Azedu.az

“İnsanlar həm süni intellektlə, həm də onsuz işləyə bilməlidir”

AzEdu Təhsil Platforması

17 Sentyabr 2026, 11:37
“İnsanlar həm süni intellektlə, həm də onsuz işləyə bilməlidir”

“Ənənəvi bacarıqları qorumalı, dəyişən şəraitə uyğunlaşmağı öyrənməliyik”.

AzEdu.az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.

Rövşən Nəcəf bildirib ki, sürətlə dəyişən texnologiyalar fonunda əsas bacarıqlardan biri müxtəlif situasiyalara uyğunlaşmaq və yanaşmanı dəyişə bilməkdir:

“Məsələn, kibertəhlükəsizlik mövzusuna baxsaq, hərbçilərin xidmət zamanı bəzi tətbiqlərdən istifadə etməsi onların yerləşdiyi məkanın müəyyən edilməsinə səbəb ola bilirdi. Bu, əvvəllər çoxlarının diqqət yetirmədiyi məsələlərdən biri idi.

Bu baxımdan, istər peşə təhsilində, istərsə də digər təhsil səviyyələrində əsas bacarıqların nələr olduğuna diqqət yetirməliyik. 

Düşünürəm ki, burada ən vacib bacarıqlardan biri müxtəlif şəraitlərə uyğunlaşmaq və situasiyadan asılı olaraq davranışını dəyişə bilməkdir. Buna dəqiq cavab vermək çətindir. Çünki avtomatlaşdırma, robototexnika və süni intellekt sürətlə inkişaf edir. Eyni zamanda, bu texnologiyaların gələcəyi ilə bağlı müxtəlif müzakirələr də aparılır. Məsələn, süni intellektin müəyyən hallarda dayandırılması ilə bağlı ssenarilər gündəmə gəlir.

Əgər biz bu gün avtomatlaşdırma, süni intellekt və yeni texnologiyalarla işləməyi öyrəniriksə, gələcəkdə müəyyən səbəbdən bu imkanlar əlçatan olmadıqda işimizi necə davam etdirəcəyimizi də bilməliyik. Bu isə o deməkdir ki, ənənəvi bacarıqlar hələ də aktuallığını qoruyur. Çünki gələcəkdə hansı vəziyyətlə qarşılaşacağımızı dəqiq bilmirik.

Rəhbər, top-menecer, dövlət və ya özəl sektorda çalışan şəxs kimi hər zaman alternativ planlarımız olmalıdır: Plan A, Plan B, Plan C. Nə isə yolunda getmədikdə nə edəcəyik? Hansısa sistem işləmədikdə nəyə hazır olmalıyıq? Bu baxımdan düşünürəm ki, insanlarda situasiyadan asılı olaraq düşüncə tərzini və yanaşmasını dəyişmək, yeni şəraitə uyğunlaşmaq bacarığını inkişaf etdirməliyik.

Bacarıqlardan danışarkən, eyni insanların həm süni intellekt və robototexnika ilə, həm də bu texnologiyalar olmadan işləyə bilməsi vacibdir. Yəni insanlar dəyişən situasiyaya uyğunlaşmağı bacarmalıdırlar.

“Gələcəkdə nə olacaq?” sualına isə dəqiq cavab vermək çətindir. Çünki süni intellekt sahəsində çalışan aparıcı gənclər və mütəxəssislər belə bu barədə konkret proqnoz verə bilmirlər.

Bu mənada, peşə təhsili müəssisələri üçün vacib məqamlardan biri süni intellekt, robototexnika və digər yeni texnologiyalarla bağlı bacarıqları tədrisə əlavə etməklə yanaşı, ənənəvi bacarıqları da qorumaqdır. Bununla yanaşı, öyrətmək bacarığı da inkişaf etdirilməlidir.

Çünki gələcəkdə Plan C və ya Plan D-yə ehtiyac yarandıqda hər hansı peşəni bilən insanlar öz bacarıqlarını başqalarına da ötürə bilməlidirlər. 

Bəşəriyyət tarixində həmişə yüksək istedadlı insanlar olub, lakin onların hamısı yaxşı müəllim olmayıb. Bəzi insanlar öz bilik və bacarıqlarını növbəti nəslə ötürməkdə çətinlik çəkiblər.

Bu məkanın təqdimatı zamanı onun infrastruktur və innovasiya məkanı olduğu vurğulandı. Ümid edirəm ki, bura ilk növbədə mövcud çərçivələri aşmağa, sərhədlərdən kənara çıxmağa və innovativ ideyalarla gəlməyə hazır olan zəkalar və ruhlar üçün bir ev olacaq”.

Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox