"Qarabağ Universiteti regionun qabaqcıl universitetlərindən birinə çevriləcək".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Bu il Qarabağ Universitetində tələbələrin ümumi sayının 3 500-ü keçəcəyi gözlənilir. Nazir bildirib ki, bu il Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub. Onların təxminən yarısı 500-dən yüksək bal toplayan abituriyentlərdir.
“Cəmi üçüncü tədris ilinə başlayan bir təhsil müəssisəsi üçün inanırıq ki, bu, yaxşı xəbərdir və gələcəkdə bu istiqamətdə daha yaxşı nəticələr göstəriləcək. Həm say, həm keyfiyyət baxımından Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib”, – Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, 600-dən yüksək bal toplayan tələbələrin sayı da əhəmiyyətli dərəcədə artıb.
“600 baldan çox toplamış tələbələrin sayı 2025-2026-cı illə nisbətdə 1,5 dəfə, 2024-2025-ci illə müqayisədə isə 2 dəfə artıb. İnanırıq ki, bu dinamika davamlı olacaq və Qarabağ Universiteti həm Azərbaycanın, həm də regionun qabaqcıl universitetlərindən birinə çevriləcək”, – nazir bildirib.