Sinqapur hökuməti sosial şəbəkələrdə və internetdə mənfi xəbərləri fasiləsiz izləmə vərdişi ilə mübarizə aparmaq üçün yeni təşəbbüsə başlayıb.
AzEdu.az xəbər verir ki, proqram çərçivəsində vətəndaşlar hər gün ən azı 15 dəqiqə kitab oxuduqlarını xüsusi platformada qeyd etdikdə 1 Sinqapur dolları qazanırlar.
Bu ay tətbiqinə başlanılan layihənin əsas məqsədi insanların diqqətini artırmaq, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və oxu vərdişlərini gücləndirməkdir.
Sinqapur Milli Kitabxana Şurasının rəhbəri Melissa Tam bildirib ki, oxu vərdişləri kiçik və əlçatan addımlarla formalaşır. Onun sözlərinə görə, layihə insanların gündəlik həyatında kitaba daha çox yer ayırmasını təşviq etmək məqsədi daşıyır.
Bundan əlavə, hökumət gənclərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif variantları da nəzərdən keçirir.
Qeyd edək ki, Sinqapur şagirdləri 2025-ci il PISA qiymətləndirməsində oxu bacarıqları üzrə dünyanın ən yüksək nəticələrindən birini göstəriblər.