“Sürətli həllər axtarmaqla yanaşı, uzunmüddətli inkişafı da nəzərə almalıyıq”
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Emin Əmrullayev çıxışında layihənin qısa müddətdə keçdiyi inkişaf yolundan, tərəfdaşların rolundan, eləcə də rəqəmsal və insani bacarıqların inkişafına yanaşmadan danışıb.
“Yəqin ki, nitqimə bu gün səhər hər birimizin hiss etdiyi qürur hissini bölüşməklə başlamaq istərdim. Çünki Nihadın da qeyd etdiyi kimi, 10 ay əvvəl bu məkan çox fərqli bir mühit idi. İndi isə burada gələcəyə inamını bölüşə biləcəyimiz bu qədər insan var.
Düşünürəm ki, bu, çox vacibdir. Bunu mümkün edən bütün tərəfdaşlara, bütün sponsorlara – İqtisadiyyat Nazirliyinə, SOCAR-a, PAŞA-ya, NEQSOL-a və ilk gündən bizimlə birlikdə olan, bu gün müzakirə etdiyimiz məsələləri müzakirə etməyə imkan yaradan bütün digər maraqlı tərəflərə təşəkkür etmək istərdim.
Qeyd etdiyiniz rəqəmsal bacarıqlara və ya ümumilikdə insani bacarıqlara gəlincə, şəxsən mən inanıram ki, məsələnin əsas və fundamental tərəfi çox vacibdir.
Çünki bəzən mənə elə gəlir ki, bir çox sistemlər addım-addım inkişaf etmək əvəzinə, sadəcə müəyyən trendlərə uyğunlaşmağa və ayaq uydurmağa çalışırlar.
Burada, ehtimal ki, iki yol var. Birincisi daha uzun yoldur. Yəni nəticə əldə etmək üçün həqiqətən çox vaxt lazımdır.
Çünki müəyyən sistemlərin və ya iqtisadiyyatların onilliklər ərzində keçdiyi məsafəni 5 və ya 10 ilə qət etmək qeyri-mümkün görünür.
Yaxud da qarşılaşdığınız müəyyən çətinlikləri ən azı həll etməyə imkan verən qısa yollar və ya daha sürətli nəticə verən həllər axtara bilərsiniz. İnanıram ki, bu, mənimlə Mixail arasında bu gün hansı tərəfi seçmək barədə davam edən bir diskussiyadır.
Yekun cavab isə həmişə hər ikisidir. Çünki bir tərəfdən yalnız uzunmüddətli perspektivə diqqət yetirsəniz, gözlənilməz qeyri-müəyyənlikləri həll etmək şansınızı itirə bilərsiniz.
Qarşılaşa biləcəyiniz və əvvəlcədən proqnozlaşdıra bilmədiyiniz hər hansı bir problemi həll etmək üçün istedadınızın ən azı 5-10 faizini bu istiqamətə yönəltməlisiniz”.