“PISA-nın əsl dəyəri yalnız rəqəmlərdə deyil, şagirdin biliklərini real həyatda tətbiq edə bilməsindədir”.
AzEdu.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.
Elçin Babayev bildirib ki, 2025-ci il PISA qiymətləndirməsinin nəticələrinə əsasən, Azərbaycan əvvəlki qiymətləndirmə dövrləri ilə müqayisədə riyazi savadlılıq, təbiət elmləri və oxu üzrə əhəmiyyətli irəliləyiş göstərib.
“PISA-nın əsl dəyəri yalnız rəqəmlərdə deyil, şagirdin biliklərini real həyatda tətbiq edə bilməsini, problemləri həll etməsini və düşünməsini qiymətləndirməsindədir. Əldə olunan nəticə uğurlu nəticə olsa da, heç də son nöqtə deyil. Bu, yeni mərhələnin, yeni uğurların başlanğıcıdır. Bu yolda hamınıza uğurlar diləyirik.
Daha təhsilli gələcək daha güclü insan kapitalı deməkdir. Bu, həm də innovativ, daha davamlı və texnoloji inkişaf, daha yüksək sosial rifah, etibarlı təhlükəsizlik, dayanıqlı və güclənən cəmiyyət deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Möhtərəm cənab Prezident müasir informasiya mühiti, internet, kibertəhlükəsizlik və süni intellektlə bağlı risklərdən danışarkən bildirib: “İdeoloji risklər sərhəd tanımır”. Ardından isə çox mühüm bir sualın cavabını verib: “Necə, yəni bu risklərdən necə qorunmaq olar?” Cavab isə ilk növbədə, əlbəttə ki, təhsil oldu.
Risklərdən qorunmağın yollarından danışarkən cənab Prezident təhsilin rolunu xüsusi vurğuladı:
“Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu yalançı təbliğatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik”.
Bu fikir təhsilin müasir cəmiyyətdə daşıdığı məsuliyyəti çox aydın şəkildə ortaya qoyur.
Hörmətli forum iştirakçıları, bu gün universitetin missiyası yalnız mütəxəssis hazırlamaq deyil. Müasir universitet yeni bilik yaradan, elmi tədqiqatları və innovativ yanaşmaları dəstəkləyən intellektual mərkəzdir”.