Azedu.az

Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı

Uğur hekayələri

9 May 2026, 09:49
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı

Hər məktəb layihəsi təhsil müəssisəsinin hüdudlarını aşmır, lakin bəziləri real ictimai ehtiyaclara cavab verə bilir. Fokus+ AI məhz belə nümunələrdən biridir.

AzEdu.az-ın məlumatına görə, Bakı Oksford Məktəbinin şagirdi Yasmin Fətiyeva həmmüəllifi ilə birlikdə Azərbaycanda neyrofərqlilikləri olan insanlar (DEHB, disleksiya, autizm spektr pozuntuları və s.) üçün xüsusi hazırlanmış ilk mobil tətbiqi yaradıb. Süni intellektdən istifadə edən Fokus+ AI diqqətin cəmlənməsinə, planlaşdırmaya və təhsili yaxşılaşdırmağa kömək edir. Layihə qısa müddətdə müəllifinə “Sabahın Alimləri” milli seçimində bürünc mükafatı qazandırıb və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Yasminin proqramlaşdırmaya marağı videooyunlara olan sevgisindən başlayıb. Məhz onlar ilk dəfə Yasmini şəxsən nəsə yaratmağa sövq ediblər. Layihənin ideyası isə anasının öz işi haqqında danışdıqları əsasında formalaşıb.

“O, xüsusi inkişaf xüsusiyyətləri olan insanlar, onların qarşılaşdığı çətinliklər və gündəlik həyatda edilən kiçik dəyişikliklərin belə onların həyatını necə yaxşılaşdıra biləcəyi barədə danışırdı. Zamanla müasir texnologiyaların bu dəyişikliklərə necə kömək edə və onları daha əlçatan edə biləcəyi mənə maraqlı gəldi. Özüm də nəsə yaratmaq istədim” - Yasmin deyir.

Dönüş nöqtəsi isə ötən yay London Kral Kollecinin neyroelm üzrə yay proqramında iştirak etdiyi zaman olub: “Orada insan beyninin məlumatı necə emal etdiyini və niyə müxtəlif insanların onu fərqli şəkildə qəbul edib mənimsədiyini ətraflı müzakirə edirdik. Məhz həmin vaxt süni intellekti bu fərqləri nəzərə ala bilən praktik alət kimi istifadə etmək ideyası məndə tam formalaşdı. Azərbaycanda neyrofərqlilikləri olan minlərlə insanın ola biləcəyini və xüsusilə böyük şəhərlərdən kənarda onlar üçün əlçatan həllərin çox az olduğunu öyrənəndə başa düşdüm ki, bu, sadəcə maraqlı konsepsiya deyil, həqiqətən də tələb olunan və faydalı layihədir. Beləcə Fokus+ AI yarandı”.

Yasmin deyir ki, Fokus+ AI-ni əvvəlcə əsasən neyrofərqlilikləri olan insanlar üçün yaratmağı planlaşdırsalar da, indi düşünürlər ki, bu, daha geniş auditoriya üçün faydalı ola bilər.

“Artıq indi bir çox sinif yoldaşım bu tətbiqdən gündəlik olaraq dərs və vaxtın təşkili üçün istifadə edir. Bununla belə, ilk növbədə diqqəti toplamaq, oxumaq və ya planlaşdırmaqda çətinlik çəkən, hətta yaxınlarına müəyyən tapşırıqların niyə onlar üçün çətin olduğunu izah edə bilməyən insanları nəzərdə tutmuşuq” – deyə gənc ixtiraçı bildirib.

Onun sözlərinə görə, tətbiqin mərkəzində Foxy adlı çat-bot dayanır ki, o da tətbiqin siması və simvoludur: “Foxy ilk növbədə sadə və mehriban həmsöhbətdir, yalnız bundan sonra öyrənmə və diqqət üçün alətdir. Biz onu istifadəçilərin real sorğularına, həmçinin müsahibə və sorğular zamanı müəyyən etdiyimiz Azərbaycandakı neyrofərqlilikləri olan gənclərin ehtiyaclarına əsaslanaraq hazırlamışıq”.

Yasminin sözlərinə görə, ChatGPT-nin ilk açılışdakı interfeysi universal olsa da, hər zaman intuitiv başa düşülən deyil və bəzi istifadəçiləri yora bilər. Odur ki, onlar fərqli yol seçiblər: Fokus+ AI Azərbaycanca süni intellekti və əlçatan dizayn prinsiplərini məqsədyönlü şəkildə birləşdirən ilk tətbiqdir. Bu, həm də aşağı internet sürətinə uyğunlaşdırılmış azsaylı mobil həllərdən biridir ki, bu da xüsusilə ucqar bölgələrdə yaşayan istifadəçilər üçün vacibdir: “Bununla xüsusi fəxr edirik. Hazırda tətbiqimizi App Store-dan yükləmək mümkündür. Ümid edirik ki, tezliklə Google Play-də də yayımlanacaq”.

Gənc ixtiraçı qeyd edib ki, sözügedən tətbiqi yaradarkən ən çətin mərhələ test prosesi olub. Çünki yazılmış kod hələ məhsulun istifadəçilərin ehtiyaclarına uyğun işlədiyi anlamına gəlmir. Məhsulun hədəf auditoriya üçün həqiqətən başadüşülən və rahat olduğuna əmin olmaq lazım gəlir: “Burada inklüziv Kashalata kafesi bizə çox kömək etdi: orada sorğular keçirə və potensial istifadəçilərdən rəy ala bilirdik. Bu dəstəyə görə onlara səmimi qəlbdən minnətdarıq”.

Gənc alim müasir texnologiyaların gənclərə zərərləri barədə danışılanlarla razılaşmır. Onun fikrincə, müasir texnologiyalar haqqında birmənalı olaraq yaxşı və ya pis danışmaq düzgün deyil. Süni intellekt sadəcə alətdir və çox şey ondan necə istifadə edilməsindən asılıdır. Daha vacibi uşaqları və gəncləri texnologiyalardan uzaqlaşdırmaq deyil, onlardan şüurlu və məsuliyyətli istifadə vərdişi formalaşdırmaqdır:

“Ümumiyyətlə, mən qadağaların tərəfdarı deyiləm. Doğrudur, texnologiyalar diqqəti yayındıra bilər, amma eyni zamanda həyatı asanlaşdıra, vaxta qənaət edə və tapşırıqların öhdəsindən gəlməyə kömək edə bilər. Biz Fokus+ AI-ni insanların telefonda daha çox vaxt keçirməsi üçün yaratmamışıq. Məqsədimiz onların real həyatda, ekran xaricində gündəlik tapşırıqları daha effektiv yerinə yetirməsinə kömək etmək idi. Mənim üçün əsas fərq məhz budur”.

Yasmin ISEF üzrə milli seçim olan “Sabahın Alimləri” müsabiqəsinin bürünc mükafatçısı olduğunu eşidəndə keçirdiyi hissləri də bölüşüb: “Əvvəl sadəcə inanmadım. Bu, çox ciddi müsabiqədir: bu il seçimlərə 700-dən çox layihə təqdim olunmuşdu. Baş verənləri dərk etdikdən sonra sevincdən daha çox məsuliyyət hiss etdim. Aydın oldu ki, layihə həqiqətən dəyərlidir və onu inkişaf etdirmək lazımdır”.

Bu yolda Yasminin ən böyük dayağı elə layihənin həmmüəllifi Aqil olub. Onlara bu layihənin ərsəyə gəlməsində başqaları da dəstək verib:

“Məncə, yalnız komanda işi sayəsində bütün çətinliklərə baxmayaraq, layihəni sona çatdıra bildik. Həmçinin daimi dəstəyə görə Bakı Oksford Məktəbinə və müəlliməmiz Gültəkin Rzayevaya, Bakı Dövlət Universitetindən olan elmi rəhbərlərimiz - professor Rövşən Xəlilova və Aygün Nəsibovaya dərin təşəkkürümü bildirirəm. Tədqiqatın hazırlanmasında onların köməyi çox mühüm rol oynayıb. Eyni zamanda DanceAbility təşkilatının təsisçisi Nigar Sultanovaya inklüzivlik məsələlərində dəstək və mentorluğa görə minnətdaram”.

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox