"Müəllimlərə qarşı ən humanist yanaşan ölkələrdən biri də məhz Azərbaycandır".
Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
“Bəh-bəhlə təriflədiyimiz Avropa ölkələrində, Amerikada, yaxud təhsili yüksək səviyyədə inkişaf etmiş Asiya dövlətlərində - Cənubi Koreyada, Yaponiyada, Sinqapurda, Malayziyada müəllimlərə hansı qadağalar qoyulur, görəsən? Orada vəziyyət əslində necədir? Mən bu məsələni niyə xüsusi vurğulayıram? Çünki beynəlxalq təcrübədə məktəb, təhsil alan və təhsil verən bir-birindən ayrı tutulmur. Bəzən şagirdlər üçün tətbiq olunan qərarlar eynilə müəllimlərə də şamil edilir. Niyə məhz belədir? Çünki tədris vahid bir orqanizmdir, bütöv bir prosesdir. Onun üç əsas qolu mövcuddur: öyrənən (şagird), öyrədən (müəllim) və nəzarət mexanizmi (valideyn və məktəb rəhbərliyi). Bunları bir-birindən təcrid etmək qətiyyən mümkün deyil.
Bəziləri düşünə bilər ki, “Yenə müəllimlərin üstünə düşdülər, bütün qadağalar şagirdlər üçün idi, indi də növbə müəllimə çatdı?” Bəli, bu, beynəlxalq təcrübədə sınaqdan keçərək formalaşan modeldir və biz onsuz da əvvəlcədən kəşf olunmuş velosipedi yenidən icad etmək fikrində deyilik. Baxın, bu gün bir çox ölkələrdə “TikTok” şagirdlər və azyaşlılar üçün, hətta bəzi yerlərdə 16-18 yaşadək yeniyetmələr üçün tamamilə qadağan edilib. Bizdə isə yalnız müəyyən məhdudlaşdırma mərhələsinə gedilib. Digər sosial şəbəkələri hələ demirəm, hətta bəzi inkişaf etmiş ölkələrdə şagirdlərin ümumiyyətlə internetə çıxışına qadağalar qoyulub. Bu ölkələr isə heç də arxaik, kənarda qalan dövlətlər deyil. Əksinə, təhsili və texnologiyası ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdir.
Bütün bunların səbəbi nədir? Səbəb odur ki, təhsil hamı üçün vahid vəhdət təşkil etməlidir. Burada həm də ciddi bir psixoloji məqam var: əgər şagird qarşısındakı müəllimin “YouTube”, “TikTok”, “Instagram” və digər sosial şəbəkələrdən həddindən artıq, sərhədsiz şəkildə istifadə etdiyini görürsə, o zaman özünə qoyulan məhdudiyyəti heç vaxt düzgün qəbul edə bilməyəcək. Şagird psixologiyası həddindən artıq həssas olur. Bunu heç vaxt unutmamalıyıq.
Dünya təcrübəsində müəllimlərin sosial şəbəkə fəaliyyəti əsasən üç qrupa bölünür. Birinci qrup – sırf təhsil və tədris prosesinə töhfə verən fəaliyyət; ikinci qrup – istifadəçinin özünün PR-ına və dərsdənkənar fəaliyyətinə həsr etdiyi paylaşımlar; üçüncü qrup isə təhsil prosesinə müəyyən dərəcədə xələl gətirə bilən arzuolunmaz fəaliyyətdir.
Bölgələrimizin birində yaşanan və müzakirələrə səbəb olan həmin nümunə məhz bu üçüncü qrupa aiddir. Bu mövzu ilə bağlı apardığım araşdırmalar göstərir ki, dünya ölkələrində üçüncü qrupa aid hallar getdikcə artır və çox təəssüf ki, digər iki müsbət qrupu üstələməyə başlayır. Məhz buna görə də biz bunun qarşısını mütləq almalıyıq. Şəxsən mən də bir vətəndaş olaraq bunu gündəlik həyatda getdikcə daha çox hiss edirdim. Müəllimlərimizə olan sonsuz hörmətimiz hər zaman olub və olacaq, çünki müəllim təhsilin əsas fiqurudur.
