Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
AQTA-dan AzEdu.az-a verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir.
Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib.
Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.