Azedu.az

“MİQ-də minimal balı belə toplaya bilmirlər” - Nazir 

Müəllimlər və elm adamları

14 Sentyabr 2026, 15:26
“MİQ-də minimal balı belə toplaya bilmirlər” - Nazir 

"Müəllimlik peşəsi rəqabətli olmalıdır, asan olmamalıdır. Bir çox ali təhsil müəssisəsinə müəllimlik ixtisasları üzrə aşağı balla qəbul olan tələbələr məzun olduqdan sonra MİQ imtahanında minimal balı belə toplaya bilmirlər".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, müəllimlik ixtisasları üzrə qəbul yerlərinin azaldılması ilə bağlı qərarın əsas səbəblərindən biri də bu göstəricilərdir.

“Bir çox ali təhsil müəssisələrinə aşağı balla qəbul olan, müəllimlik ixtisaslarına qəbul olan tələbələr məzun olduqdan sonra bizim MİQ imtahanında heç minimal balı toplaya bilmir. Ona görə də böyük ehtimalla, onların da vaxtına, öz vaxtımıza və təhsilin keyfiyyətinə hörmət baxımından bu qərarı atmışıq”, – Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, gələcəkdə müəllimlik ixtisasına qəbulun daha da rəqabətli olması gözlənilir.

“Ümumiyyətlə, gələcəkdə müəllimlik ixtisasına qəbulun daha da rəqabətli olacağına inanıram. Düzdür, əsaslı şəkildə rəqabət yaranıb. İstər 500 baldan daha çox toplayan, istər yüksək ballarla qəbul olan insanların sayı məlumdur və artmaqdadır. Bu bizi sevindirir. Nəzərə alsaq ki, hələ bundan sonra həmin adamlar bir də müəllimlərin işə qəbulu imtahanında iştirak edirlər”, – nazir bildirib.

Emin Əmrullayev müəllimlik peşəsinin rəqabətli olmasının ölkənin ümumi maraqlarına xidmət etdiyini vurğulayıb:
“Ümumilikdə müəllimlik ixtisasının rəqabətli bir peşəyə çevrilməsi həmişə ölkənin xeyrinədir. Ola bilər ki, ayrı-ayrı adamlar üçün bu, kifayət qədər problemlidir, amma ümumi məqsədlərimizə baxsaq, bu, bizim ümumi məqsədlərimizə xidmət edir ki, müəllimlik peşəsi rəqabətli olsun, yəni asan olmasın”.

Nazir ali təhsil istiqamətində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında Aqromühəndislik, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Uorvik Universiteti arasında Energetika mühəndisliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasında Təhsil menecmenti, ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında isə Kompüter elmləri və Energetika mühəndisliyi üzrə ikili diplom proqramları davam etdirilir.

Emin Əmrullayev qeyd edib ki, bu ildən Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birlikdə bir neçə mühəndislik ixtisası üzrə birgə tədrisə başlanacaq.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox