15 sentyabr tarixindən etibarən peşə təhsili müəssisələrində 2026/2027-ci tədris ilinə başlanılıb.
AzEdu.az xəbər verir ki, yeni tədris ilində 79 peşə təhsili müəssisəsində 151 ixtisas üzrə 44 700 nəfər təhsil alacaq. Onlardan 27 968 nəfəri 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı keçirilən müsabiqədə uğur qazanaraq peşə təhsili almaq hüququ əldə edib.
Cari tədris ilində 2 224 nəfər dual peşə təhsili proqramı, 2 798 nəfər isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul olunub.
2026/2027-ci tədris ilində peşə təhsili üzrə 4 yeni ixtisasın tədrisinə başlanılır. Eyni zamanda, yeni tədris ilinə hazırlıq çərçivəsində peşə təhsilinin texniki və yüksək texniki peşə təhsili səviyyələri üzrə təhsil proqramlarının tədris planlarında müvafiq dəyişikliklər edilib.
Tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə cari tədris ili üçün 57 adda dərslik çap olunub. Dərsliklərə müəlliflər tərəfindən hazırlanmış, eləcə də xarici dillərdən Azərbaycan dilinə tərcümə edilmiş nəşrlər daxildir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, cari tədris ilində 8 peşə təhsili müəssisəsinin yenidən qurulması və əsaslı təmiri istiqamətində işlər yekunlaşmaqdadır.
Bununla yanaşı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində peşə təhsili müəssisələrinin yenidən qurulması, əsaslı təmiri və layihələndirilməsi istiqamətində işlər davam etdirilir.