Azedu.az

“Məktəb psixoloqu direktorun kuryeri deyil” - Məktəblərdə vəzifə bölgüsü PROBLEMİ

Orta təhsil

29 Oktyabr 2026, 17:44
“Məktəb psixoloqu direktorun kuryeri deyil” - Məktəblərdə vəzifə bölgüsü PROBLEMİ

Oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin intihar etdiyi məlum olub. Araşdırma zamanı onun anasının 2024-cü ildə vəfat etməsindən sonra psixoloji pozuntu yaşadığı və uzun müddət müalicə aldığı müəyyənləşib. Şagirdin atasının da psixoloji pozuntu ilə əlaqədar II qrup əlilliyi var. 

Bu baxımdan, məktəb psixoloqları valideyn itkisi yaşayan və ailə çətinlikləri ilə üzləşən şagirdləri müəyyənləşdirmək və mümkün risklərin qarşısını almaq üçün hansı addımları atmalıdırlar?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.

3 aylıq kursla şam yandırıb psixoloqluq edirlər” – Gülnar Orucova hansı  həmkarına SÖZ ATDI?

Psixoloq qeyd edib ki, universitetin psixologiya fakültəsini bitirmək hələ peşəkar psixoloq olmaq demək deyil:

"Ümumiyyətlə, biz psixoloqlar uşaqlara 7 yaşında, ölümü hələ tam anlamasalar belə, onun nə olduğunu izah edirik. Normal inkişaf səviyyəsinə və yaşına uyğun intellektual göstəricilərə malik olan uşaq artıq bu yaşda ölümün nə demək olduğunu, dünyasını dəyişən insanın geri qayıtmayacağını anlayır və bunu qəbul edir.

Amma biz burada nə görürük? Söhbət 7-ci sinif şagirdindən gedir. Bu yaşda olan uşaqlar təxminən 13-14 yaşlarında olurlar və artıq yeniyetməlik dövrünə qədəm qoyurlar. Yeniyetməlik elə bir mərhələdir ki, insan həyatı bir qədər ağ-qara görür: onun üçün nəsə ya var, ya da yoxdur. Hadisələrə müxtəlif tərəflərdən yanaşmaq və həyatı fərqli rənglərdə görmək hələ çətin ola bilər.

Bu gün bəlkə də hər kəs həmin uşağa dəstək olmağa çalışıb. Lakin nəticə etibarilə göstərilən dəstəyin yetərli olmadığını gördük. Belə vəziyyətlərdə ailənin dəstəyi vacib olsa da, peşəkar psixoloji yardımın rolu xüsusilə önəmlidir. Uşağın yaxınlarının kim olduğunu və ona hansı dəstəyi göstərdiklərini dəqiq bilmirik. Ancaq aydındır ki, yaxınını itirmiş bir yeniyetməyə həyatın başqa tərəflərini göstərmək, ona anası olmadan da yaşamağın, həyatına davam etməyin və uğur qazanmağın mümkün olduğunu anlatmaq lazımdır.

Bu gün hər kəs universitetin psixologiya fakültəsini bitirə bilər. Amma həmin fakültəni bitirmək hələ peşəkar psixoloq olmaq demək deyil. Eyni zamanda, beş-altı aylıq təcrübə keçmək də hər vəziyyətdə lazımi bilik və bacarıqları əldə etmək üçün kifayət etmir".

Məktəb rəhbərliyi psixoloqa hörmətlə yanaşmalıdır ki, şagirdlər də ona hörmət etsinlər:

"Məktəb psixoloqlarının fəaliyyətinə gəlincə, həmkarlarıma hər zaman hörmətlə yanaşan bir insanam. Bununla belə, onların hazırkı fəaliyyətini yetərli hesab etmirəm. Ancaq baş verənləri yalnız psixoloqların məsuliyyəti ilə əlaqələndirmək də düzgün deyil. Məktəb rəhbərliyinin, direktor və müavinlərin də bu məsələdə üzərinə düşən vəzifələr var.

Bu gün məktəb psixoloqlarının üzərinə bəzən davamiyyəti yoxlamaq, qapıda dayanaraq şagirdlərə nəzarət etmək, uşaqları müxtəlif idarələrə, yarışlara və olimpiadalara aparmaq kimi işlər qoyulur. Halbuki məktəb psixoloqunun əsas vəzifəsi şagirdlərin psixoloji vəziyyətini qiymətləndirmək, onların problemlərini müəyyənləşdirmək və ehtiyac olduqda müvafiq dəstək göstərməkdir.

Hörmətli direktorlar, məktəb psixoloqlarına öz vəzifələrini yerinə yetirməyə imkan verin. Məktəb psixoloqu sizin kuryeriniz və ya davamiyyəti yoxlayan şəxs deyil. Təəssüf ki, bəzi məktəblərdə psixoloqlar əsas fəaliyyətlərindən kənar işlərə cəlb olunur, iclaslarda iştirak etməklə kifayətlənirlər. Belə münasibət onların nüfuzuna da xələl gətirir. Siz psixoloqa hörmətlə yanaşmalısınız ki, şagirdlər də ona hörmət etsinlər".

