Azedu.az

Bütün ixtisaslar üzrə  tədris müddətinin 3 ilə endirilməsi doğru deyil - Nazirdən etiraz 

Elm və təhsil

14 Sentyabr 2026, 16:18
Bütün ixtisaslar üzrə  tədris müddətinin 3 ilə endirilməsi doğru deyil - Nazirdən etiraz 

"Bütün ixtisaslar üzrə bakalavr təhsilinin müddətinin 3 ilə endirilməsi doğru yanaşma hesab edilmir".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir 3 illik bakalavr təhsili ilə bağlı müzakirələrə münasibət bildirib.  Onun sözlərinə görə, bu məsələ bəzi ixtisaslar üçün mümkün olsa da, bütün istiqamətlərə şamil edilə bilməz:

“Üçillik bakalavr təhsili maraqlı müzakirə mövzusudur. Bəzi ixtisaslar üçün, məsələn, turizm üçün mümkün ola bilər.  Amma mühəndislik, tibb və ya müəllimlik kimi daha çox peşə məsuliyyəti və vaxt tələb edən ixtisaslarda təhsil müddətinin qısaldılması çətindir”, – Emin Əmrullayev deyib.

O qeyd edib ki, bütün ixtisasların eyni müddətə, yəni 3 ilə endirilməsi düzgün deyil və bu məsələdə diferensial yanaşma qorunmalıdır.

Nazirin sözlərinə görə, ixtisaslar üzrə təhsil müddəti məmurların və ya siyasətçilərin şəxsi rəyi əsasında deyil, əmək bazarının tələbləri, sahə mütəxəssisləri və işəgötürənlərin qiymətləndirməsi nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Emin Əmrullayev 12 illik təhsil sisteminə keçidlə bağlı da açıqlama verib.

“Yaxın aylarda 12 illik təhsil sisteminə keçid gündəmdə deyil”, – nazir bildirib.

O, şagird və müəllimlər üçün vahid qaydaların tətbiqi məsələsinə də toxunub. Nazir bildirib ki, hazırda şagird və müəllimlər üçün bu istiqamətdə vahid qaydalar mövcud deyil, lakin məsələ ilə bağlı işlər davam etdirilir.

“Yaxın dövrdə olmasa da, növbəti illər üçün bu məsələ planlaşdırılır”, – Emin Əmrullayev deyib.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox