"Bakı şəhərinin PISA-da riyaziyyat üzrə 465 bal toplaması təhsilimiz üçün çox yaxşı nəticədir"
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir PISA bal şkalasının mahiyyətinə toxunaraq bildirib ki, bu göstəricilər şagirdlərin nəticələrini müxtəlif illərdə və ölkələr arasında müqayisə etməyə imkan verir.
E.Əmrullayev qeyd edib ki, PISA-da 500 bal şərti orta göstərici kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, konkret balın mənası yalnız rəqəmlə deyil, həmin şkalanın hansı nəticəni ifadə etməsi ilə bağlıdır.
"Kiməsə deyəndə ki, bu uşaq 497 bal toplayıb, bizim cavabımız olmalıdır ki, həmin uşaq bu balı göstərib. Riyaziyyatdan 497 bal o deməkdir ki, bu nəticə 2003-cü ildə İƏTD ölkələrində müəyyən edilmiş orta göstərici ilə müqayisə olunur. 500 balın da məhz belə bir mənası var",- deyə nazir bildirib.
Nazir Bakı üzrə nəticələrə də diqqət çəkib. O bildirib ki, paytaxtın riyaziyyat üzrə göstəricisi 465 bal təşkil edib.
E.Əmrullayevin sözlərinə görə, 81 ölkə və regionun iştirak etdiyi qiymətləndirmədə Bakı riyaziyyat üzrə 29-cu yerdə, Azərbaycanın nəticəsi isə 49-cu yerdə qərarlaşıb.
"Bakı şəhərinin riyaziyyat göstəricisi 465 baldır. Məncə, bu, təhsilimiz üçün çox yaxşı nəticədir. Bir Bakı şəhəri bütövlükdə bəzi inkişaf etmiş ölkələrlə müqayisədə riyaziyyat nəticələrində irəlidədir",- deyə elm və təhsil naziri qeyd edib.
Nazir bu nəticənin Azərbaycanda riyaziyyat tədrisinə göstərilən diqqətin və riyaziyyat müəllimlərinin fəaliyyətinin göstəricilərindən biri olduğunu vurğulayıb.
E.Əmrullayev bildirib ki, PISA nəticələri riyaziyyat təlimində əldə olunan irəliləyişləri və bu istiqamətdə görülən işlərin nəticələrini qiymətləndirməyə imkan verir.