“Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”.
AzEdu.az xəbər verir ki, bu sözləri “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Fərid Məmmədov bildirib ki, təşkilatların innovasiyaya və istedadların inkişafına investisiya yatırmasında əsas amillərdən biri artan tələbatdır:
“Mən inanıram ki, şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur. Hesab edirik ki, artım və tələbat təşkilatları yeniliklər etməyə və istedadlara sərmayə qoymağa sövq edən əsas amillərdəndir.
Təqdimatda da qeyd olunduğu kimi, mövcud boşluqlardan biri rəqəmsallaşmadır. Şəxsən hesab edirəm ki, bu, bacarıqlardakı uyğunsuzluq baxımından boşluq olsa da, digər tərəfdən təşkilatlar üçün mühüm stimul və hərəkətverici qüvvədir.
Çünki onlar sırf şəxsi maraqdan çıxış edərək – biznes olaraq daha uğurlu olmaq üçün – əməkdaşlarını öyrətməyə və onların bacarıqlarını inkişaf etdirməyə çalışırlar.
Bizim üçün biznes sektoru və dövlət-özəl tərəfdaşlığı baxımından tələbatı artıran, yeni alətlərə çıxış yaradan, yaratmaq və yenilik etmək, eyni zamanda yeni biznes istiqamətləri və gəlir mənbələri formalaşdırmaq imkanı verən belə bir infrastrukturun qurulması istedadların inkişafı üçün ən yaxşı stimullardan biridir. Çox sağ olun”.