Azedu.az

Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər

Şagirdlər

27 Oktyabr 2026, 14:57
Yeni maliyyələşmə mexanizmi müəllim maaşlarını artıra bilər

Dövlət məktəblərində şagird başına düşən illik təhsil xərcləri təsdiqlənib.

Qərara əsasən, ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı, eləcə də dövlət büdcəsindən maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.

Maraqlıdır, ayrılan vəsait məktəblərin keyfiyyətinə və şagirdlərin öyrənmə nəticələrinə necə təsir edəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki,dövlət məktəblərində adambaşına maliyyələşmə mexanizminin tətbiqi məktəblərə ayrılan vəsaitlərin daha səmərəli və məqsədyönlü istifadəsinə imkan yaradacaq:

"Burada əsas məqsəd hər bir təhsilalan üçün nəzərdə tutulan maliyyələşmənin konkret meyarlar əsasında müəyyənləşdirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə olunmasıdır. Nazirlər Kabinetinin dünən imzaladığı qərara əsasən, tam orta təhsil məktəblərində hər şagird üçün illik 2000 manat, lisey və gimnaziyalarda 2200 manat, internat tipli ümumi təhsil müəssisələrində 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat maliyyələşmə müəyyən edilib.

Əvvəlki dövrlərə nəzər salsaq, görərik ki, bəzi bölgələrdə bir sinifdə cəmi iki-üç şagird təhsil aldığı halda, paytaxtda və digər iri yaşayış məntəqələrində siniflərdə 25-30 şagird olurdu. Buna baxmayaraq, şagird sayındakı bu fərq məktəblərin saxlanılması və tədrisin təşkili ilə bağlı xərclərin müəyyənləşdirilməsində həmişə nəzərə alınmırdı.

Bəzi hallarda azsaylı şagirdlərin təhsil aldığı məktəblərdə vakant dərs saatlarının doldurulmaması səbəbindən tədrisdə fasilələr yaranırdı. Nəticədə, ayrılan vəsaitlərə baxmayaraq, şagirdlərin keyfiyyətli təhsilə çıxışında çətinliklər meydana gəlirdi. Hazırda isə belə ərazilərdə məsafədən tədris imkanlarından istifadə təhsilin təşkili və resursların daha səmərəli idarə edilməsi baxımından əhəmiyyət daşıyır.

Adambaşına maliyyələşmə mexanizmi məktəblər arasında rəqabət mühitinin formalaşmasına da təsir göstərə bilər.

Çünki məktəbdə şagird sayının artması maliyyə resurslarının idarə edilməsinə və xərclərin planlaşdırılmasına yeni yanaşma tələb edir. Bu mexanizmin düzgün tətbiqi müəllimlərin əməkhaqlarının artırılması, məktəb infrastrukturunun yaxşılaşdırılması və tədris şəraitinin inkişafı üçün əlavə imkanlar yarada bilər.

Bununla yanaşı, qərarda müxtəlif məktəb növləri və istiqamətləri üzrə müvafiq əmsallar da nəzərdə tutulub. Həmin əmsallar tətbiq edilərkən məktəblərin təsnifatı və xüsusiyyətləri nəzərə alınacaq. Beləliklə, maliyyələşmə məbləği yalnız şagird sayına deyil, həm də müvafiq kateqoriyalar üzrə müəyyənləşdirilən əmsallara uyğun formalaşacaq".

Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...
Son xəbərlərDaha çox