Azedu.az

Emin Əmrullayev: “125 mindən çox uşaq bu gün məktəb həyatına başlayır”

Elm və təhsil

15 Sentyabr 2026, 09:06
Emin Əmrullayev: “125 mindən çox uşaq bu gün məktəb həyatına başlayır”

“Bu gün 125 mindən artıq Azərbaycan vətəndaşı birinci sinfə qədəm qoyur. Bu o deməkdir ki, 125 mindən çox azərbaycanlının həyatında çox vacib bir gün, həyatlarının mühüm bir mərhələsi başlayır”.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, ümumi təhsil səviyyəsi hər bir insanın həyatında və yaddaşında mühüm yer tutur:

“Yəqin ki, mənimlə razılaşarsınız ki, ümumi təhsil səviyyəsi, orta məktəbdə oxumaq hər bir insanın həyatında, yaddaşında qalan və onun həyatını formalaşdıran ən vacib mərhələlərdən biridir. 

Həyatımızda öyrəndiklərimizin böyük bir hissəsini məhz orta məktəbdə öyrənmişik. Müəllimlərimizdən, bir-birimizdən öyrənmişik, yaxın dostlarımızı bu məktəbdə qazanmışıq.

Ona görə bugünkü birinci sinfə qədəm qoyan əziz şagirdlərimizin timsalında bütün Azərbaycanda birinci sinfə gedən şagirdləri təbrik edir, onlara uğurlar arzulayıram.

Uğurlar deyəndə, təbii ki, şagirdə birinci növbədə yaxşı oxumağı, yaxşı təhsil nailiyyətləri əldə etməyi arzulamaq düşür. Amma bununla belə, vacib məqamlardan biri də yaxşı insan, yaxşı vətəndaş olmaqdır.

Fərqi yoxdur, istər burada olan şagirdlər, istərsə də artıq bir vətəndaş kimi formalaşmaqda olan, yeniyetmə yaşlarını yaşayan, gənclik dövrünə qədəm qoyan və tam orta təhsil səviyyəsinə başlayan şagirdlərimiz üçün oxumaqla yanaşı, yaxşı insan və yaxşı vətəndaş olmaq da qarşıda duran vəzifələrdən biridir. İnanıram ki, bu tədris ili bütün şagirdlərimiz üçün bu mənada uğurlu il olacaq”.

Emin Əmrullayev çıxışı zamanı müəllimləri də yeni tədris ili münasibətilə təbrik edib:


“Eyni zamanda, çox hörmətli müəllimlərimizi təbrik etmək istəyirəm. Artıq yay tətili bitdi və yəqin ki, sizin növbəti qayğılı günləriniz başlayır”.

Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı
Son xəbərlərDaha çox