Bu gün müəllimlər əslində sevinməlidirlər ki, onlarla bağlı məsələlər geniş müzakirə olunur. Niyə məhz belə deyirəm? Çünki elə xarici ölkələr var ki, orada müəllimi işə qəbul edərkən o qədər sərt və çətin sınaqlardan, müsabiqələrdən keçirirlər ki, namizəd sonda böyük məsuliyyətlə seçilir. Çünki müəllim vəzifəsi çox böyük məsuliyyət, şərəf və gələcək nəsillər qarşısında ağır öhdəlikdir. Biz də bunu məhz beynəlxalq təcrübəyə əsaslanaraq deyirik.
Müəllim vacib fiqurdur və tam səmimi deyirəm: müəllimlərin sosial şəbəkələrdəki fəaliyyəti müəyyən nəzarətə götürülməlidir. Bütün dünya təhsilində olduğu kimi, bizdə də bu sahə tənzimlənməlidir. Kimsə buna narazılıqla yanaşıb “Müəllim uşaqdırmı?” sualını verə bilər. Xeyr, müəllim uşaq deyil, böyük məsuliyyət daşıyan şəxsdir. Onun üçün sosial şəbəkələrdən istifadə qaydalarını ehtiva edən nəzarət proqramı və etik çərçivələr hazırlanmalıdır. Əks təqdirdə, çox təəssüf ki, bəzi hallarda bunun tam əksini görürük. Bu isə birbaşa şagirdə, eləcə də məktəbin nüfuzuna ciddi xələl gətirir.
Elə bayaq qeyd etdiyimiz kimi, müəllimlərə qarşı ən humanist yanaşan ölkələrdən biri də məhz Azərbaycandır. Tam səmimi şəkildə bildirirəm: sertifikasiya prosesində müəllimə qarşı kifayət qədər humanist yanaşılır. Son dövrlər tez-tez müzakirə olunan və qarşıdakı ildən həyata keçiriləcək tamştatlı müəllim modelində də müəllimə qarşı olduqca humanist meyillər nümayiş etdirilir. Üstəlik, məktəb daxilində təhsil verənlərin davranış kodekslərini oxusanız, orada həm çox ciddi tələblərin, həm də müəllimə yönəlmiş son dərəcə humanist yanaşmaların bir arada olduğunu aydın görərsiniz. Bilirəm, bəziləri bununla razılaşmayacaq, rəylərdə müxtəlif fikirlər yazacaqlar. Təbii ki, qırmızı xətti keçmədiyi müddətcə hər kəsin fikrinə hörmətlə yanaşırıq – necə ki, biz də öz mövqeyimizi buradan səsləndiririk. Müəllimin isə hazırda burada cavab vermək imkanı yoxdur, amma onun da öz auditoriyası var. Buyursun, fikrini desin, təki reallığı nəzərə alsın.
Bəzən bizi dinləyənlər haqlı olaraq deyirlər ki, “Müəllim bu sözləri eşidəndə niyə əsəbləşir?” Əsəbləşməzdən əvvəl bir müqayisə aparsınlar. Şükürlər olsun ki, əlimizin altında süni intellekt alətləri də var, internet şəbəkələri də, açıq mənbələr də. Bir dəfə qlobal təcrübə ilə müqayisə aparsınlar və görəcəklər ki, vəziyyət həqiqətən də dediyimiz kimidir. Biz bəzən neqativlərin üzərində həddindən artıq köklənirik: “Ay müəllimin maaşı az oldu”, “Ay belə oldu, elə oldu”.
Bəziləri elə düşünür ki, guya biz ancaq müəllimin üstünə düşürük:
"Əzizlərim, bizim işimiz təhsil camiəsinin nümayəndəsi olaraq mövcud problemləri dilə gətirməkdir. Eyni zamanda, təhsildə müsbət istiqamətləri və inkişafa təkan verəcək məqamları səsləndirmək də bizim işimizdir. Biz çox gözəl bilirik ki, bu gün təhsili ayaqda saxlayan əsas qüvvə məhz müəllimdir. Ona görə də müəllim adını hörmətlə səsləndiririk və bunu heç bir halda başqa istiqamətə yozmaq lazım deyil".
Daha ətraflı linkdən izləyə bilərsiz: