Azedu.az

Rektorlar yeni tələbələrə belə SƏSLƏNDİ

Rektorlar

25 Avqust 2026, 15:32
Rektorlar yeni tələbələrə belə SƏSLƏNDİ

Dünən ixtisas seçiminin nəticələri açıqlanıb və bununla da abituriyentlərin illərdir göstərdikləri səylərin nəticəsi bəlli olub.

İxtisas seçimi nəticəsində tələbə adını qazanan gəncləri rektorlar da təbrik edərək onlara yeni təhsil həyatlarında uğurlar arzulayıblar.

AzEdu.az rektorların paylaşımlarını təqdim edir: 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"Qarabağ Universitetinin tələbəsi adını qazanan bütün gəncləri, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edirik!

Əziz tələbə dostlar!

Seçiminizə görə təşəkkürümüzü bildiririk!

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz!".

188355

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov:

"Bir xəyalın arxasınca düşüb onu gerçəyə çevirmək ən böyük qələbədir. Bu qələbənin memarı sizsiniz!

Artıq yeni bir başlanğıcın astanasındasınız. Qarşıda sizi yeni dostluqlar, böyük təcrübələr və parlaq gələcək gözləyir.

Tələbə adınız mübarək, Mingəçevir Dövlət Universitetinə xoş gəlmisiniz!".

188356

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov:

"BANM tələbəsi adını qazanan Əziz gənclərimiz!

Sizi Bakı Ali Neft Məktəbinə qəbul olmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Bu gün sizin üçün yeni bir mərhələ başlayır. BANM ailəsinə qəbul olmaqla böyük bir yolun ilk addımını atmısınız. Bundan sonra sizi yalnız dərslər və imtahanlar deyil, yeni dostluqlar, fərqli təcrübələr, maraqlı layihələr və özünüzü inkişaf etdirəcəyiniz çoxlu imkanlar gözləyir.

Əminəm ki, Bakı Ali Neft Məktəbində yalnız yaxşı mütəxəssis deyil, cəmiyyətimizə fayda verən şəxsiyyət kimi formalaşacaqsınız.

Uğur qazanmağınızda böyük zəhməti olan valideynlərinizi və müəllimlərinizi də bu münasibətlə təbrik edir, gözaydınlığı verirəm.

Əziz tələbələrimiz, sizə uğurlar arzulayıram!
Bakı Ali Neft Məktəbinə xoş gəlmisiniz!".

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev:

"Əziz tələbələr!

Bakı Slavyan Universitetinə qəbul olunmağınız münasibəti ilə sizi təbrik edir, müasir dillərin öyrənilməsi və pedaqoji təhsilin mükəmməllik mərkəzində hər birinizi salamlayıram.

Yazılacaq yüzlərlə uğur hekayəsinin başlanğıcında hər birinizə uğurlar arzu edirəm!

Bakı Slavyan Universiteti ailəsinə xoş gəlmisiniz!".

188358

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:

"Naxçıvan Dövlət Universitetinə qəbul olunan bütün tələbələrimizi ürəkdən təbrik edirəm!

Bu uğur münasibətilə ilk növbədə əzmkarlığı, zəhməti və inamı ilə bu günə gəlib çatan gənclərimizi, onların sevincini və həyəcanını illərlə paylaşan dəyərli valideynlərini, eləcə də bu uğurda böyük əməyi olan müəllimlərini səmimi-qəlbdən təbrik edirəm.

Bu uğur - yeni bir başlanğıc, yeni ümidlər və böyük arzular deməkdir. İnanıram ki, Naxçıvan Dövlət Universitetinə qədəm qoyan gənclərimiz qarşıdakı illərdə də uğurları ilə ailələrini, müəllimlərini və doğma vətənimizi qürurlandıracaqlar.

Əziz tələbələr, yolunuz açıq, uğurlarınız davamlı, tələbəlik illəriniz isə yaddaqalan olsun!

Hər birinizə uğurlar arzulayıram! Təbrik edirəm!".

188359

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev:

"Əziz gənclər!

Həyatınızın yeni və mühüm mərhələsinə qədəm qoyursunuz. Bu gündən etibarən siz də böyük BDU ailəsinin bir üzvüsünüz!

Bakı Dövlət Universiteti 107 illik tarixi, zəngin elmi ənənələri və nüfuzlu akademik mühiti ilə Azərbaycanın aparıcı universitetlərindən biridir. Bu gün siz də bu böyük universitetin tələbəsi olursunuz. İnanıram ki, BDU-da atdığınız ilk addım gələcək uğurlarınız üçün möhkəm təməl olacaq.

BDU Azərbaycanda elmin və təhsilin inkişafında, milli düşüncənin və ziyalı mühitinin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin məzunu olduğu Universitetimiz bu gün də zəngin ənənələrini qoruyaraq yeniliyə, müasirliyə və gələcəyə açıqdır.

BDU-da sizi yalnız auditoriyalar və dərslər deyil, zəngin tələbəlik həyatı da gözləyir. Yeni dostluqlar, maraqlı ideyalar, elmi axtarışlar, müxtəlif layihələr və bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün geniş imkanlarınız olacaq.

Universitet illərinizdən səmərəli istifadə edin, yeni biliklər qazanmağa, təşəbbüskar və əzmkar olmağa çalışın. Qarşınıza məqsədlər qoyun və onlara doğru inamla addımlayın.

Universitet illəri gələcək peşə yolunuzu formalaşdırmaq, yeni dostlar qazanmaq və həyatınızın ənn yaddaqalan anlarını yaşamaq üçün mühüm bir dövrdür. İnanıram ki, burada qazandığınız bilik və bacarıqlar gələcəkdə həm şəxsi uğurlarınıza, həm də ölkəmizin inkişafına töhfə verəcək.

Qoy BDU-da keçirəcəyiniz illər bilik, inkişaf, dostluq və uğurlarla yadda qalsın.

Böyük BDU ailəsinə xoş gəlmişsiniz!
Uğur nəsibiniz olsun!".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov: 

"ADNSU tələbəsi adını qazanan Əziz gənclərimiz!

Sizi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Siz 100 ildən artıq mühəndislik ənənəsi olan böyük bir universitet ailəsinə qoşulursunuz. Qarşıda sizi keyfiyyətli təhsil, tədqiqat və innovasiya imkanları, sənaye ilə əməkdaşlıq, beynəlxalq mübadilə proqramları və zəngin tələbə həyatı gözləyir.

Bu uğurunuzda əməyi olan valideynlərinizi və müəllimlərinizi də təbrik edirəm.

ADNSU-ya xoş gəlmisiniz!

Sizi qarşıda maraqlı, tələbkar və böyük imkanlarla zəngin tələbəlik illəri gözləyir".

Rus agentlərinə qarşı əməliyyat - Köçəryan tutuldu! ANBAAN VİDEO
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox