsilinin infrastrukturunun yenilənməsi dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 peşə təhsili müəssisəsinin yenilənməsi nəzərdə tutulur.