Azedu.az

İllərdir ki, həllini tapmayan təhsil problemləri - Jurnalistlərin "giley siyahısı"

AzEdu Təhsil Platforması

24 Sentyabr 2026, 14:43
İllərdir ki, həllini tapmayan təhsil problemləri - Jurnalistlərin "giley siyahısı"

Təhsil sahəsində illərdir müzakirə olunan, həlli yolları axtarılan, lakin hələ də tam və effektiv nəticə əldə olunmayan problemlər zaman-zaman gündəmə gətirilir.

Maraqlıdır, təhsil sahəsində ən çox müzakirə olunan, haqqında dəfələrlə yazılan, müxtəlif həll yolları təklif edilsə də, hələ də tam aradan qaldırılması mümkün olmayan əsas problem hansıdır?

AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı jurnalistlərin fikirlərini öyrənib.

AzEdu.az Təhsil Platformasının əməkdaşı Məltəm Anar qeyd edib ki, bir mövzu var ki, artıq neçə ildir ki, media olaraq onu  işıqlandırsaq da  problemlər hələ də qalır.  Elm və təhsil naziri Emin Əmrullayevlə DİM sədri Məleykə Abbaszadə da çıxışlarında bu məsələni - ibtidai təhsilimizin zəifliyini - vurğulayıblar:

"Təhsilin keyfiyyətini qaldırmaq üçün  ibtidai siniflərdən başlamaq lazımdır.  Lakin hər il eyni problemlər deyilsə də, yazılsa da, hər şey elə yerindəcə qalır. Nə bir nəticə, nə də real yenilik görünür”.

Report İnformasiya Agentliyinin əməkdaşı Şəfiqə Nazimqızı bildirib ki, universitet məzunlarının öz ixtisaslarına uyğun iş tapması və ali məktəb proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması hələ də problem olaraq qalır:

“Məsələn, ölkəmizdə hər il minlərlə məzun universitetləri müəllimlik ixtisasları üzrə  bitirir. Lakin onların qarşısında olan iş imkanları bu qədər geniş deyil. MİQ-in hər il elan etdiyi vakansiyalarla həmin il məzun olanların sayı arasında ciddi fərq yaranır. Burada əvvəlki illərdə məzun olub hələ də iş tapa bilməyənləri də nəzərə alsaq, problem daha aydın görünür.

Ətrafımda MİQ-in test imtahan mərhələsindən 80-dən yüksək bal toplayaraq işsiz qalan və ya yalnız müddətli əmək müqaviləsi ilə işləmək imkanı əldə edən insanlar da olub. Təbii ki, MİQ vasitəsilə qəbul zamanı bilik və bacarıqların qiymətləndirilməsi baxımından yüksək bal tələbinin olması müsbət addımdır. Lakin digər tərəfdən, təqdim olunan vakansiyalarla bu sahə üzrə məzunların sayı arasındakı böyük fərq də ciddi sual doğurur. Düşünürəm ki, universitetlərdə kadr hazırlığı planlaşdırılarkən əmək bazarının real tələbləri və mövcud iş imkanları daha çox nəzərə alınmalıdır.

Həmçinin dövlət bağçalarında çalışan müəllim və tərbiyəçilərin peşə hazırlığı, uşaqlarla ünsiyyət və davranış səviyyəsi, eləcə də onların psixoloji hazırlığı ciddi şəkildə təhlil edilməlidir. Çünki məktəbəqədər yaş dövrü uşağın xarakterinin, davranışının və sosial bacarıqlarının formalaşdığı ən həssas mərhələlərdən biridir. Bu baxımdan, bağçada çalışan şəxsin yalnız öz işini bilməsi kifayət deyil, onun uşaqlarla düzgün ünsiyyət qurmağı, onların emosional ehtiyaclarını anlamağı və müxtəlif davranışlara adekvat reaksiya verməyi bacarması da vacibdir.

Düşünürəm ki, bağçalarda çalışan əməkdaşların seçimi zamanı yalnız təhsil və iş təcrübəsi deyil, onların uşaqlarla işləməyə psixoloji və peşəkar baxımdan nə dərəcədə hazır olduğu da nəzərə alınmalıdır. Eyni zamanda, bu sahədə çalışanların mütəmadi olaraq təlimlərə cəlb olunması, davranış və peşəkar fəaliyyətlərinin qiymətləndirilməsi, valideynlərin rəylərinin nəzərə alınması və uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində daha ciddi mexanizmlər yaradılmalıdır”.

Cəhbə.info.az-ın əməkdaşı Nigar Abdullayevanın sözlərinə görə, təhsil sahəsində müxtəlif mövzuları işıqlandıraraq bu sahədə mövcud problemlərin həllinə, daha da irəliləyişə nail olmağa çalışırıq:

“Bir sıra məsələlər olub ki, onlar zamanla öz həlini tapıb. Bu yalnız mənim deyil, digər həmkarlarımın da problemi qabartması, üzərinə getməsi ilə müsbət nəticələnib. Məqsəd isə sadəcə ölkədə təhsilin inkişafı, uşaqların bilikli, savadlı böyüməsidir. Ancaq hələ də həllini gözləyən məsələlər var.  Onlardan biri kimi məsələn, mən dəfələrlə ölkədə distant təhsilin tətbiqi ilə bağlı məqalələr yazmışam.

