"Texnologiya vasitədir, əsas dəyər insan və istedaddır”
AzEdu.az xəbər verir ki, bu sözləri “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Fərid Məmmədov əvvəlcə “SABAH”ı və layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edib:
“Sabahınız xeyirli olsun. Məndən əvvəl çıxış edən hörmətli spikerlərə qoşularaq “SABAH”ı və bu layihənin qurulmasında, yaradılmasında əməyi olan hər kəsi təbrik etmək istəyirəm. Bu, möhtəşəm məkandır. Səhnədən də qeyd olunduğu kimi, arzu edirəm ki, bura böyük bir icmaya çevrilsin.
Biz də bu icmanın bir hissəsiyik. Ona görə də layihənin uğurlu olması və ölkəmizdə istedadların inkişafına töhfə verməsi üçün üzərimizə düşən işi görəcəyik.
Sualınıza gəlincə, biz texnologiyanı və insanları universitetlərdən ayrı bir aləm kimi görmürük. Süni intellekt haqqında düşünməyə başladığımız ilk vaxtlardan bunu yalnız texnologiya təşəbbüsü deyil, daha çox istedad və insan təşəbbüsü kimi qiymətləndirmişik.
Texnologiya vasitədir.
Hörmətli Ceyhun müəllimin də qeyd etdiyi kimi, insan və texnologiya faktorunun birləşməsi korporasiyalar üçün bu sahəni həqiqətən mühüm və dəyərli edən əsas amillərdən biridir.
Biz bu məsələyə üç səviyyədə yanaşırıq.
Birincisi, mümkün qədər “ağıllı” təşkilata çevrilmək istəyirik. Bunun üçün düşünmək və xəyal qurmaq baxımından hazırda çox əlverişli dövrdəyik. Çünki bu gün biliyə çıxışın dəyəri demək olar ki, sıfıra enib.
Lakin həmin biliyi necə əldə etmək, ondan düzgün istifadə etmək, məlumat və bilik əsasında mühakimə yürütmək və qiymətləndirmək bacarığı insan inkişafına və təliminə ciddi investisiya tələb edir.
Beləliklə, orta göstərici də əhəmiyyətli dərəcədə yüksələcək. Bu gün “ağıllı istedad” adlandırdığımız orta istedad səviyyəsi nəzərəçarpacaq dərəcədə artacaq”.