Nazirlik tərəfindən ödənişsiz təlimlər təşkil olunsa belə, bəzi məktəb psixoloqları həmin təlimlərdə iştirak etmirlər:

"Məktəb psixoloqunun müəyyən olunmuş iş qrafiki olmalı və o, həmin vaxt ərzində öz vəzifələrini yerinə yetirməlidir. Eyni zamanda, peşəkar inkişafı üçün şərait yaradılmalıdır. Bəzən cəmi 20 manata professorların iştirak etdiyi seminarlarda yeni biliklər əldə etmək mümkündür. Bəzi təlimlər isə ödənişsiz təşkil olunur. Buna baxmayaraq, belə tədbirlərdə məktəb psixoloqlarını hər zaman görmürük. Səbəbini araşdıranda məlum olur ki, başqa işləri olduğu üçün iştirak edə bilməyiblər.

Hətta dövlət tərəfindən təşkil olunan təlimlərdə də məktəb psixoloqlarının iştirak etməməsi halları ilə rastlaşırıq. Bu, düzgün yanaşma deyil. Əgər Elm və Təhsil Nazirliyi psixoloqlar üçün təlimlər təşkil edirsə, onların həmin tədbirlərdə iştirakına şərait yaradılmalıdır. Digər tərəfdən, dövlət də bu sahədəki çatışmazlıqları aradan qaldırmalı, psixoloqların peşəkar inkişafı üçün müntəzəm təlimlər təşkil etməlidir".

Uşaq günlərlə dərsə gəlmədikdə, bunun səbəbi araşdırılmalı, məktəbə qayıtdıqdan sonra isə psixoloqa yönləndirilərək nə baş verdiyi və hansı problemlərlə üzləşdiyi öyrənilməlidir:

"Məktəb psixoloqlarının fəaliyyətində diqqət yetirilməli digər məsələ şagirdlərin psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməsidir. Məsələn, IX-XI sinif şagirdləri imtahanlara hazırlaşdıqları üçün onların stress səviyyəsinin müəyyənləşdirilməsi vacibdir. Stress testlərinin keçirilməsi bu baxımdan əhəmiyyətlidir. Lakin bir çox məktəbdə belə tədbirlərin həyata keçirilmədiyini görürük. Nəticədə şagirdlər ödənişli psixoloqlara müraciət etmək məcburiyyətində qalırlar. Məktəb rəhbərliyi də bu cür tədbirlərin təşkilinə dəstək verməli, şagirdlərin psixoloji sağlamlığına diqqət yetirməlidir.

Bəzən psixoloq problemin mahiyyətini müəyyənləşdirə bilir, lakin onunla işləmək üçün lazımi hazırlığı olmur. Məsələn, müvafiq təlim keçmədiyinə görə korreksiya işlərini apara bilmir. Belə hallarda uşağın müvafiq mütəxəssisə yönləndirilməsi vacibdir. Valideynini itirmiş və ya zorakılığa məruz qalmış uşaq ciddi psixoloji çətinliklərlə üzləşə bilər. Bu cür hallarda uşağa xüsusi yanaşma və peşəkar dəstək göstərilməlidir.

Digər tərəfdən, uşaq günlərlə dərsə gəlmədikdə, bunun səbəbini araşdırmaq lazımdır. Şagird məktəbə qayıtdıqdan sonra onun psixoloqa yönləndirilməsi, nə baş verdiyinin və hansı problemlərlə üzləşdiyinin öyrənilməsi vacibdir. Məktəb psixoloqu belə hallarda şagirdin vəziyyətinin qiymətləndirilməsində və ehtiyac duyduğu dəstəyin müəyyənləşdirilməsində mühüm rol oynamalıdır".

Məktəbdə baş verən hadisələri gizlətmək problemi həll etmir. Əksinə, vaxtında tədbir görülmədikdə vəziyyət daha da ağırlaşa bilər:

"Təəssüf ki, bəzi məktəb direktorları hər hansı hadisə baş verdikdə bu barədə aidiyyəti qurumlara məlumat verməkdən çəkinirlər. Bunun səbəbi məktəbdə davranış problemi olan şagirdin olmasının rəhbərliyin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini düşünmələri ola bilər. Amma məktəbdə davranış problemi olan uşağın olması dünyanın sonu deyil. Əsas məsələ problemi gizlətmək yox, vaxtında müəyyənləşdirmək və həllinə çalışmaqdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müvafiq təhsil müəssisələri, davranış problemləri ilə bağlı isə aidiyyəti qurumlar və mütəxəssislər mövcuddur. Əgər uşağın vəziyyəti əlavə müdaxilə tələb edirsə, müvafiq dəstək mexanizmlərindən istifadə edilməlidir. Zəruri hallarda uşaq inspektorlarına və digər aidiyyəti qurumlara məlumat verilməlidir.

Biz isə çox vaxt problemləri gizlədir, hadisə baş verdikdən sonra günahkar axtarmağa başlayırıq. Bəs günahı kimdə axtarırıq? Psixoloqda.

Halbuki məktəbdə hər hansı hadisə baş verirsə, məsuliyyəti yalnız psixoloqun üzərinə qoymaq olmaz. Məktəb rəhbərliyi də şagirdlərin təhlükəsizliyinin təmin olunması, problemlərin vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlarla əməkdaşlıq baxımından məsuliyyət daşıyır".

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox