ABŞ-də həkimin səhlənkarlığı nəticəsində sağ olduğu halda ölü elan edilərək morqa aparılan körpənin sağlamlığına ciddi zərər dəyib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Arizona ştatında baş verib. Ailəsinin evindəki hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq Vinsent huşunu itirdikdən sonra xəstəxanaya çatdırılıb.
Mercy Gilbert Tibb Mərkəzində çalışan həkim Arian Tusi tibb bacısının körpənin nəbzinin olduğunu bildirməsinə baxmayaraq, onun vəziyyətini yoxlamaqdan imtina edib. Həkim qan qazı analizinin nəticələrini əsas gətirərək uşağı ölü elan edib.
Polis əməkdaşı da körpənin nəfəs aldığını eşitdiyini bildirərək xəbərdarlıq etsə də, uşaq axşam saatlarında xəstəxananın morquna aparılıb.
Təxminən dörd saat sonra morqda yoxlama aparan məhkəmə-tibb eksperti körpənin nəfəs aldığını və sağ olduğunu aşkar edib. Vinsent daha sonra Feniks şəhərindəki başqa bir xəstəxanaya köçürülərək müalicəyə alınıb.
Lakin tibbi müdaxilənin gecikməsi körpənin sağlamlığına ağır və qalıcı zərər vurub. Hadisədən səkkiz ay sonra iki yaşına çatan Vinsent yeriyə, danışa və müstəqil şəkildə otura bilmir. O, yalnız xüsusi boru vasitəsilə qidalana bilir.
Ailə baş verən hadisə ilə bağlı xəstəxanaya və məsul tibb işçilərinə qarşı hüquqi proses başladıb.