Təhsil sisteminə rəhbərlik edən şəxslərin hansı universitetlərdə və hansı ixtisaslar üzrə ali təhsil aldıqları da maraq doğuran məqamlardandır. Dünyanın müxtəlif ölkələrində təhsil nazirlərinin akademik keçmişi bir-birindən fərqlənir.
Bəzi nazirlər pedaqoji ixtisaslar üzrə təhsil alıb, bəziləri isə hüquq, dövlət idarəçiliyi, iqtisadiyyat, tarix, tibb və mühəndislik kimi fərqli sahələrdə ixtisaslaşıblar.
AzEdu.az dünyanın müxtəlif ölkələrinin hazırkı təhsil nazirlərinin hansı universitetləri bitirdiyini araşdırıb.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib.
2010-2012-ci illərdə isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə ABŞ-nin Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib.

O, daha sonra siyasi və sosial elmlər istiqamətində magistr və doktorantura təhsili alıb. Yusuf Tekin uzun illər akademik və dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərdikdən sonra Milli Təhsil Nazirliyinə rəhbər təyin olunub.
Pakistanın federal təhsil naziri Xalid Məqbul Siddiqi (Khalid Maqbool Siddiqui) tibb təhsili alıb.
O, Sindh Tibb Kollecini bitirib. Sözügedən ali təhsil müəssisəsi hazırda Cinnah Sindh Tibb Universiteti adı ilə fəaliyyət göstərir. Beləliklə, Pakistanın təhsil sisteminə rəhbərlik edən şəxsin ali təhsil ixtisası tibb olub.
ABŞ-nin təhsil naziri Linda Makmen (Linda MakMahon) 1969-cu ildə Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetini bitirib.

O, burada fransız dili üzrə bakalavr dərəcəsi alıb və eyni zamanda müəllimlik sertifikatı əldə edib. Universitetin məlumatına görə, MakMahonun ali təhsil almaqda əsas məqsədlərindən biri müəllim olmaq olub. 2018-ci ildə məzunu olduğu Şərqi Karolina Universiteti tərəfindən humanitar elmlər üzrə fəxri doktorluq dərəcəsinə layiq görülüb.
Böyük Britaniyanın təhsil naziri Lusi Pauell (Lucy Powell) ali təhsilinə Oksford Universitetinin Somerville Kollecində kimya ixtisası üzrə başlayıb.

O, burada bir il təhsil aldıqdan sonra London Kral Kollecinə keçib və kimya üzrə bakalavr dərəcəsini burada tamamlayıb. Pauell uzun illər siyasət və parlament fəaliyyəti ilə məşğul olub və 2026-cı ildə təhsil naziri vəzifəsinə təyin edilib.
Fransanın milli təhsil naziri Eduar Jefre (Édouard Geffray) Paris Siyasi Elmlər İnstitutunda təhsil alıb.

O, həmçinin Paris-IV Panteon-Sorbonna Universitetində tarix üzrə magistr dərəcəsi əldə edib. Geffray Fransanın Milli İdarəçilik Məktəbinin də məzunudur. Onun akademik keçmişində humanitar elmlərlə yanaşı dövlət idarəçiliyi istiqaməti də xüsusi yer tutur.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara (Giuseppe Valditara) Milan Universitetində hüquq təhsili alıb.

Daha sonra akademik fəaliyyətini hüquq, xüsusilə Roma hüququ istiqamətində davam etdirib. O, uzun illər universitetdə professor kimi fəaliyyət göstərib.
İspaniyanın təhsil, peşə hazırlığı və idman naziri Milaqros Tolon (Milagros Tolón) Madrid Complutense Universitetində coğrafiya və tarix ixtisası üzrə təhsil alıb.

Daha sonra Kastiliya-La-Mança Universitetində müəllim hazırlığı istiqamətində təhsil alıb. Onun ali təhsil keçmişində həm humanitar elmlər, həm də pedaqoji istiqamət yer alır.
Özbəkistanın məktəbəqədər və məktəb təhsili naziri Ezoza Karimova Daşkənd Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb.
Onun ali təhsil istiqaməti birbaşa pedaqogika deyil, fəlsəfə olub. 2005-ci ildə Özbəkistan Respublikası Prezidenti yanında Dövlət və Cəmiyyət Quruculuğu Akademiyasında təhsil alıb.
Rusiyanın təhsil naziri Sergey Kravtsov Moskva Dövlət Açıq Pedaqoji Universitetində riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alıb.
Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dövlət və bələdiyyə idarəçiliyi üzrə ikinci ali təhsil əldə edib. Beləliklə, onun ali təhsil keçmişində həm pedaqogika, həm də dövlət idarəçiliyi istiqaməti var.
Çinin təhsil naziri Huay Czinpen (Huai Jinpeng) mühəndislik və kompüter elmləri istiqamətində təhsil alıb.
O, Tszilin Universitetində bakalavr, Harbin Texnologiya İnstitutunda magistr, Beyhanq Universitetində isə doktorantura təhsili alıb. Huai Jinpeng akademik fəaliyyətini də davam etdirərək Çin Elmlər Akademiyasının akademiki olub.
Cənubi Koreyanın təhsil naziri Çoy Kyo-cin (Choi Kyo-jin) Konqcu Milli Universitetində koreya dili təhsili üzrə bakalavr dərəcəsi alıb.

O, sonrakı fəaliyyətində müəllimlik və təhsil idarəçiliyi sahəsində çalışıb.
Almaniyanın federal təhsil naziri Karin Prin (Karin Prien) Bonn Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb.

Daha sonra Amsterdam Universitetində beynəlxalq kommersiya hüququ üzrə magistr dərəcəsi əldə edib. Onun ali təhsil keçmişində hüquq və siyasi elmlər əsas istiqamətləri təşkil edir.
Avstraliyanın təhsil naziri Ceyson Kler (Jason Clare) Yeni Cənubi Uels Universitetində incəsənət və hüquq üzrə ali təhsil alıb.
O, hər iki istiqamətdə bakalavr dərəcəsinə sahibdir. Daha sonra siyasi fəaliyyətə başlayaraq ölkənin təhsil siyasətinin formalaşmasında iştirak edib.
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
.jpg)
Daha sonra Böyük Britaniyanın Esseks Universitetində Avropa İttifaqı hüququ üzrə təhsil alıb. Mikanadze 2025-ci ildən Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə rəhbərlik edir.
Polşanın təhsil naziri Barbara Nowacka informasiya texnologiyaları və menecment üzrə təhsil alıb.

O, Varşava Universitetinin İdarəetmə fakültəsində də təhsil keçib. Bundan əlavə, Fransada idarəetmə üzrə magistr proqramını bitirib. Nowacka uzun müddət Polşa-Yaponiya İnformasiya Texnologiyaları Akademiyasında rəhbər vəzifədə çalışıb.
Finlandiyanın təhsil naziri Anders Adlerkreuts (Anders Adlercreutz) Helsinki Texnologiya Universitetində memarlıq üzrə ali təhsil alıb.

Sözügedən universitet hazırda Aalto Universitetinin tərkibindədir. Adlercreutz 1999-cu ildə memar kimi məzun olub və 2024-cü ildən təhsil naziri vəzifəsini tutur.