Azedu.az

Şagird oxuduğunu anlaya bilmirsə, günahkar kimdir?

AzEdu Təhsil Platforması

12 Sentyabr 2026, 10:35
Şagird oxuduğunu anlaya bilmirsə, günahkar kimdir?

Ötən gün el m və təhsil naziri PİSA nəticələrini açıqlayan zaman qey edib ki, 15 yaşlı şagirdlərin oxu üzrə minimal bacarıq səviyyəsinə çatmasını təmin etməkdir. Nazirin sözlərinə görə, hazırkı nəticələrdə şagirdlərin əhəmiyyətli hissəsi oxuduğu mətni lazımi səviyyədə anlamaqda çətinlik çəkir.

Maraqlıdır ki, bunun kökündə dayanan səbəb nədir? Və problemdən çıxış yolunu nədə görürsünüz?

AzEdu.az-a mövzu ilə bağlı danışan "İlin gənc müəllimi" Xəzri Muradov qeyd edib ki, problemin əsas köklərindən biri mətnlə işləmə metodikasının uzun illərdir ciddi şəkildə yenilənməməsidir:

189100

"Cənab nazirin qeyd etdiyi bu məqam, məncə, bu gün təhsilimiz qarşısında duran ən ciddi problemlərdən biridir. Şagird oxuduğunu anlamırsa, bütün məsuliyyəti onun üzərinə atmaq doğru deyil. Çünki təhsildə nəticə yalnız şagirdin deyil, müəllimin, metodikanın və bütövlükdə sistemin ortaq nəticəsidir. Mən hətta daha sərt deyərdim: eyni üsulla illərlə eyni problemi həll etməyə çalışmaq nəticə vermirsə, problemi şagirddə yox, yanaşmamızda axtarmalıyıq.

Məncə, problemin əsas köklərindən biri mətnlə işləmə metodikasının uzun illərdir ciddi şəkildə yenilənməməsidir. Şagirdə sadəcə “mətni oxu və nə başa düşdünsə de” demək kifayət etmir. Məsələn, əvvəlcə sualları oxutdurub sonra mətnə keçmək, mətni birnəfəsə deyil, abzas-abzas oxudub hər hissə üzərində düşünmək, oxuduğunu beyində analiz etdirmək, nəticə çıxarmaq və öz fikri ilə ifadə etmək kimi üsullar tətbiq olunmalıdır. Uşaq sadəcə oxumamalıdır, oxuduğu ilə düşünməyi öyrənməlidir".

Ən azı 30 seçilmiş müəllimi oxu savadlılığı və şagirdyönümlü təhsil sahəsində qabaqcıl nəticələr göstərən ölkələrə göndərmək olar:

"Burada müəllimin rolu xüsusilə böyükdür. Müəllim yalnız dərs deyən insan deyil, həm də metodika yaradan, ideya ortaya qoyan, yeni yollar axtaran şəxs olmalıdır. Təhsildə müəllim təkrarlayan yox, yaradandır. Əgər müəllim yalnız ona deyiləni təkrar edirsə, şagirddən necə yaradıcı düşüncə gözləyə bilərik?

Ən vacib məsələlərdən biri də beynəlxalq təcrübədən real şəkildə yararlanmaqdır. Mən hesab edirəm ki, ən azı 30 seçilmiş müəllimi oxu savadlılığı və şagirdyönümlü təhsil sahəsində qabaqcıl nəticələr göstərən ölkələrə göndərmək olar. Onlar oradakı dərsləri, müəllim-şagird münasibətini, mətnlə işləmə üsullarını, düşünmə və analiz metodlarını yerində öyrənib geri qayıtmalıdırlar. Daha sonra bu müəllimlər ölkə daxilində həmkarları üçün praktik təlimlər keçə bilərlər.

Amma burada bir şərt var: təlim yalnız sertifikat almaq üçün keçirilən növbəti formal tədbirə çevrilməməlidir. Öyrənmək istəməyən müəllimə dünyanın ən yaxşı metodikasını da versəniz, nəticə dəyişməyəcək. Təlimə həqiqətən öyrənmək, dəyişmək və öyrətdiyi uşağın nəticəsini yaxşılaşdırmaq istəyən müəllimlər cəlb olunmalıdır".

Müəllim dəyişməyə hazırdırsa, şagird də dəyişəcək; müəllim öyrənirsə, şagird də öyrənəcək:

"Mən təhsildə bir prinsipə inanıram: “Dəyişməyən metod dəyişən dünyada nəticə verə bilməz.” Artıq uşaqların qarşısına köhnə suallarla, köhnə yanaşmalarla çıxmaq kifayət etmir. Uşağın diqqəti, düşünmə tərzi, informasiya qəbul etməsi dəyişib. Deməli, müəllimin yanaşması da dəyişməlidir.

Bu problem neçə illərdir davam edir və nəticə istədiyimiz səviyyədə deyilsə, deməli, eyni yolu təkrar-təkrar getməyin mənası yoxdur. Eyni üsulla fərqli nəticə gözləmək təhsildə də ən böyük yanlışlarımızdan biridir.
Məncə, PİSA nəticələrinə yalnız bir statistika kimi baxmaq olmaz. Bu nəticələr bizə bir siqnal verir: uşağa daha çox mətn oxutmaqdan əvvəl ona oxuduğunu necə anlamağı öyrətməliyik. Çünki savadlı insan çox oxuyan yox, oxuduğunun mənasını dərk edib onu həyata tətbiq edə bilən insandır.

Və sonda bir məsələni xüsusi vurğulamaq istəyirəm: təhsilin gələcəyi yeni binalarda deyil, yeni düşünən müəllimlərdə qurulur. Müəllim dəyişməyə hazırdırsa, şagird də dəyişəcək; müəllim öyrənirsə, şagird də öyrənəcək. Biz uşaqlardan inkişaf tələb ediriksə, əvvəlcə onların müəllimlərinin inkişafına sərmayə qoymalıyıq"

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox