Azedu.az

Təhsildə maliyyələşmənin artırılmasına ciddi ehtiyac var - Emin Əmrullayev 

Orta təhsil

14 Sentyabr 2026, 16:11
Təhsildə maliyyələşmənin artırılmasına ciddi ehtiyac var - Emin Əmrullayev 

"Təhsil sahəsində maliyyələşmənin artırılması və xaricdə təhsil alan gənclərin Azərbaycana qayıdaraq ölkə iqtisadiyyatına töhfə verməsi əsas hədəflərdəndir".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir təhsil büdcəsi ilə bağlı bildirib ki, bu sahədə vəsait heç vaxt çox olmur və maliyyələşmənin artırılmasına ehtiyac var.

Onun sözlərinə görə, hazırda təhsil xərclərinin ümumi daxili məhsuldakı payı təxminən 4-4,5 faizdir və bu göstəricinin 5 faizə çatdırılması qarşıya məqsəd qoyulub. 2030-cu ilə qədər təhsilin maliyyələşməsinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.

Emin Əmrullayev xaricdə təhsil alan tələbələrin məzun olduqdan sonra OPT (Optional Practical Training) proqramından yararlanması məsələsinə də toxunub.

Nazirin sözlərinə görə, tələbə təhsilini başa vurduqdan sonra OPT üçün müraciət etdikdə sponsor məktubu tələb olunur. Müraciətin Azərbaycanın maraqlarına uyğun olduğu, məsələn, məzunun aparıcı şirkətdə mühüm iş təcrübəsi qazanacağı halda, bir illik icazənin verilməsi mümkün ola bilər.

“Əgər məqsəd sadəcə xaricdə vaxt keçirməkdirsə, bu icazə verilmir. Əsas hədəf kadrların tezliklə Azərbaycana qayıdaraq ölkə iqtisadiyyatına töhfə verməsidir”, – nazir bildirib.

Emin Əmrullayev Dövlət Proqramının əsas məqsədinin də Azərbaycan iqtisadiyyatına fayda verəcək insanlara investisiya qoymaq və onların ölkəyə qayıtmasını təmin etmək olduğunu vurğulayıb:

“Proqramın ana məqsədi Azərbaycan iqtisadiyyatına fayda verəcək insanlara investisiya qoyub, onları ölkəyə qaytarmaqdır. Bu proqram şəxslərin maliyyə ehtiyaclarını qarşılayıb, sonradan vəsaiti faizsiz kredit kimi geri almaq üçün nəzərdə tutulmayıb. 

Əsas hədəf məzunların qazandıqları bilik və təcrübə ilə Azərbaycanda çalışmalarıdır”, – deyə nazir qeyd edib.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox