Azedu.az

Müəllimlərin sertifikasiyasına tam güvənmək olmaz-Şagirdlər necə güclənməli?

Müəllimlər və elm adamları

11 Sentyabr 2026, 10:23
Müəllimlərin sertifikasiyasına tam güvənmək olmaz-Şagirdlər necə güclənməli?

Elm və təhsil naziri ötən günlərdə sertifikatlaşdırmanın təsirinin PISA nəticələrində tam şəkildə özünü göstərməsi üçün 2030-2035-ci illərə qədər gözləmək lazım gələ biləcəyini bildirib. Bu fikir müəllimlərin peşəkar bilik və bacarıqlarının sistemli qiymətləndirilməsinin təhsilin nəticələrinə təsirinin uzunmüddətli proses olduğunu göstərir.

Bəs sertifikatlaşdırma mexanizmi perspektivdə müəllimlərin peşəkarlığının və nəticə etibarilə şagird nailiyyətlərinin yüksəlməsinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf Liseylərinin ümumi icraçı direktoru Nizami Hüseynov qeyd edib ki, sertifikatlaşdırma düzgün qurulduğu halda uzunmüddətli perspektivdə müəllim peşəkarlığının yüksəlməsinə ciddi təsir göstərə bilər:

189071

"Lakin bunun üçün sertifikatlaşdırma sadəcə müəllimi ölçən imtahan kimi deyil, davamlı peşəkar inkişaf sisteminin başlanğıcı kimi tətbiq edilməlidir. Bu mexanizmin əsas müsbət təsiri müəllimlik peşəsində minimum bilik və bacarıq standartlarının müəyyənləşdirilməsidir. Müəllim hansı sahələr üzrə qiymətləndiriləcəyini bildikdə öz biliklərini yeniləməyə, fənn hazırlığını gücləndirməyə və metodikasını təkmilləşdirməyə daha çox ehtiyac duyur. Əməkhaqqı artımının nəticə ilə əlaqələndirilməsi də peşəkar inkişaf üçün əlavə motivasiya yaradır.

Bununla yanaşı, sertifikatlaşdırmanın nəticələri sistem üçün mühüm məlumat bazası formalaşdırır. Hansı fənlərdə, bölgələrdə və müəllim qruplarında daha çox çətinliyin olduğu müəyyənləşdirilə, təlimlər ümumi və formal şəkildə deyil, real ehtiyaclara uyğun təşkil edilə bilər. Beləliklə, sertifikatlaşdırma yalnız fərdi müəllimi deyil, müəllim hazırlığı və ixtisasartırma sistemini də təkmilləşdirə bilər.

Şagird nailiyyətlərinə təsir isə birbaşa və dərhal baş verməyəcək. Nazirin 2030–2035-ci illəri qeyd etməsi bu baxımdan məntiqlidir. PISA 15 yaşlı şagirdlərin yalnız proqram üzrə biliklərini deyil, oxuduğunu anlama, riyazi düşünmə və elmi bilikləri real situasiyalarda tətbiqetmə bacarıqlarını ölçür. 2024-cü ildən sonra daha keyfiyyətli müəllimlərlə təhsil alan şagird nəslinin PISA yaşına çatması və təsirin bütün təhsil pillələri boyunca toplanması üçün zamana ehtiyac var".

Ancaq yalnız sertifikatlaşdırmanın keçirilməsi PISA nəticələrinin avtomatik yüksəlməsinə təminat vermir:

"Bunun üçün prosesin bir neçə vacib şərti olmalıdır. Qiymətləndirmə yalnız fənn biliyini deyil, pedaqoji və metodik bacarıqları da əhatə etməlidir. Nəticələrə əsasən müəllimlərə fərdiləşdirilmiş inkişaf proqramları təqdim olunmalıdır. Aşağı nəticə göstərən müəllim cəzalandırılmaqla kifayətlənməməli, mentorluq və təlimlə dəstəklənməlidir. Yüksək nəticə göstərən müəllim üçün əməkhaqqı ilə yanaşı, karyera və peşəkar inkişaf imkanları yaradılmalıdır. Sertifikat balı müəllimin sinifdəki real fəaliyyətinin yeganə ölçüsünə çevrilməməlidir. Məktəb rəhbərliyi, kurikulum, dərslik, sinif sıxlığı və təhsil resursları da paralel şəkildə yaxşılaşdırılmalıdır.

Əsas risk sertifikatlaşdırmanın müəllimləri yalnız testə hazırlaşmağa yönəltməsidir. Müəllim yüksək bal toplaya, lakin bildiyini şagirdə ötürməkdə, sinfi idarə etməkdə və tənqidi düşünmə bacarığı formalaşdırmaqda çətinlik çəkə bilər. Buna görə test nəticəsi dərs müşahidəsi, müəllim portfoliosu, peşəkar inkişaf dinamikası və şagird işlərinin təhlili ilə tamamlanmalıdır.

Nəticə etibarilə sertifikatlaşdırma zəruri və potensialı yüksək olan mexanizmdir, amma təkbaşına kifayət deyil. Onun əsas uğuru neçə müəllimin yüksək bal toplaması ilə deyil, sertifikatlaşdırmadan sonra müəllimin dərsində nə dəyişdiyi ilə ölçülməlidir. Əgər nəticələr məqsədli təlim, mentorluq, karyera inkişafı və məktəbdaxili keyfiyyətə nəzarətlə əlaqələndirilərsə, 2030-2035-ci illərdə şagird nailiyyətlərinə, o cümlədən PISA nəticələrinə nəzərəçarpacaq təsir göstərməsi mümkündür".

Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir
Son xəbərlərDaha çox