Azedu.az

Rektorlar tələbələri belə təbrik etdi...

Rektorlar

15 Sentyabr 2026, 13:20
Rektorlar tələbələri belə təbrik etdi...

Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik Günü” qeyd olunur.

Universitet rektorları öz feysbuk hesablarında paylaşımlar edərək, tələbələri və professor-müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir. 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Əziz UNEC ailəsi!

Bu gün yeni dərs ili başlayır. UNEC üçün bu, yeni ideyaların, yeni təşəbbüslərin, yeni imkanların başlanğıcı deməkdir.

Əziz müəllimlər!

Siz tələbələrin düşüncə memarısınız və düşüncə tərzi, məsuliyyət, peşəkarlıq və gələcəyə inam formalaşdırırsınız. Siz gənclərin gələcəyinə toxunursunuz. Bəzən sizin verdiyiniz bir sual, bir tövsiyə və ya sadəcə tələbənizə göstərdiyiniz inam böyük bir uğurun başlanğıcına çevrilir.

Əziz əməkdaşlar!

UNEC-in hər bir uğurunun arxasında sizin gündəlik zəhmətiniz dayanır. Sizin peşəkarlığınız və gündəlik əməyiniz UNEC-i hər gün bir addım irəli aparır.

Əziz tələbələr!

Hər biriniz UNEC-ə xoş gəlmisiniz! Yeni dərs ilində hər birinizə sağlamlıq, bol enerji və çoxlu uğurlar arzulayıram.

Qoy bu tədris ili UNEC ailəsi üçün uğurlu, xeyirli, düşərli, yeni-yeni uğurlu başlanğıclar ili olsun!

Yeni dərs iliniz mübarək, əziz UNEC ailəsi!

Uğurlar, UNEC!

Hər şey daha da yaxşı olacaq!"

189362

Qarabağ Universitetinin (QU) rektoru Şahin Bayramov:

"15 sentyabr Azərbaycanda Bilik Günüdür! Eyni zamanda, bu gün 2026/2027-ci tədris ilinə start veririk!

Bu münasibətlə, Qarabağ Universitetinin tələbə və əməkdaşlarını ürəkdən təbrik edirik!

Üçüncü tədris ilndə Qarabağ Universitetində 3300-dən artıq tələbə təhsil alacaq, 500-ə yaxın əməkdaş fəaliyyət göstərəcəkdir.

Tələbə qəbulunda yüksək kəmiyyət və keyfiyyət göstəriciləri, ingilis dilində tədris imkanları və İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramı ilə xarakterizə olunan yeni tədris ilinin Qarabağ Universitetinin strateji hədəflərinə doğru mühüm bir mərhələ olacağına inanırıq.

Yeni tədris ilində müasir tədris texnologiyalarının tətbiqi, infrastrukturun gücləndirilməsi, tələbə məmnunluğunun artırılması, tədqiqat fəaliyyətinin və innovativ təşəbbüslərin genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi, yüksək keyfiyyətli kliniki xidmətlərin göstərilməsi prioritetlərimiz sırasında olacaqdır.

Yüksək akademik nəticələr göstərərək Qarabağ Universitetinin tələbəsi adını qazanan gəncləri və müvafiq seçimlərdə uğur qazanaraq heyətimizə yeni qoşulan əməkdaşları ayrıca təbrik edir, seçimlərinə görə hər birinə təşəkkür edirik.

Yeni tədris ilimiz mübarək olsun!

Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"

189363

 

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"Yeni tədris ili – yenilənən universitet, yeni hədəflər!

15 Sentyabr – Bilik Günü və 2026/2027-ci tədris ilinin başlanması münasibətilə Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyətini, tələbə və magistrantlarımızı səmimi-qəlbdən təbrik edir, uğurlar arzulayıram!

Bilik Günü yeni başlanğıcların, yeni hədəflərin və yeni uğurların müjdəçisidir. MDU ailəsinə yeni qoşulan tələbələrimizi də xüsusi olaraq təbrik edirəm!

Yeni tədris ilində tələbə və magistrantlarımızı yenilənmiş, müasir və daha əlverişli universitet mühitində qarşılayacağıq.

İnanıram ki, yeni tədris ili hər birimiz üçün yeni biliklər, uğurlar və inkişaf imkanları ilə yadda qalacaq.

15 Sentyabr – Bilik Günümüz və yeni tədris ilimiz mübarək!

Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!"

189361

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

"Əziz tələbələr, hörmətli müəllimlər və dəyərli valideynlər,

Yeni tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, uğurlar arzulayıram.

Yeni tədris ili yeni hədəflər, yeni biliklər və yeni imkanlar deməkdir. Əminəm ki, bu il də Bakı Ali Neft Məktəbi olaraq qarşıya qoyduğumuz məqsədlərə birlikdə nail olacaq, yeni uğurlara imza atacağıq.

Əziz tələbələr,

Sizi qarşıda maraqlı və zəngin tədris ili gözləyir. Qarşınıza qoyduğunuz məqsədlərə inanın, öyrənməkdən, araşdırmaqdan və yeni ideyalar yaratmaqdan çəkinməyin.

İnanıram ki, siz bu il də əldə etdiyiniz nailiyyətlərlə ailələrinizi, müəllimlərinizi və BANM ailəsini qürurlandıracaqsınız.

Hər birinizə məhsuldar və yaddaqalan tədris ili arzulayıram!"

189364

 

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev:

"Əziz tələbələr, hörmətli professor-müəllim heyəti və dəyərli Naxçıvan Dövlət Universitetinin kollektivi!

Sizi 15 Sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm!

Ötən tədris ilini mühüm yeniliklər, əlamətdar nailiyyətlər və qarşıya qoyduğumuz yeni hədəflərlə başa vurduq. Naxçıvan Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat imkanlarının genişləndirilməsi, müasir təhsil mühitinin formalaşdırılması və beynəlxalq əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldı.

Yeni tədris ili hər birimiz üçün yeni hədəflərin, böyük ümidlərin, elmi axtarışların və uğurların başlanğıcıdır. Təhsil yalnız bilik qazanmaq deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli, yüksək intellektə və güclü vətəndaş mövqeyinə malik şəxsiyyət yetişdirməkdir.

Əminəm ki, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin fədakar əməyi, tələbələrimizin əzmi və gənclərimizin yeniliklərə açıq dünyagörüşü qarşıya qoyduğumuz hədəflərə çatmaqda əsas dayaqlarımız olacaq.

Universitetimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və tələbələr üçün daha geniş imkanların yaradılması istiqamətində işlərimizi yeni tədris ilində də əzmlə davam etdirəcəyik.

Əziz tələbələr,

Qarşıda sizi bilik, dostluq, yeni təcrübələr və böyük imkanlarla zəngin bir yol gözləyir. Bu yolu inamla, əzmlə və məsuliyyətlə addımlayın.

Hər birinizə möhkəm cansağlığı, bol enerji, yaradıcılıq, elmi nailiyyətlər və uğurlu tədris ili arzulayıram!"

 

Rusiyadan Ermənistana sərt cavab - İstədiyiniz olmayacaq!
Son xəbərlərDaha çox