Dünəndən etibarən 2026/2027-ci tədris ili başlayıb. Yeni tədris ilinin başlaması ilə bir sıra çətinliklər, həmçinin də müsbət yeniliklər də meydana çıxır.
Ancaq maraqlıdır ki, yeni tədris ilinə hansı ciddi problemlərlə qədəm qoyduq?
AzEdu.az mövzu ilə bağlı təhsil məsələləri üzrə təhsil ekspertləri arasında sorğu keçirib.
Sorğumuza cavab olaraq, Elçin Əfəndi bildirib ki, kolleclərdə arzuladığımız ideal təhsil mövcud deyil:

"Bütün təhsilalanları və təhsilverənləri təbrik edirik və uğurlu tədris ili arzulayırıq.
Qeyd edim ki, növbəti tədris ilinə əsasən ciddi problem kimi başlayırıq: birinci sinfə şagird qəbulunun aşağı olması, məktəbəqədər, o cümlədən məktəbəhazırlıq qruplarında şagirdlərin sayının azlığı və s. Bu, düzdür, birbaşa təhsillə bağlı olan bir istiqamət deyil; əhalinin təbii artımı və demoqrafik göstəricilərdən asılı olaraq belə vəziyyət formalaşıb. Könül istər ki, gələcəkdə kütləvi ixtisarların olmaması üçün əhalinin demoqrafik göstəricilərində müsbətə doğru, dinamikada dəyişiklik olsun.
Təhsildə olan mövcud problemlər, mən orta ixtisas təhsili müəssisələrinin son dövrlər nəticələrinin aşağı olması məsələsini bildirmək istəyirəm. Təəssüf ki, bizim kolleclərdə arzuladığımız ideal təhsil mövcud deyil. Düzdür, bir neçəsində barmaqla sayılacaq qədər cəhdlər var, amma böyük əksəriyyətində problemlər böyükdür.
O cümlədən, bəzi bölgələrimizdə olan təhsil müəssisələrində şagird sayının azalması və bunun da əvəzində rasionallaşdırma və optimallaşdırmadan irəli gələrək onların birləşdirilməsi vmüəyyən təhsilalanlar üçün haradasa çətinlik yaradır. Ona görə də başlanğıcda qeyd etdiyim o ciddi demoqrafik göstəricilər bu məqamlara da təsir etmiş olur".
Məllimlərin dərs yükünün bir qədər azalması yaxşı olar:
"Digər problem dərs vəsaitləri ilə bağlıdır. Düzdür, bu istiqamətdə işlər görülür, ama könül istər ki, daha qısa müddətdə biz dərsliklərlə bağlı nailiyyətlərə gedə bilək. Çünki dərsliklərdə mövcud çatışmazlıq şagirdlərin bilik və bacarıqlarının formalaşmasına, müəyyən qədər təsir göstərmiş olur.
Nazirlik tərəfindən müvafiq layihələr, işlər aparılır. Məsələn, təmayülləşmə bu istiqamətdə prosesi tədrisin müəyyən qədər kənarda axtarılmasının qarşısını almağa köməklik göstərə biləcək. diye düşünülür Amma yenə də bu pilot layihə olduğu üçün bütün ölkə məktəblərini əhatə etmir və bu səbəbdən hələ də adıçəkilən qlobal problemlə üz-üzəyik. Yaxşı olardı ki, şagirdlər təhsili elə təhsil müəssisəsində alsınlar, kənarda təhsil arxasıyca düşməsinlər. Yəni bu kimi problemlərimiz var.
Elmin Nuri qeyd edib ki, repetitorluq hələ də təhsili ciddi şəkildə öz kölgəsində saxlayır:

"Şagirdlərin etik davranış kodekslərinin bütün müəssisələr üzrə tətbiqi - təəssüf ki, bu hələ də pilot layihə olaraq qalır; Məktəb psixoloqlarının - yəni, təhsildə psixoloji xidmətin təminatına cavabdeh olan əməkdaşların işinin hələ də formal səviyyədə olması. Məktəblərdə çox vacib funksiyanı həyata keçirən bu işçilər üçün lazımı şəraitin, şəxsi kabinetlərin yaradılmasına ehtiyac var;
Repetitorluğun hələ də təhsili ciddi-cəhdlə öz kölgəsində saxlaması. Tamştatlı müəllim modeli bunun qarşısını müəssyən qədər alacaq, amma proses üçün illər lazımdır; Fənlər üzrə mövzuların şagirdlərə kurikulumun məzmun xətlərinin tələblərinə - analitik bacarıqlarla təqdim oluna bilinməməsi".
Məzahir Məmmədlinin sözlərinə görə isə ənənəvi sentyabr problemi həmişə olduğu kimi bu il də eyni səviyyədə qalır:

"Hər il olduğu kimi, bu il də sentyabrın 15-də xüsusilə Bakı, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir və digər böyük şəhərlərdə eyni ənənəvi problemlər yaşanmaqdadır. Hər kəs həmin gün məktəb ətrafında, məktəblərin sıx olduğu yerlərdə küçələrin keçilməz olmasından danışır. Bu kimi problem ölkə üzrə demək olar ki, hər il təkrarlanır.
Çox qəribədir ki, bu məsələ ilə bağlı əvvəlcədən xüsusi plan üzrə işləyən bir idarə və ya müəssisə olmadı ki, qabaqcadan elan eləsin ki, "Biz sentyabrın 15-nə bu şəkildə hazırlıq görürük". Yalnız Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xüsusi xəbərdarlıq edib ki, həmin vaxt sürücülər diqqətli olsunlar, uşağını birinci sinfə aparanlarla bağlı və yolla bağlı hadisələrin qarşısını almaq üçün əhaliyə müraciətlər olunub. Qalan fərqli hələ ki bir şey müşahidə eləməmişəm.
Adəti üzrə, hər il baş vermiş hər hansı bir nöqsanlı işin təkrarlanmaması üçün müəyyən plan hazırlanmalı və növbəti il üçün təqdim olunmalıdır. Təəssüf, bu istiqamətdəki hazırlıq işləri demək olar, görülmür və eyni problemlər hər il təkrarlanır.
Bir də bəzi ucqar yerlərdə hələ ötən ildən müzakirəsi gedən məsələlər bu il də qalmaqdadır: bəzi məktəblər təmir olunmalıdır, çünki buna ciddi ehtiyac var. Bəzi məktəblər də var ki, onlar sentyabrın 15-nə qədər hazırlıq işlərini çatdıra bilməyib. Yaxşı olardı ki, bu məsələ ilə bağlı artıq zamanında tədbirlər görülərdi ki, heç olmasa sentyabrın 15-nə uşaqlar rahat şəkildə tədrisə gələrdilər, sıxlıq olmazdı. Bir sözlə, ənənəvi sentyabr problemi həmişə olduğu kimi bu il də elə eyni səviyyədə qalır".
Vüsət Əzizov isə bildirib ki, ilk növbədə, təhsilin keyfiyyəti və şagirdlərin fundamental bacarıqları məsələsini qeyd etmək lazımdır:

"Yeni tədris ilinə daxil olarkən Azərbaycan təhsil sistemində müəyyən müsbət dəyişikliklərlə yanaşı, hələ də həllini gözləyən bir sıra ciddi problemlər var.
İlk növbədə, təhsilin keyfiyyəti və şagirdlərin fundamental bacarıqları məsələsini qeyd etmək lazımdır. Xüsusilə oxu, mətn anlama, məntiqi düşünmə və əldə olunan bilikləri praktikada tətbiq etmək bacarıqlarında problemlər qalmaqdadır. Şagirdin yalnız məlumatı əzbərləməsi deyil, onu təhlil edib nəticə çıxara bilməsi əsas hədəfə çevrilməlidir.
İkinci ciddi məsələ müəllim keyfiyyəti və kadr təminatıdır. Sertifikasiya prosesinin nəticələri göstərir ki, müəllimlərin peşəkar hazırlığı ilə bağlı müəyyən boşluqlar mövcuddur. Burada yalnız müəllimin biliyini yoxlamaq kifayət deyil. Sertifikasiyadan sonra müəllimlərin inkişafına, metodiki dəstəyə və davamlı təlimlərə daha çox diqqət yetirilməlidir".
Əmək bazarının tələbləri ilə təhsilin verdiyi bacarıqlar arasındakı uyğunsuzluq məsələsi də diqqətdə saxlanılmalıdır:
"Digər problem şagirdlərin həddindən artıq imtahan və nəticə yönümlü təhsil almasıdır. Bəzi hallarda məktəb təhsili ilə repetitor hazırlığı arasında ciddi fərq yaranır. Şagird məktəbdə aldığı təhsilin ona kifayət etmədiyini düşünürsə, bu, sistem üçün ciddi siqnaldır. Məktəb elə səviyyədə olmalıdır ki, repetitorluq əlavə imkan olsun, əsas təhsil mənbəyinə çevrilməsin.
Bundan başqa, məktəblər arasında imkan və resurs fərqləri də aktual olaraq qalır. Bakı ilə regionlar, şəhər və kənd məktəbləri arasında həm maddi-texniki baza, həm də müəllim təminatı baxımından fərqlər mövcuddur. Rəqəmsallaşma prosesi də bütün məktəblərdə eyni sürətlə getmir.
Nəhayət, əmək bazarının tələbləri ilə təhsilin verdiyi bacarıqlar arasındakı uyğunsuzluq məsələsi də diqqətdə saxlanılmalıdır. Şagird və tələbəyə yalnız diplom və qiymət deyil, gələcəkdə ona lazım olacaq kommunikasiya, rəqəmsal savadlılıq, analitik düşünmə, xarici dil və peşə bacarıqları qazandırılmalıdır.
Düşünürəm ki, yeni tədris ilinin əsas məqsədi təkcə yeni layihələr və rəqəmsal alətlər tətbiq etmək yox, təhsilin keyfiyyətinə birbaşa təsir edən fundamental problemlərin həllinə fokuslanmaq olmalıdır. Çünki təhsildə əsas göstərici tətbiq olunan yeniliklərin sayı deyil, həmin yeniliklərin şagirdin nəticəsinə və inkişafına real təsiridir".
Ramin Nurəliyev isə problemi nəqliyyat infrastruktunda görür:
"Hazırda yeni tədris ilində ciddi problem kimi Bakı şəhərində metro stansiyalarının təmirə görə bağlanması və müəyyən qədər şəhərin mərkəzi hissələrində nəqliyyat infrastrukturunun ciddi problemdir. Yəqin ki, bunu da müvafiq qurumlar lazımi şəkildə önləməyə çalışarlar.
Amma hazırda həqiqətən də şagirdlərin vaxtında orta ümumi təhsil məktəblərinə çatması, ali təhsil müəssisələrinə tələbələrin vaxtında çatması metro nəqliyyat vasitəsinin bir az artıq müəyyən müddət ərəfəsində işləməyəcəyi ciddi problem kimi görünür. Hazırda mən əsas ciddi problemi bunu görürəm".