"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir.
AzEdu.az xəbər verir ki, bu barədə Space.com məlumat yayıb.
Transneptun obyektlərinin bir hissəsi təxminən 4,5 milyard il əvvəl planetlərin rüşeymləri olan planetesimallar kimi formalaşıb. Onların böyüməsi üçün kifayət qədər maddə və ya vaxt olmayıb.
Məlum olub ki, transneptun obyektlərinin ən azı iki növü (isti və soyuq) mövcuddur. Tədqiqatın nəticələrinə görə, hətta "isti" transneptun obyektləri də yarandıqları yerin xüsusiyyətlərini qoruyub saxlayıblar. Bu, iki ehtimalı ortaya qoyur: ya orada toqquşmalar düşünüldüyündən daha az baş verir, ya da onlar modellərin proqnozlaşdırdığı qədər səthi dəyişdirmirlər.
Həmçinin məlum olub ki, soyuq və isti TNO-lar fərqli ərazilərdə yaranmalarına baxmayaraq, ölçülərinə görə bir-birinə bənzəyirlər.
Aşkar edilmiş TNO-ların parlaqlığı 24,1-dən 29,3 ulduz ölçüsünə qədərdir. Astronomlar üçün bu, Yerdən Ayın üzərindəki atəşböcəkləri dəstəsini görməyə cəhd etməyə bənzəyir. Müşahidələr Neptundan kənarda yerləşən, indiyədək az öyrənilmiş ərazinin ən dərin tədqiqatına çevrilib.