"PISA nəticələrində növbəti mərhələdə əsas məqsəd böyük sıçrayışdan daha çox davamlı inkişafı təmin etməkdir".
AzEdu.az xəbər verir ki, PISA 2029 və 2033-cü illərlə bağlı gözləntilər barədə danışan elm və təhsil naziri Emin Əmrullayev əsas diqqətin proqnozlara deyil, hədəflərə və zəif istiqamətlərin gücləndirilməsinə yönəldilməli olduğunu bildirib.
Nazir qeyd edib ki, nəticələrdə böyük sıçrayışın iki dəfə ard-arda təkrarlanması çətindir. Onun sözlərinə görə, hazırda əsas zəif istiqamətlər regional fərqlər və oxu bacarıqlarıdır.
Emin Əmrullayev bildirib ki, işlərin ardıcıl və davamlı aparılması təhsil sistemində gec və ya tez müsbət nəticələrin əldə olunacağını göstərir.
“PISA-da iştirak etmək və nəticələri şəffaf şəkildə açıqlamaq böyük cəsarət tələb edir. PISA kimisə qınamaq üçün deyil, öyrənmək və tədqiqat üçün bir vasitədir”, – nazir deyib.
O bildirib ki, 2029-cu ildə Bakı nəticələrindən ayrıca yanaşaraq, bütövlükdə Azərbaycan üzrə müqayisələr aparmaq mümkün olacaq.
Nazirin sözlərinə görə, yüksək istedad qrupunda – PISA-nın 5-ci və 6-cı səviyyələrində – şagirdlərin payının artırılması mühüm hədəflərdən biridir:
“Riyaziyyat üzrə hazırda təxminən 5% olan yüksək nəticə göstərən şagirdlərin payının 10 faizə çatdırılması əla nəticə hesab oluna bilər. Bu 10 faiz iqtisadiyyatda digər 90 faizi də öz arxasınca apara bilər”, – Emin Əmrullayev bildirib.
Nazir oxu bacarıqları üzrə zəif nəticə göstərən şagirdlərin sayının azaldılmasının da əsas hədəflərdən olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda oxu üzrə şagirdlərin təxminən üçdə ikisi aşağı nəticə göstərir və bu göstəricinin 2033-cü ilə qədər ən azı 50 faizə endirilməsi hədəflənir.