“Ümumi məqsədləri gözardı edib yalnız fərdi KPI-lara fokuslanmamalıyıq”.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, müxtəlif qurumların fəaliyyətində yalnız fərdi göstəricilərə deyil, ümumi məqsədlərə də diqqət yetirilməlidir:
“Bu cür ‘tez nəticə verən’ yanaşmalara dair çoxlu nümunələr gətirmək olar. Düşünürəm ki, əsas problem müxtəlif qurumlar – istər dövlət, istərsə də özəl sektor olsun – ümumi məqsədləri gözardı edərək yalnız öz fərdi KPI-larını ön plana çıxardıqda yaranır.
Biz bundan qaçmalı, hamımızın bölüşdüyü ümumi məqsədləri ifadə edən bir neçə vacib göstərici müəyyən etməliyik. Əsas məsələ də budur ki, inkişafın nə demək olduğunu bütün tərəflər üçün eyni şəkildə müəyyənləşdirək. Bəlkə də ən çətin hissə elə budur.
Məsələn, Elm və Təhsil Nazirliyi üçün bacarıqların inkişafının göstəricilərindən biri PISA nəticələri ola bilər. Lakin SOCAR üçün bu, fərqli göstəricidir. Burada uyğunlaşmanı təmin etməliyik. Çünki SOCAR üçün PISA nəticələri birbaşa əhəmiyyət daşımaya bilər. Onlar üçün əsas məsələ əmək bazarına daxil olan yeni məzunun işə başlayaraq real problemləri həll edə bilməsidir. Biz bunu çox yaxşı anlayırıq.
Ona görə də əsas sual resurslarımızı və imkanlarımızı necə birləşdirə biləcəyimizdir. Hazırda bu istiqamətdə baş verən proseslərə öz baxışımdan yanaşdıqda, bu gedişatı müsbət qiymətləndirirəm.
Çünki müxtəlif tərəfdaşlar arasında uğurlu əməkdaşlıq nümunələri formalaşır.
Məsələn, SOCAR, PAŞA və Bakıdakı IE Biznes Məktəbi arasındakı son tərəfdaşlıq səylərin birləşdirilməsi baxımından yaxşı nümunədir.
Azərbaycan Texniki Universiteti ilə ASCO arasında həyata keçirilən “Asset Academy” layihəsi də şirkətlərin real ehtiyaclarına cavab verən təşəbbüslərdən biridir. Digər nümunə isə NEQSOL ilə Qarabağ Universitetində İT və texnologiyalar istiqamətində həyata keçirdiyimiz işlərdir.
Bütün bu nümunələr göstərir ki, prioritetləri birlikdə düzgün müəyyənləşdirmək mümkündür. Bəlkə də növbəti mərhələdə bunu daha geniş miqyasda həyata keçirməyə ehtiyac var.
Eyni zamanda, yalnız yerli layihələr və qısamüddətli nəticələrlə kifayətlənməməliyik. Bu təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı daha geniş makro siyasətə və gələcək strategiyalara inteqrasiya etməliyik”.