Azedu.az

Nazirdən öyüd, direktordan hesabat - Birincilərin "birinci səhifəsi"ndən  REPORTAJ

Müsahibə və reportajlar

15 Sentyabr 2026, 16:38
Nazirdən öyüd, direktordan hesabat - Birincilərin "birinci səhifəsi"ndən  REPORTAJ

Səhər saatlarıdır... Məktəbin həyətində adi günlərdən fərqli olaraq qəribə bir canlanma var; bir tərəfdə əllərindən tutduqları övladlarını məktəbə gətirən valideynlər, digər tərəfdə illərdir bu günü gözləyən, ilk dəfə məktəb formasında həyətə daxil olan balacalar...

Kiminsə üzündə həyəcan, kiminsə gözündə sevinc, kiminsə baxışlarında isə bir az utancaqlıq var. Amma hamısını birləşdirən bir hiss olur: ilk dəfə məktəbli olmaq.

Beləcə, Bilik Gününün qeyd olunduğu bütün məktəblərdə bu mənzərə yaşanır...

AzEdu.az əməkdaşları kimi biz də bu gözəl günü işıqlandırmaq üçün 21 nömrəli məktəbə yollandıq. Məktəbin həyətində qurulan tədbir meydançasında şagirdlər, müəllimlər, valideynlər və qonaqlar bir aradadırlar. Ən çox diqqət çəkənlər isə, şübhəsiz ki, ilk dəfə məktəbə addım atanlardır. Balaca məktəblilər üçün bu, sadəcə, yeni dərs ilinin başlanğıcı deyil, həm də həyatlarında yeni mərhələnin ilk səhifəsidir.

Bu məktəbdə təşkil olunan Bilik Günü tədbirinin özəlliyi də  elm və təhsil naziri Emin Əmrullayevin iştirakıdır. 

Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşdü

Nazir çıxışı zamanı bu il Azərbaycanda 125 mindən artıq şagirdin birinci sinfə qədəm qoyduğunu bildirib və onları, eləcə də valideynlərini yeni həyat mərhələsi münasibətilə təbrik edib. Emin Əmrullayev qeyd edib ki, orta məktəb insan həyatında yadda qalan və gələcəyi formalaşdıran ən mühüm mərhələlərdən biridir. Onun sözlərinə görə, insanın həyatında qazandığı biliklərin böyük hissəsi məhz məktəb illərinin payına düşür.

Amma məktəb yalnız bilik qazanılan yer də deyil... Nazirin çıxışında diqqət çəkdiyi əsas məqamlardan biri də məhz bu oldu. O, şagirdlərə yaxşı oxumaqla yanaşı, yaxşı insan və yaxşı vətəndaş olmağı da arzuladı.
Bəlkə də Bilik Gününün ən vacib mesajlarından biri məhz budur. Çünki məktəb illəri yalnız qiymətlər, imtahanlar və nəticələrdən ibarət deyil. İnsan burada ilk dostlarını tanıyır, ilk müəllimindən öyrənir, ilk uğurunu yaşayır, bəzən ilk məğlubiyyətini qəbul etməyi də burada öyrənir.


189444

Direktor  Elgün Əliyev isə məktəbin son iki ildə keçdiyi inkişaf yolundan danışıb. Onun sözlərinə görə, təlim-tərbiyə və nizam-intizam istiqamətində aparılan məqsədyönlü işlər təhsil nəticələrində də özünü göstərib. Məktəbin uğurları sırasında 11-ci sinif şagirdinin 637 balla Qarabağ Universitetinin Tibb fakültəsinə qəbul olması da xüsusi vurğulanıb. Eyni zamanda, məktəbin 6-cı sinif şagirdinin Respublika Fənn Müsabiqələrində riyaziyyat üzrə bürünc medal qazanması da kollektiv üçün əlamətdar nəticələrdən biri kimi təqdim olunub.

Amma bu il 21 nömrəli məktəbdə yalnız nəticələrlə bağlı deyil, tədrisin təşkili baxımından da yeni mərhələ başlayır. Məktəbdə 162 istedadlı şagirddən ibarət tam orta təhsil layihəsi çərçivəsində yeni tədris təmayül modelinin tətbiqinə başlanılıb. Yüksək nəticə göstərmiş şagirdlərin öz maraq və istiqamətlərinə uyğun təhsil almasına imkan verəcək modelin gələcəkdə onların peşə və ixtisas seçimlərinə də töhfə verməsi gözlənilir.
Direktor Elgün Əliyevin sözlərinə görə, bu model həm məktəb, həm rayon, həm də ümumilikdə təhsil sistemi üçün mühüm addım ola bilər.

Yeni tədris ilində təmayül sinifləri ilə bağlı yeniliklər bununla da məhdudlaşmır.

Jurnalistlərin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, əvvəl 14 məktəbdə tətbiq olunan təmayül sinifləri bu il artıq 90 məktəbdə fəaliyyət göstərəcək. Nazir bu modelin həm şagirdlərin ehtiyaclarını nəzərə alması, həm də valideynlərə müəyyən mənada dəstək olması baxımından əhəmiyyətli olduğunu deyib. Əsas məqsəd isə sadədir: şagird öz maraq və istəyinə uyğun istiqamətdə daha dərindən təhsil alsın və daha yaxşı nəticə göstərsin. Nazirin sözlərinə görə, layihənin nəticələrinin daha düzgün qiymətləndirilməsi üçün növbəti ilin gözlənilməsi məqsədəuyğundur. Nəticələr uğurlu olarsa, modelin daha geniş miqyasda tətbiqi mümkün olacaq.

21 nömrəli məktəbdə diqqət çəkən məqamlardan biri də ilk sinfə qədəm qoyan uşaqların məktəbəhazırlıq təcrübəsidir. Nazir bildirib ki, bu il məktəbin birinci sinfinə qəbul olunan uşaqların 90 faizdən çoxu məktəbəhazırlıqdan keçib. Şəhər yerlərində bu göstəricinin 100 faizə yaxınlaşdığını deyən nazir gələcək təhsil nəticələrinə uzunmüddətli təsir göstərəcəyinə inandığını vurğulayıb. Amma rəqəmlərdən və statistikadan kənarda bu gün məktəbin həyətində başqa bir mənzərə var.

Birinci sinfə qədəm qoyan uşaqların sevincini rəqəmlərlə ifadə etmək çətindir. Bəziləri böyük həvəslə sinif yoldaşları ilə tanış olmağa çalışır, bəziləri valideynlərinin əlindən ayrılmaq istəmir. Kimsə çantasını nümayiş etdirir, kimsə isə ilk dəfə geyindiyi məktəb formasını düzəldir. Valideynlər isə bir qədər kənardan onları izləyirlər. Bu gün onlar üçün də fərqlidir. Çünki övladlarının həyatında yeni mərhələ başlayır.

189445

Bilik Günü əslində bir zəngdən daha böyük məna daşıyır.

Bu zənglə birinci sinif şagirdlərinin məktəb həyatı başlayır. Qarşıda onları kitablar, dərslər, imtahanlar, dostluqlar, uğurlar, bəzən də çətinliklər gözləyir. Amma bütün böyük yollar kimi, bu yol da ilk addımdan başlayır. Bu gün 21 nömrəli məktəbin həyətində həmin ilk addımlar atıldı. 125 mindən artıq uşağın eyni anda Azərbaycanın müxtəlif məktəblərində bu yola çıxması isə bir daha göstərir ki, yeni tədris ili yalnız təqvimdə yeni bir səhifə deyil. Bu, minlərlə ailənin həyatında yeni başlanğıcdır.

Və bəlkə də illər sonra bu gün məktəb həyətində həyəcanla ətrafa baxan balacalar həmin anı xatırlayacaqlar: ilk məktəb formalarını, valideynlərinin sevincini, müəllimlərinin səsini, dostları ilə ilk görüşü və... ilk zəngi.
21 nömrəli məktəbdə isə həmin zəng artıq çalınıb. Yeni dərs ili başlayıb.


Birincilərin ilk addımı, 11-cilərin son başlanğıcı

189442

Məktəbin həyətində bu gün ən çox diqqət çəkənlər, şübhəsiz ki, birincilərdir. Onlar üçün məktəb hələ yenidir. Sinif otaqları, partalar, lövhə, müəllim və hətta boyunlarından asılan məktəbli vəsiqəsi belə onlara bir az fərqli görünür. Bəziləri tədbir boyunca əllərindəki gül dəstəsini bərk-bərk tutur, bəziləri valideynlərinin yanında dayanıb ətrafa maraqla baxır, bəziləri isə artıq ilk dostlarını tapmağa çalışır. Birinci sinif şagirdlərinin üzündəki sevinc bütün tədbirin ab-havasına da sirayət edir.

Onların həyəcanı valideynlərdən də yan keçmir. Övladını ilk dəfə məktəbli formasında görən valideynlərin üzündə həm qürur, həm sevinc, həm də bir qədər narahatlıq hiss olunur. Çünki bu gündən etibarən onların övladlarının həyatında yeni bir dövr başlayır. Amma məktəbin həyətində bu gün yalnız ilk dəfə məktəbə gələnlər yoxdur. Bir qədər kənarda dayanan 11-ci sinif şagirdləri isə bu həyətə artıq sonuncu dəfə Bilik Günündə toplaşıblar.

Onlar üçün bu zəngin mənası bir qədər fərqlidir.Birincilər məktəbin qapısından ilk dəfə içəri daxil olarkən, 11-cilər həmin qapıdan məzun kimi çıxmağa hazırlaşırlar. Birincilərin qarşısında məktəb illəri, 11-cilərin qarşısında isə universitet, ixtisas seçimi, qəbul imtahanları və tamamilə yeni bir həyat dayanır. Birincilər müəllimlərinin adını yenicə öyrənirlər, 11-cilər isə illərdir onlara dərs deyən müəllimləri ilə son məktəb ilinə başlayırlar.

Birincilər üçün məktəbə ilk addımdırsa, 11-cilər üçün bu, məktəbdən sonrakı həyata atılacaq addımın başlanğıcıdır. Bəlkə də buna görə tədbir boyunca onların baxışlarında bir qədər fərqli həyəcan hiss olunur. Bu il onlar son dəfə məktəb tədbirində sıraya düzüləcək, son dəfə sinif otaqlarında dərsə başlayacaq, son dəfə “Bilik Günü”nü məktəbli kimi qeyd edəcəklər.

Və bu iki nəsil- məktəbə yenicə qədəm qoyan birincilər və məktəblə vidalaşmağa hazırlaşan 11-cilər- eyni həyətdə, eyni gündə bir araya gəlirlər.Birinin qarşısında uzun bir yol var, digərinin isə həmin yolun sonuna yaxınlaşır.

Bəlkə də Bilik Gününün ən gözəl tərəfi elə budur: məktəbin həyətində eyni anda həm başlanğıcları, həm də yeni başlanğıclara hazırlığı görmək mümkündür. Bu gün birincilər üçün “ilk”, 11-cilər üçün isə “son”ların başladığı gündür. Amma hər ikisi üçün qarşıda böyük bir yol var. Birincilər bu gün ilk dərslərinə, ilk dostluqlarına, ilk uğurlarına doğru addımlayırlar. 11-cilər isə illər ərzində topladıqları bilik və təcrübə ilə məktəbdən kənardakı böyük həyata hazırlaşırlar.21 nömrəli məktəbin həyətində isə bu gün bütün bu hekayələr bir zəngin səsində birləşdi.

İlk zəng çalındı. Birincilər üçün məktəb başladı, 11-cilər üçün isə məktəbin son ili...

189446

Məktəbin həyətindəki tədbir başa çatdıqdan sonra hər kəs yavaş-yavaş siniflərə üz tutur. Bir qədər əvvəl həyətdə valideynlərinin əlindən tutub dayanmış balaca məktəblilər indi öz sinif otaqlarındadırlar. Onların üzündəki həyəcan isə hələ də bitməyib.

Bu dəfə onların ilk dərs gününə daha fərqli qonaq da qoşulur.Elm və təhsil naziri Emin Əmrullayev birinci siniflərin sinif otağına daxil olaraq balaca məktəblilərlə söhbətləşib. İlk dəfə məktəbə qədəm qoyan uşaqlarla ünsiyyət zamanı nazir onların fikirlərini dinləyib, məktəbdəki ilk təəssüratlarını soruşub.

Birincilərin bəzisi suallara çəkinərək cavab verir, bəziləri isə əksinə, böyük həvəslə danışır. Kimisi artıq məktəbdə nə öyrənmək istədiyini deyir, kimisi isə ətrafındakı hər şeylə maraqlanır. Sinifdəki bu səmimi mənzərə Bilik Gününün rəsmi ab-havasını bir anda dəyişir. Qarşıda oturanlar artıq sadəcə tədbirin iştirakçıları deyil, məktəbin yeni şagirdləridir.

Bir qədər sonra nazir 11-ci sinif şagirdləri ilə də görüşüb. Burada isə söhbətin mövzusu dəyişir.Bu dəfə suallar uşaqların məktəbdə ilk təəssüratları ilə deyil, gələcəklə bağlıdır. Emin Əmrullayev 11-ci sinif şagirdlərindən gələcəkdə hansı ixtisas üzrə təhsil almaq istədiklərini soruşub. Şagirdlər öz seçimlərini, maraq göstərdikləri  sahələri və gələcək planlarını bölüşüblər.

Kiminsə arzusu həkim olmaqdır, kimisi mühəndislik, kimisi başqa bir ixtisas haqqında düşünür. Qarşıdakı qəbul imtahanları və universitet seçimi isə onların gündəliyində artıq əsas mövzulardan biridir.Beləcə, 21 nömrəli məktəbin eyni günü iki fərqli yaş qrupunun arzularını bir araya gətirir. Birincilər hələ məktəbin nə olduğunu kəşf edirlər. 11-cilər isə məktəbdə qazandıqları biliklərlə hansı həyata gedəcəklərini düşünürlər. Birinin çantasında ilk dərsliklər, o birinin fikrində isə artıq gələcək peşəsi var.Bu gün birincilər üçün “Mən artıq məktəbliyəm” deməyin sevincidirsə, 11-cilər üçün “Məktəbdən sonra nə olacaq?” sualının cavabını axtarmağın başlanğıcıdır.Və bəlkə də məktəbin ən gözəl mənzərəsi elə budur: eyni dəhlizdə biri ilk dəfə addımlayır, digəri isə son dəfə həmin dəhlizlərdən keçməyə hazırlaşır.Onların yolları fərqli olsa da, başlanğıc nöqtəsi eynidir- məktəb.

Bilik Günü 21 nömrəli məktəbdə sadəcə yeni dərs ilinin başlanğıcı kimi yadda qalmadı. Bu gün məktəbin həyətində uşaqların sevincini, valideynlərin qürurunu, müəllimlərin məsuliyyətini və gələcəyə dair arzuları eyni anda görmək mümkün idi.

Birincilər üçün bu gün böyük bir macəranın ilk səhifəsi açıldı. Onlar hələ qarşıdakı illərdə neçə müəllim tanıyacaqlarını, neçə dost qazanacaqlarını, neçə dəfə sevinib, neçə dəfə həyəcan keçirəcəklərini bilmirlər. Amma bu gün onların yaddaşında məktəbli olduqları ilk gün kimi qalacaq.11-cilər isə məktəbin son ilinə qədəm qoydular. Qarşılarında imtahanlar, universitet seçimi və yeni həyat var. Bu gün nazirə gələcək ixtisas arzularından danışan həmin gənclər bir neçə ay sonra məktəb həyətindən məzun kimi ayrılacaqlar.Bəlkə də məktəbin əsas gözəlliyi elə bundadır. Burada hər il kimsə ilk dəfə gəlir, kimsə son dəfə vidalaşır. Amma bütün bu hekayələrin ortaq nöqtəsi dəyişmir: hər böyük yolun başlanğıcı məktəbdən keçir. 21 nömrəli məktəbdə bu yolun ilk zəngi isə artıq çalınıb. Qarşıda yeni dərs ili, yeni hədəflər və yeni uğurlar var.

Regionda təhdidlər artır - Bakını nə gözləyir?
Son xəbərlərDaha çox