Azedu.az

Nazir “Sabah City” ilə bağlı mühüm detalları açıqladı

Elm və təhsil

14 Sentyabr 2026, 16:30
Nazir “Sabah City” ilə bağlı mühüm detalları açıqladı

“Sabah City” layihəsi ali təhsil, elm və sənayenin bir məkanda inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Sabah City” və Yüksək Texnologiyalar Parkı bu sahələrin inteqrasiyasını təmin edən unikal layihələrdəndir.

Onun sözlərinə görə, əvvəllər təhsil və sənayenin ayrı-ayrı məkanlarda fəaliyyət göstərməsi əmək bazarının ehtiyaclarının düzgün qarşılanmasına müəyyən çətinliklər yaradırdı. 

Məsələn, İT mütəxəssislərinin universitetlərə cəlb olunması asan deyildi.

Emin Əmrullayev qeyd edib ki, “Sabah City”də hazırda 20-yə yaxın startap və İT şirkəti fəaliyyət göstərir. 

Bu isə tələbələrin mütəxəssislərlə eyni mühitdə çalışmasına və onların təcrübəsindən öyrənməsinə imkan yaradır.

Nazir layihənin dövlət büdcəsindən istifadə edilmədən, özəl investisiyalar və şirkətlərin yatırımları hesabına həyata keçirildiyini bildirib.

“Tik-işlət-təhvil ver” modeli əsasında həyata keçirilən layihəyə əsasən, 49 ildən sonra binalar dövlətə təhvil veriləcək.

Emin Əmrullayev “Sabah City”nin tələbələrin motivasiyasına da təsir etdiyini vurğulayıb:

“Şagird və tələbələr özlərindən bir neçə yaş böyük mütəxəssislərin startap və innovasiyalarla məşğul olduğunu yaxından görürlər. Bu da onların gələcək fəaliyyətləri üçün müəyyən mənada motivasiya yaradır”, – nazir deyib.

Nazirin sözlərinə görə, layihənin birinci mərhələsi 20 min kvadratmetr ərazini əhatə edir.

Burada Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin İT və elm tutumlu sahələr üzrə təhsil alan tələbələri üçün imkanlar yaradılıb. Eyni zamanda, layihə çərçivəsində müasir nanotexnologiya laboratoriyaları da fəaliyyət göstərəcək.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox