Azedu.az

Firudin Qurbanov akademik Zərifə Əliyeva adına liseydə Bilik Günü tədbirində iştirak edib

Təhsil Nazirliyi

15 Sentyabr 2026, 14:30
Firudin Qurbanov akademik Zərifə Əliyeva adına liseydə Bilik Günü tədbirində iştirak edib

Sentyabrın 15-də Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, liseyin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, müasir dövrdə təhsil qarşısında dayanan əsas çağırışlardan danışıb.

Nazir müavini qeyd edib ki, sürətlə dəyişən əmək bazarı və texnoloji inkişaf gələcəyin mütəxəssislərindən yeni bilik və bacarıqlar tələb edir. Bu baxımdan təhsil sisteminin əmək bazarının gələcək tələblərini nəzərə alması, şagirdlərin rəqəmsal və digər müasir bacarıqlara yiyələnməsinə imkan yaratması mühüm əhəmiyyət daşıyır. Firudin Qurbanov süni intellekt və rəqəmsal texnologiyaların təhsil prosesində rolunun artacağını vurğulayıb. Bildirib ki, bu texnologiyalar gələcəkdə tədrisin fərdiləşdirilməsi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və onların öyrənmə imkanlarının genişləndirilməsi baxımından mühüm imkanlar yaradacaq.

Çıxışda təhsil prosesində əsas diqqətin məlumatın əzbərlənməsinə deyil, şagirdlərin yaradıcı, analitik və tənqidi təfəkkürünün, müstəqil düşünmə və problem həll etmə bacarıqlarının inkişafına yönəldilməsinin vacibliyi qeyd olunub.

Firudin Qurbanov Zərifə xanım Əliyevanın elmi fəaliyyəti və oftalmologiya sahəsinin inkişafına verdiyi töhfələrə toxunaraq onun peşəkarlığı, elmə bağlılığı və yeni mütəxəssislərin yetişdirilməsinə verdiyi önəmi xüsusi qeyd edib. Bildirib ki, Zərifə Əliyevanın həyat və fəaliyyəti müasir dövrdə də gənclər üçün elmə, biliyə və peşəyə məsuliyyətli yanaşmanın nümunəsidir.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova təhsilin cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb, şagirdlərə yeni bilik və bacarıqlar qazanmalarını, müəllimlərə isə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Liseyin direktoru Fərqanə İsayeva çıxışında yeni tədris ili münasibətilə şagird və müəllimləri təbrik edib, liseydə təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. 

Çıxışlardan sonra liseyin şagirdləri tərəfindən yeni tədris ilinə həsr olunmuş musiqi və bədii kompozisiyalar təqdim edilib.

Daha sonra Firudin Qurbanov liseydə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə görüşüb, onların fikirlərini dinləyib.

Regionda təhdidlər artır - Bakını nə gözləyir?
Son xəbərlərDaha çox