Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.
Rektorlar öz rəsmi feysbuk səhifələrində paylaşımlar edərək professor-müəllim heyətini təbrik edib, onlara uğurlar, sağlamlıq və yaradıcılıq dolu bir gələcək arzulayıblar.
AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Ədalət Muradov:
"Əziz UNEC Müəllimi!
Bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü, Sizin gününüzdür! Bu münasibətlə hər birinizi ürəkdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, tükənməz enerji və xoşbəxtlik arzulayıram. Gününüz mübarək, əziz UNEC Müəllimi!
Məlum olduğu kimi, universitet bilik ötürən məkanlarla yanaşı, həm də ideyaların doğulduğu, gələcəyin formalaşdığı, cəmiyyətin intellektual sütunlarının ucaldığı müqəddəs ocaqdır. UNEC də məhz belə ocaqlardandır və təkcə mütəxəssislərin deyil, eləcə də düşünən, məsuliyyət daşıyan, ölkəsinin gələcəyini anlayan və onu qurmağa hazır olan vətəndaşların yetişdiyi bir dəyər məkanıdır. Bu gün UNEC tarixi bir mərhələdədir. Qlobal təhsil sistemi sürətlə dəyişir, universitetlər, o cümlədən UNEC artıq yalnız lokal yox, beynəlxalq miqyasda rəqabət aparır. Elmi məhsuldarlıq, akademik etika, innovasiya, süni intellekt, rəqəmsal transformasiya, sosial təsir və milli dəyərlərin qorunması müasir universitet modelinin ayrılmaz hissəsinə çevrilib. Bu rəqabətdə UNEC ildən ilə daha da güclənir. THE 2027-nin açıqladığı son reytinqdə UNEC keçən illə müqayisədə 162 pillə irəliləmiş, təkcə Azərbaycanda deyil, həm də Cənubi Qafqazda lider universitetdir. Bir sıra nüfuzlu universitetləri geridə qoyaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə UNEC TOP 10 universitetlər sırasına yüksəlmişdir. Amma buna baxmayaraq, UNEC baş verən sürətli dəyişikliklərin kənarında qala bilməz və qalmayacaq. Lakin bir həqiqəti açıq deməliyik ki, universitetdə heç bir strategiya, heç bir proqram, heç bir reytinq hədəfi Müəllim faktoru olmadan reallaşa bilməz. UNEC-in real gücü onun auditoriyalarında, kafedralarında, laboratoriyalarında çalışan SİZsiniz. UNEC Sizin əməyinizlə yaşayır, Sizin məsuliyyətinizlə böyüyür, Sizin fədakarlığınızla güclənir.
Bəli, sübut olunub ki, insan özünü aid etdiyi quruma daha çox töhfə verir, onun problemlərini şəxsi məsələ kimi qəbul edir, uğurlarını öz uğuru sayır. UNEC-ə töhfə vermək yalnız vəzifə borcu deyil. Bu, peşəkar ləyaqət məsələsidir.
UNEC sadəcə bir iş yeri deyil, ölkəmizin intellektual kapitalının mühüm hissəsidir. Möhtərəm cənab Prezident İlham Əliyevin elmə, təhsilə, gəncliyə verdiyi yüksək dəyər bizə aydın yol xəritəsi təqdim edir. Eləcə də, Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitetə çevrilməlidir!" tapşırığı bizim üçün güclü motivasiya, böyük enerji mənbəyi və ciddi məsuliyyət yaradır! Bu, həm də bizə inam və etimad göstəricisidir! Bu etimadı doğrultmaq üçün durmadan çalışmağa davam edəcəyik!
Əziz UNEC Müəllimi,
UNEC-in sabahı bu gün atdığımız addımlardan asılıdır. Sizin hər birinizin auditoriyadakı mövqeyiniz, yanaşmanız, hər bir qərarınız UNEC-in gələcək simasını müəyyən edir. Biz bir-birimizə güvənəndə, eyni məqsədə xidmət edəndə, institusional maraqları üstün tutanda böyük nəticələr əldə edə bilərik. UNEC-in inkişafına töhfə vermək bəzən böyük layihələrdən yox, kiçik, lakin səmimi addımlardan başlayır. Mən UNEC Müəlliminə inanıram! İnanıram ki, universitetimizin böyük intellektual potensialı, güclü mənəvi dayaqları və sağlam akademik ruhu var. Biz bu potensialı birlikdə reallaşdırmaqla UNEC-i region deyil, dünya səviyyəli bir universitetə çevirəcəyik. UNEC-i qürur duyduğumuz dəyər edəcəyik. UNEC-in inkişafına birlikdə töhfə verəcəyik.
Çünki UNEC bizim ortaq məsuliyyətimiz, ortaq taleyimiz və ortaq gələcəyimizdir. Biz birlikdə güclüyük!
Uğurlar, UNEC Müəllimi!
Hər şey daha da yaxşı olacaq!"
Naxçıvan Dövlət Universitetinin rektoru, Elbris İsayev:
"Əziz müəllimlər!
5 Oktyabr – Müəllimlər Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
Müəllimlik peşəsi bilik öyrətmək,insan yetişdirmək, gələcəyə yol göstərmək, bir gəncin həyatına toxunmaq və onun uğuruna öz töhfəsini verməkdir.
Yetirmələrinizin uğurları hər zaman sizin ən böyük qürur mənbəyiniz olsun. Sizə möhkəm cansağlığı, ailə səadəti, yaradıcılıq uğurları və bu şərəfli yolda sonsuz güc arzulayıram.
Müəllimlər Gününüz mübarək!"
Bakı Slavyan Universitetinin rektoru, Anar Nağıyev:
"Əziz müəllimlər!
Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!"
Mingəçevir Dövlət Universitetinin rektoru, Anar Eminov:
"Əziz müəllimlər, dəyərli həmkarlar!
Müəllimlik yalnız bilik vermək deyil, gələcəyimizi inşa etmək kimi müqəddəs bir missiyadır. Cəmiyyətimizin inkişafında və savadlı gənclərin yetişməsində hər birinizin əvəzsiz zəhməti var.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivi timsalında ölkəmizin bütün fədakar müəllimlərini ürəkdən təbrik edir, hər birinizə cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!"

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:
"Qarabağ Universitetinin əziz və dəyərli müəllimləri!
Sizi, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə elmi-pedaqoji fəaliyyətdə və şəxsi həyatda bol-bol uğurlar arzulayırıq!
Siz, tələbələrimizin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi üçün əsl fədakarlıq göstərirsiniz!
Siz, tələbələrimizin milli-mənəvi dəyərlərimizə sahib layiqli vətəndaşlar olması üçün yorulmadan çalışırsınız!
Siz, müəllim adını şərəflə daşıyırsınız!
Müəllimlik peşəsini seçdiyinizə və məhz Qarabağ Universitetinin müəllimi olduğunuza görə hər birinizə təşəkkür edirik!
Sizinlə qürur duyuruq!
Gününüz mübarək olsun!
Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov:
"5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü dünyanın ən şərəfli və müqəddəs peşə sahiblərinin bayramıdır. Müəllimlik sadəcə bilik ötürən peşə deyil, o, cəmiyyəti formalaşdıran sönməyən bir məşəl, gələcək nəsillərin yolunu işıqlandıran müqəddəs bir missiyadır.
Tarix boyu dahi mütəfəkkirlər və böyük dövlət xadimləri bu sənətin ucalığını ən yüksək zirvəyə qaldırmışlar. Təsadüfi deyil ki, dahi mütəfəkkirlər və dövlət xadimləri bu peşəyə hər zaman ən yüksək dəyəri vermişlər. Ümummilli Lider Heydər Əliyev: “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyərək təhsil işçilərinin cəmiyyətdəki yerini müstəsna dəqiqliklə müəyyən etmişdir. Antik dövrün böyük filosoflarından Platon müəllimliyi “Tanrı sənəti”, Sokrat isə “bütün maddi dəyərlərdən uca duran mənəvi əmək” kimi xarakterizə edərək bu peşənin bəşəri əhəmiyyətini vurğulamışlar.
Xalqımızın çoxəsrlik tarixində müəllimlərimiz hər zaman tərəqqinin, milli dirçəlişin və intellektual inkişafın əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu ad cəmiyyətimizdə hər zaman kamillik, mənəvi bütövlük və yüksək ləyaqət simvolu kimi qəbul edilib. Müəllim işığından bəhrələnən hər bir nəsil öz ustadlarının mənəvi keyfiyyətlərini əxz edərək dövlətimizə və millətimizə layiqli vətəndaş kimi yetişməyə can atmışdır.
Bu gün biz böyük bir tarixi qürur və iftixar hissi ilə vurğulayırıq ki, müəllim ordumuzun vətənpərvərlik, milli qürur və dövlətçilik ruhunda tərbiyə etdiyi gənc nəsil şanlı Zəfərimizin qəhrəmanlarına çevrildilər. Məhz onların əzmi, dəyanəti və sarsılmaz rəşadəti sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad olundu, Qarabağ nisgilimizə birdəfəlik son qoyuldu. Bu müqəddəs Zəfər yolunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman təhsil işçilərimizi və məzunlarımızı dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram. Onların fədakarlığı həm də təhsilimizin və müəllimlərimizin vətənə verdiyi ən böyük töhfədir.
Müasir Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllim nüfuzunun artırılması dövlət siyasətinin ən mühüm prioritetlərindən biridir. Elm və Təhsil naziri Emin Əmrullayevin qeyd etdiyi kimi:
“Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın uğurlarında, xalqımızın zəfərlərində sənin əməyin əvəzsizdir. Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır”.
Son illər həyata keçirilən uğurlu islahatlar nəticəsində ən hazırlıqlı, istedadlı və yüksək intellektli gənclərin müəllim peşəsinə üz tutması bizləri gələcəyin qurucularının inkişafına daha böyük diqqət və qayğı ilə yanaşmağa səfərbər edir. Tam qətiyyətlə və fəxrlə bildirirəm ki, Lənkəran Dövlət Universitetində və onun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecdə formalaşan professor-müəllim heyəti, həmçinin hazırlanan gənc kadrlar öz yüksək peşəkarlığı, elmi potensialı və vətənpərvərliyi ilə fərqlənirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu strateji hədəf də məhz budur: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”. Biz də LDU ailəsi olaraq bu ali məqsəd uğrunda var gücümüzlə çalışırıq.
Əziz müəllimlər və gələcəyin pedaqoqları olan hörmətli tələbələrimiz!
Bu gün sizin şərəfli əməyinizin, fədakarlığınızın və cəmiyyət qarşısındakı müstəsna xidmətlərinizin təntənəsi günüdür. Lənkəran Dövlət Universitetinin və Sosial və Aqrar-Texnoloji Kollecin çox hörmətli professor-müəllim heyətini, bütün pedaqoji kollektivini və gələcəyin işıqlı müəllimləri olmaq yolunda irəliləyən tələbələrimizi bir daha ürəkdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi və gənc nəslin yetişdirilməsi kimi məsuliyyətli, eyni zamanda olduqca şərəfli fəaliyyətinizdə yeni-yeni elmi və pedaqoji uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov:
"Əziz müəllimlər! Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!"