"Təhsil sistemində ənənəvi əzbərçilik modelindən uzaqlaşmaq və şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişafına daha çox üstünlük vermək lazımdır".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində bildirib.
"Hafizənin inkişafı üçün əzbərin müsbət təsirləri olsa da, müasir təhsilin əsas tələbi məlumatı tam qavramaq, onun haqqında mühakimə yürütmək və əlaqələr qurmaqdır. Oxuyub-anlama bacarığı sadə qiraət, hüsnxətt və ya dil qrammatikası ilə qarışdırılmamalıdır.
Bu proses verbal zəkaya dayanır və insanların sözlər vasitəsilə informasiyanı tam anlayıb qiymətləndirməsini nəzərdə tutur. Eyni zamanda, bu bacarıq yalnız dil dərslərinin deyil, fizika, kimya və riyaziyyat kimi fənlərdə də məsələnin şərtini düzgün dərk etmək üçün əsas şərtdir. 2017-ci ildən buraxılış və qəbul imtahanlarında açıq suallara və oxuyub-anlama modelinə keçid edilməsi təhsil sisteminə artıq müsbət təsirini göstərib. Analoji elementlər müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında da tətbiq olunur, lakin dərslərdə tamamilə fərqli metodologiyanın tətbiqinə ehtiyac var".