Burada millət vəkilləri, ekspertlərin, mütəxəssislərin də fikirləri yer alıb. Onlar da  başqa ölkədə distant təhsil almaq, bu üsulla təhsil alanların diplomlarının tanınmamasının bir problem olaraq qaldığıını bildiriblər. ETN isə bunun qanunda öz əksini tapmadığını bildirir. Fikrimcə, xarici universitetlərdə alınan  distant təhsilin ölkəmizdə leqallaşmasına bir an öncə başlanılmalıdır. Bu bir faktdır ki, xarici universitetlərdə alınan distant təhsilin keyfiyyəti heç də ölkəmizdəki bəzi universitetlərin verdiyi ənənəvi təhsilin keyfiyyətindən aşağı deyil”.

Redaktor.az-ın əməkdaşı Nuriyyə Musayeva qeyd edib ki, uzun illərdir həlli tam şəkildə tapılmayan əsas məsələlərdən biri yuxarı sinif şagirdlərinin – repetitor yanına getmədən məktəbdə aldıqları təhsillə ali məktəbə hazırlaşa bilməməsidir:

“Bu istiqamətdə müxtəlif illərdə fərqli addımlar atılır, təkliflər səsləndirilir, müəyyən dəyişikliklər edilir, amma hələ də məktəb təhsili ilə ali məktəbə qəbul hazırlığını tam şəkildə birləşdirən effektiv model formalaşmayıb.

Digər tərəfdən, məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması və ya qadağan edilməsi də son illərdə müzakirə olunan, amma vahid və effektiv yanaşmanın tam formalaşmadığı məsələlərdəndir”.

Modern.az-ın əməkdaşı Nicat Rüstəm bildirib ki, ağla ilk olaraq çox qısa, amma maraqlı fikir gəlir:

Mən həmişə təhsil mövzuları haqqında düşünürəm. Məsələn, bir dəfə “Praktika vacibdir, yoxsa nəzəriyyə?” mövzusunda yazı hazırlamışdım. Əslində, bu, cavabı birmənalı olmayan və illərdir müzakirə edilən məsələlərdən biridir. Çünki elə sahələr var ki, burada praktika daha vacibdir, elə sahələr də var ki, nəzəri biliklər əsas rol oynayır. Bəzi sahələrdə isə hər ikisinin birlikdə olması vacibdir.

Bu mövzunu hazırlayarkən xaricdə təhsil alan tələbələrlə bir-bir söhbət etmişdim. Onlara eyni sualı verirdim və maraqlıdır ki, hərəsinin cavabı fərqli olurdu. Bunun səbəbi isə onların müxtəlif ölkələrdə və fərqli təhsil sistemlərində oxumaları idi. Bəziləri nəzəriyyəyə üstünlük verirdi, bəziləri isə praktikanın daha vacib olduğunu düşünürdü.

Müəllimlərdən də bu barədə fikirlər almışdım. Xüsusilə daha əvvəlki nəsildən olan müəllimlərin bir çoxu nəzəri biliklərin vacibliyini vurğulayırdı. İndiki müəllimlərin bir qismi isə praktikanın daha önəmli olduğunu düşünür. Ona görə də düşünürəm ki, bu mövzu üzərində yenidən işləmək maraqlı olar”.

Sfera.az-ın əməkdaşı Firuzə Əliyeva  “məktəblərdə müəllim-valideyn-şagird münasibətlərinin sağlam qurulmaması və bunun yaratdığı problemlər” mövzusunu qeyd edib:

“Çünki bu, illərdir müzakirə olunur, amma təkcə bir qərar və ya qayda ilə həll ediləcək məsələ deyil. Məsələn, şagirdin psixoloji vəziyyəti, məktəbdə zorakılıq və bullinq, valideynlərin məktəbə münasibəti, müəllimin üzərinə düşən əlavə yük və ən əsası, məktəb psixoloqlarının real fəaliyyətinin gücləndirilməsi barədə çox danışılır. Amma bütün bu məsələlər bir-biri ilə əlaqəlidir və problemin kökündən həlli hələ də çətindir.

Ən çox yazdığım mövzulardan biri də məktəbəqədər təhsil və bağçalarda yer çatışmazlığıdır. Bu məsələ hər il yeni tədris ili ərəfəsində yenidən gündəmə gəlir. Yeni bağçaların açılması, elektron qəbul, növbələr və dövlət bağçalarında yerlərin artırılması ilə bağlı addımlar atılsa da, valideynlərin tələbi ilə mövcud imkanlar arasında hələ də fərq qalır.

Məncə, təhsildə bəzi problemlərin çətin həll olunmasının əsas səbəbi odur ki, onlar yalnız təhsil sisteminin daxilində həll edilə biləcək məsələlər deyil. Burada demoqrafik vəziyyət, infrastruktur, maliyyələşmə, sosial siyasət və ailələrin gözləntiləri də rol oynayır. Ona görə də illərdir yazılan mövzular bəzən sadəcə formasını dəyişərək yenidən qarşımıza çıxır”.

Bizim.Media-nın əməkdaşı Fəridə Məmmədova söyləyib ki, ən çox yazılan, amma illərdir tam həllini tapmayan məsələ kimi tədrisdə keyfiyyət fərqini qeyd edərdim:

“Müxtəlif islahatların, sertifikatlaşdırmanın, MİQ-in, kurikulum dəyişikliklərinin və rəqəmsallaşmanın fonunda yenə də bu problem aktuallığını qoruyur: şagirdin keyfiyyətli təhsilə çıxışı onun yaşadığı əraziyə, məktəbə və müəllimə görə ciddi şəkildə dəyişir.

Bu mövzuda illərdir çox yazılır: şəhər və kənd məktəbləri arasındakı fərqlər, müəllim çatışmazlığı, bəzi fənlər üzrə kadr problemi, repetitorluğa ehtiyac, valideynlərin əlavə təhsilə yönəlməsi və s. Ayrı-ayrılıqda bunların hər biri üçün tədbirlər görülür. Amma problemin kökündə daha mürəkkəb bir məsələ dayanır: məktəbin özünün uşağın gələcək imkanlarını müəyyənləşdirməsindəki fərq hələ tam aradan qalxmayıb.

Məncə, ən çətin tərəfi də budur. Çünki bu problem hansısa bir qərarla həll ediləcək qədər sadə deyil. Müəllim, məktəb mühiti, ailənin sosial vəziyyəti, region, tədris metodikası, qiymətləndirmə və əlavə təhsil bir-biri ilə bağlı şəkildə bu problemi ortaya qoyur.Həlli müşkül və məni narahat edən ən böyük məsələ budur, çünki hər statistikanın arxasında konkret bir uşağın gələcəyi dayanır”.

1news.az saytının Azərbaycan dili bölməsinin redaktoru Qafar Ağayev qeyd edib ki, Azərbaycanda məktəblərdə ən böyük problemlərdən biri müxtəlif tədbirlər və özəl günlər adı ilə pul yığılmasıdır:

"Uşaqlar 1-ci sinfə başlayan kimi “sürprizlər” başlayır. İlk pul yığılması da Müəllimlər Günü münasibətilə olur. Daha sonra isə bunun ardı gəlir. Bunlar kimdənsə eşitdiyim sözlər deyil, məktəbə gedən yaxınlarımdan aldığım məlumatlardır. Əlbəttə, bu məsələ ilə bağlı qəti fikir söyləmək də olmaz. Bəlkə də elə məktəblər var ki, orada ümumiyyətlə pul yığılmır.

Digər məsələ isə uşaqların repetitor yanına getməsi ilə bağlıdır. Bu da illərdir geniş müzakirə olunan məsələlərdən biridir. Elə bir vəziyyət yaranıb ki, valideyn hətta birinci sinfə gedən uşağını belə hazırlığa, xüsusilə də ibtidai sinif müəlliminin yanına hazırlığa qoymaq məcburiyyətində qalır. Kənardan kimlərsə bunun günahını valideyndə görə bilər. Amma başa düşmək lazımdır ki, valideyn övladını hazırlığa qoymasa, sonradan uşağın məktəbdə problem yaşamasından, müəllimin ona münasibətinin dəyişməsindən narahat olur. Valideyn də məhz buna görə məcburiyyət qarşısında qalır.Axı müəllim məktəbdə dərsi necə keçir ki, şagird mövzunu tam anlaya bilmir? Necə olur ki, həmin şagird eyni müəllimin yanına hazırlığa gedəndə daha yaxşı nəticə göstərir?

Bu məsələ ilə bağlı brifinqlərdə elm və təhsil naziri Emin Əmrullayevə kifayət qədər sual ünvanlanıb, nazirliyə də çoxsaylı sorğular göndərilib. Lakin onlardan konkret məktəbin nömrəsinin və müəllimin adının çəkilməsi tələb olunur. Valideynlər isə övladlarının sonradan problem yaşamaması üçün bunu etməkdən çəkinirlər.
Bu gün təhsil sahəsində kifayət qədər islahatlar aparılır, təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər görülür. Amma hələ də qeyd etdiyim problemlərin həlli ilə bağlı nəzərəçarpacaq addımların atıldığını görmək çətindir.

Əgər həqiqətən keyfiyyətli təhsil istəyiriksə, bu problemlərin həllinə səthi yanaşılmamalıdır. Çünki məsələ təkcə pul yığılması və ya uşaqların repetitor yanına getməsi deyil. Burada söhbət valideynin özünü məcbur hiss etməsindən və uşağın məktəbdə aldığı təhsilin yetərli olub-olmamasından gedir".

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox