Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2026/2027-ci tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxış edərək AzMİU-nun professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması və ilk dərs günü münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Rektor tələbələrə müraciət edərək universitet illərinin onların həyatında mühüm mərhələ olduğunu vurğulayıb, təhsil müddətində bilik və bacarıqlarını inkişaf etdirməyin, universitetin yaratdığı imkanlardan səmərəli yararlanmağın vacibliyini qeyd edib.
Professor Gülçöhrə Məmmədova çıxışında 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsində qəbul göstəricilərindən danışıb. Bildirib ki, yeni tədris ili üçün AzMİU-da 28 ixtisas üzrə 2565 plan yeri nəzərdə tutulub. Keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, universitetə 2518 abituriyent qəbul olunub və plan yerləri 98,2 faiz yerinə yetirilib.
Qeyd olunub ki, bakalavriat səviyyəsi üzrə qəbul olunanların 1476 nəfəri, yəni 58,6 faizi dövlət sifarişi, 1042 nəfəri və ya 41,4 faizi isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanlar arasında universitetin müxtəlif ixtisaslarına qəbul olan 158 subbakalavr da yer alır.
Rektor bakalavriat səviyyəsi üzrə qəbul olunan tələbələrin gender bölgüsünə diqqət çəkib. Bildirib ki, universitetə qəbul olunan 2518 abituriyentin 1381-i (54,8 faizi) oğlan, 1137-si (45,2 faizi) qızdır. Bu da universitetdə gender balansının qorunduğunu və gənclərin ali təhsilə yüksək maraq göstərdiyinin sübutudur.
Gülçöhrə Məmmədova yüksək nəticə göstərərək AzMİU-ya qəbul olunan abituriyentlərin göstəricilərinin də diqqətçəkən olduğunu bildirib. Rektorun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə qəbul olunan 19 abituriyent 500-dən, 3 abituriyent isə 600-dən yüksək bal toplayıb. 600-dən yüksək bal toplayaraq AzMİU-ya qəbul olunan 3 abituriyentdən 2-si inşaat mühəndisliyi, 1-i isə memarlıq ixtisasını seçib.
Rektor çıxışında magistratura səviyyəsi üzrə qəbul göstəricilərinə də toxunub. Bildirib ki, 2026/2027-ci tədris ili üzrə magistraturaya ümumilikdə 1040 nəfər qəbul olunub və plan yerlərinin 81,6 faizi yerinə yetirilib. Magistratura üzrə qəbul olunanlar arasında ən yüksək nəticə 79,5 bal olub.
Qeyd olunub ki, magistraturaya qəbul olunanların 902 nəfəri Azərbaycan, 84 nəfəri rus, 54 nəfəri isə ingilis bölməsi üzrə təhsil alacaq. Qəbul olunan magistrantların 531 nəfəri ödənişli, 509 nəfəri isə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
O, yeni qəbul olunan tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb, onları universitetin elmi, tədris, beynəlxalq əməkdaşlıq və ictimai fəaliyyət imkanlarından fəal şəkildə yararlanmağa çağırıb.
Çıxış edənlər yeni tədris ilinin başlanması ilə bağlı tələbələrə uğurlar arzulayıb, onların qarşıdakı təhsil həyatında yüksək nəticələr qazanacaqlarına əminliklərini ifadə ediblər.