Azedu.az

Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış

Ali təhsil

18 Sentyabr 2026, 09:57
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış

Yeni tədris ilinin başlaması ilə yollarda yaranan tıxac və metroda aparılan uzunmüddətli təmir işləri tələbələrin universitetlərə vaxtında çatmasını çətinləşdirir.

Bəs, görəsən, nəqliyyatdan qaynaqlanan gecikmələr nəzərə alınaraq universitetlərdə 15-20 dəqiqəlik gecikmənin üzrlü səbəb hesab edilməsi doğru olarmı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, bu yanaşma doğru deyil:

189625

"Belə yanaşmalar əslində nizamsızlığa və intizamsızlığa gətirib çıxara bilər. 15-20 dəqiqəlik güzəştlə heç nə düzələn deyil. Əksinə, bu cür yanaşma gənclərin nizamsız və intizamsız olmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, belə məsələlərdə və təşəbbüslərdə diqqətli olmalıyıq.

Gənclər çalışmalıdırlar ki, evdən daha tez çıxsınlar və vaxtında universitetdə olsunlar. Belə bir təklif verməkdənsə, vaxtında evdən çıxmaq və universitetə vaxtında çatmaq daha doğru qərardır. Biz bu yöndə düşünməli və bu istiqamətdə addımlar atmalıyıq. Hər birimiz bu prosesə öz töhfəmizi verməliyik. Bizim əsas hədəfimiz gənclərə daha çox güzəşt verməklə onların nizamsızlığına və intizamsızlığına səbəb olmaq deyil.

Əsas qayəmiz və məqsədimiz gənc nəslin nizamlı və intizamlı yetişməsinə çalışmaq olmalıdır. Bunun üçün səy göstərməli və bu istiqamətdə müvafiq addımlar atmalıyıq. Əks istiqamətdə atılan addımlar gələcəkdə müəyyən problemlərə səbəb ola bilər".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, təhsil müəssisələrində qaydalar hamı üçün eyni olmalıdır:

189627

"Tələbə universitetə gedərkən şəhərdəki nəqliyyat vəziyyətini, yollarda mümkün sıxlığı və ictimai nəqliyyatda yarana biləcək gecikmələri əvvəlcədən nəzərə almalıdır. Universitetə vaxtında çatmaq tələbənin məsuliyyətidir və bu məsuliyyəti nəqliyyatdakı hər bir problemə görə arxa plana keçirmək düzgün yanaşma olmazdı.
Əlbəttə, fövqəladə və kütləvi nəqliyyat problemləri ayrıca qiymətləndirilə bilər. Amma sırf “tıxac var”, “metroda sıxlıqdır” kimi səbəblərlə 15-20 dəqiqəlik gecikmənin avtomatik olaraq üzrlü hesab edilməsi intizam qaydalarının mahiyyətinə uyğun deyil. Bu, zamanla gecikmənin adi hala çevrilməsinə və qaydaların elastikləşməsinə gətirib çıxara bilər.

Tələbə artıq universitet həyatının əsas məsuliyyətlərini dərk etməlidir. Necə ki, imtahana hazırlaşmaq, tapşırıqları vaxtında yerinə yetirmək onun öhdəliyidir, dərsə vaxtında gəlmək də eyni məsuliyyət dairəsinə daxildir. Şəhərin nəqliyyat reallığını bilən tələbə yola çıxış vaxtını buna uyğun planlaşdırmalıdır.
 Məncə, burada əsas prinsip çox sadədir: qaydalar hamı üçün eynidirsə, məsuliyyət də hamı üçün eyni olmalıdır. 

Universitetlər tələbədən intizam tələb edir, tələbə də bu tələbi anlayışla qarşılamalıdır. Nəqliyyat problemləri təəssüf ki, şəhər həyatının bir hissəsidir və onların mövcudluğu vaxtında universitetə çatmaq məsuliyyətini tamamilə aradan qaldırmır".

Təhsil jurnalisti Məzahir Məmmədlinin sözlərinə görə, yaxşı olar ki, ali təhsil müəssisələri öz muxtariyyətlərindən istifadə etməklə dərs qrafiklərinə müəyyən dəyişikliklər etsinlər:

189635

"Məsələn, sıxlığın daha çox yarandığı yerlərdən biri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin bir ərazidə yerləşdiyi hissədir. Ətrafda bir neçə ümumtəhsil məktəbi və bağçanın da olduğunu nəzərə alsaq, burada ən azı dərs qrafikində müəyyən dəyişiklik etmək olar. Məsələn, universitetlərdən biri dərslərə saat 8:00-da, digəri 9:00-da, digəri isə 10:00-da başlaya bilər.Bunun üçün Nazirlər Kabinetinin ayrıca qərar verməsinə ehtiyac yoxdur. Hər bir universitetin bu məsələ ilə bağlı daxili qaydaları var və həmin qaydalara uyğun olaraq müəyyən tənzimləmələr aparmaq mümkündür.

Hətta bu üç universitet birgə komissiya yaradaraq məsələni müzakirə edə bilər. Kolleclərin də əksəriyyətinin həmin universitetlərin nəzdində fəaliyyət göstərdiyini nəzərə alsaq, bu istiqamətdə kompleks iş aparmaq olar.
Digər ərazilərdə də buna bənzər yanaşma tətbiq edilə bilər. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti və ona yaxın təhsil müəssisələri, yaxud İçərişəhər metrosunun ətrafında yerləşən Azərbaycan Dövlət İqtisad Universiteti, kolleclər və ümumtəhsil məktəbləri arasında dərs qrafiklərinin daxili qaydada müzakirə edilərək müəyyən dəyişikliklərin edilməsi mümkündür.

Bu yanaşma ümumtəhsil məktəbləri üçün bir qədər uyğun deyil. Çünki burada vahid sistem qurulub və əsasən valideynlərin iş qrafiki nəzərə alınır. Ona görə də məktəblərdə belə dəyişiklikləri həyata keçirmək imkanları məhduddur. Amma kolleclər və ali təhsil müəssisələri üçün bu imkanlar daha genişdir. Çünki burada tələbələr özlərini daha müstəqil şəkildə idarə edə bilirlər və qəbul olunacaq qərarlara uyğunlaşmaları mümkündür.

Ali təhsil müəssisələrində gecikmə hallarının nəzərə alınmaması məsələsinə gəlincə, bu, müəyyən mənada humanizm məsələsidir. Bir tələbənin 5-10 dəqiqə dərsə gecikməsinin onun gələcəkdə yaxşı mütəxəssis olmasına və ya tədris materialını mənimsəməsinə hər hansı ciddi maneə yaradacağını düşünmürəm. Sadəcə, burada sui-istifadə hallarının baş verə biləcəyi ehtimalı var və universitetlər buna görə belə güzəştləri rəsmi şəkildə elan etmək istəmirlər.

Bildiyim qədərilə, bu məsələ ilə bağlı müəyyən ümumi razılıq da var. Amma bunun bütün universitetlərdə olub-olmadığını dəqiq deyə bilmərəm. Bəzi hallarda artıq belə informasiyalar gəlir ki, bir həftə, 10 gün ərzində vəziyyətin necə nizamlanacağını görmək üçün qeyri-rəsmi şəkildə müəyyən güzəştlərin tətbiq olunması ilə bağlı ilkin təşəbbüslər var.

Bütün bunlar müəyyən siqnallardan xəbər verir. Əgər vəziyyət bu şəkildə davam edərsə, ilkin güzəştlərin ardı gəlməlidir. Çünki artıq tələbələr arasında müəyyən narazılıq yarana bilər. Məsələn, bir tələbə yolunun uzaq olması səbəbindən gecikir, digər tələbə isə universitetə yaxın yaşadığı halda bunu sui-istifadə edə bilər və düşünə bilər ki, gecikmə nəzərə alınırsa, mən də gecikə bilərəm.

Bu kimi halların qarşısını almağın ən effektiv yollarından biri ali təhsil müəssisələrində tədris qrafiklərinin dəyişdirilməsi və uyğunlaşdırılmasıdır. Məsələn, eyni ərazidə yerləşən universitetlərdən birinin dərsləri digərindən daha gec başlamalıdır.Ancaq burada başqa bir problem də var. Bu gün ali təhsil müəssisələrinin əksəriyyəti iki, bəzi hallarda isə üç növbəli tədris rejimində fəaliyyət göstərir. Məsələn, universitetlərin əksəriyyətində artıq iki növbə var, üçüncü növbədə isə saat 18:00-19:00-dan sonra magistratura tələbələri üçün dərslər başlayır.

Elə universitetlər də var ki, ümumiyyətlə, təmir işlərini başa çatdırmayıb. Yay müddətində təmirə başlanılıb, amma işlər yekunlaşmayıb və buna görə də ciddi sıxlıq yaranıb. Belə hallar var ki, tələbələr gün ərzində səhər saat 8:00-dan axşam saat 21:00-a qədər universitetdə olurlar.Bütün hallarda bu məsələ heç olmasa müəyyən dairələrdə müzakirə olunmalı və mümkün variantlar nəzərdən keçirilməlidir. Dərs qrafiklərinin uyğunlaşdırılması, məncə, həm nəqliyyat sıxlığının azaldılmasına, həm də gecikmələrlə bağlı yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasına müəyyən qədər kömək edə bilər".

Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ
Son xəbərlərDaha çox