Ötən gün 7-ci sinif şagirdinin məktəbdə intihar etməsi təhsil müəssisələrində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir.
Bəs məktəblərdə şagirdlərin təhlükəsizliyini təmin etmək üçün hansı əlavə tədbirlər görülməlidir? Məktəb pəncərələrinə dəmir barmaqlıqların quraşdırılması zərurətdirmi, yoxsa təhlükəsizlik başqa vasitələrlə təmin olunmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev qeyd edib ki, məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması şagirdlərin təhlükəsizliyi probleminin həlli deyil:

"Çünki hər hansı yanğın hadisəsi baş verərsə, bu, uşaqların təxliyəsini çətinləşdirə, hətta onların həyatını təhlükəyə ata bilər. Buna görə də məsələyə birtərəfli yanaşmaq olmaz.
Əsas məsələ məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, psixoloqların sayının artırılması və bu sahədə sistemli işin qurulmasıdır. Psixoloqların peşəkar qiymətləndirmə alətləri olmalıdır ki, şagirdlərin emosional vəziyyəti mütəmadi olaraq, məsələn, üç aydan bir qiymətləndirilsin. Uşaqların yaşadıqları çətinlikləri, psixoloji vəziyyətlərindəki dəyişiklikləri və risk amillərini vaxtında müəyyənləşdirmək üçün bu cür yanaşma vacibdir.
İntihara aparan səbəblər müxtəlif ola bilər. Bunlara bullinq, ailədaxili problemlər, itki və uşağın emosional vəziyyəti ilə bağlı digər amillər daxildir. İnsan bəzən dərin ümidsizlik hissinə qapıldıqda belə bir həddə çata bilər. Buna görə də məktəblərdə uşaqların kömək istəyə biləcəyi və özlərini güvəndə hiss edəcəkləri bir mexanizm yaradılmalıdır. Bu, uşağın etibar etdiyi müəllim, məktəb psixoloqu və ya direktor ola bilər. Əsas odur ki, uşaq çətin vəziyyətə düşdükdə kimə müraciət edəcəyini bilsin və yardım istəməkdən çəkinməsin.
Təəssüf ki, uşaqların təhlükəsizliyini təmin edən belə bir mühitin yaradılmasında boşluqlar olduqda, bullinq və digər problemlər vaxtında aşkarlanmaya bilər. Halbuki uşağın özünü məktəbdə təhlükəsiz hiss etməsi onun digər ehtiyaclarının qarşılanmasının da əsas şərtlərindən biridir. Belə hallarda məktəb rəhbərliyi, müəllimlər və psixoloqlar uşaqların emosional vəziyyətinə xüsusi diqqət yetirməli, onların dəstəyə ehtiyac duyduqlarını vaxtında müəyyənləşdirməlidirlər.
Sinif yoldaşlarının hadisədən sonra danışdıqları bəzi məqamlar da uşağın köməyə ehtiyacı ola biləcəyinə işarə edir. Bu cür siqnalların vaxtında fərq edilməsi və müvafiq müdaxilənin həyata keçirilməsi olduqca vacibdir.
Uşağın atasının başqa şəhərdə yaşadığı, özünün isə xalası ilə qaldığı bildirilir. Belə bir vəziyyətdə onun emosional dəstəyə və qayğıya ehtiyacının daha həssaslıqla nəzərə alınması vacib idi. Lakin baş verən hadisəyə görə məsuliyyəti yalnız bir şəxsin və ya bir müəssisənin üzərinə qoymaq düzgün deyil. Uşağın təhlükəsizliyi ailənin, məktəbin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Hər birimiz uşaqlarla ünsiyyətimizə, sosial şəbəkələrdə paylaşdıqlarımıza və istifadə etdiyimiz ifadələrə diqqət yetirməliyik. Uşaqların yaşadıqları problemləri vaxtında görmək, onları dinləmək və ehtiyac duyduqları dəstəyi göstərmək üçün cəmiyyət olaraq daha həssas olmalıyıq. Əsas məsələ uşağı yalnız fiziki baxımdan deyil, mənəvi və psixoloji baxımdan da görmək, onun köməyə ehtiyacı olduğunu vaxtında hiss etməkdir".