2026-cı il sentyabrın 15-də - Bilik Günündə Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının (MSU Language Excellence Laboratory) açılışı olub.
AzEdu.az xəbər verir ki, açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və şəhərin digər rəhbər şəxsləri iştirak ediblər.
Laboratoriyanın fəaliyyət mexanizmini təqdim edən MDU-nun Rəqəmsal inkişaf və informasiya texnologiyaları mərkəzinin müdiri Elçin Tağıyev bildirib ki, yeni yaradılan mühit tələbələrin danışıq, dinləmə, oxu, yazı, söz ehtiyatı və tələffüz bacarıqlarının süni intellekt əsaslı alətlər vasitəsilə qiymətləndirilməsinə, fərdi inkişaf dinamikasının izlənilməsinə və əldə olunan nəticələr əsasında fərdiləşdirilmiş öyrənmə imkanlarının formalaşdırılmasına xidmət edəcək.
Laboratoriyada tələbələrin ilkin dil səviyyəsinin müəyyən edilməsi və sonrakı mərhələlərdə əldə etdikləri nəticələrlə müqayisə olunması nəzərdə tutulur. Qiymətləndirmənin “CEFR” meyarları əsasında aparılması tələbənin müəyyən dövr ərzində dil bacarıqları üzrə real inkişafının ölçülməsinə imkan yaradacaq.
Platforma süni intellekt vasitəsilə dərsin video qeydini, sillabusu və tədris materiallarını təhlil edir, müxtəlif göstəricilər üzrə qiymətləndirmə aparır, nəticələri sistemləşdirərək strukturlaşdırılmış hesabat hazırlayır. Həftə ərzində müəllimin keçdiyi dərslərin ümumi təhlili əsasında tədrisin təkmilləşdirilməsinə və müəllimin peşəkar inkişafına yönəlmiş konkret tövsiyələr təqdim olunur.